Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda “ağ soyqırım”: Güdaza gedən xəstələr



Azərbaycanda səhiyyənin hansı durumda olduğu hər kəsə bəllidir. Həkim səhlənkarlığı üzündən bədbəxt hadisələrin sayı artıb, ancaq bu səhiyyə üçün adi hala çevrilib. Olay baş verir, hadisənin “qəhrəmanı” açıqlanır, müəyyən vaxt ərzində guya məsələ araşdırılır. Amma nə əsl günahkar bəlli olur, nə də araşdırmaların nəticələri ictimaiyyətə açıqlanır. Beləcə də məsələ qapanır, unudulur... Bu dəfə həkim səhlənkarlığı üzündən baş verən xoşagəməz hadisə Sabirabadda yaşanıb. Belə ki, bir il əvvəl əməliyyat edilən xəstənin bədənindən yad cisim çıxıb.

Rayon Mərkəzi Xəstəxanasında uşaqlığından əməliyyat edilən Zeyniyeva Əsli son günlər qarın nahiyəsindəki küt ağrılar səbəbindən Respublika Kliniki Xəstəxanasına müraciət edib. Müayinə zamanı məlum olub ki, qadının bədənində əməliyyatdan sonra tənzif parçası qalıb. Zeyniyeva Əslini Bakıda əməliyyat edən həkim Pənah Hüseynov bildirib ki, qadının kor bağırsaq nahiyəsində aşkarlanan tənzif uzun müddət orada qaldığından çürüyərək bağırsağa da mənfi təsir göstərib. Qadını bir il əvvəl əməliyyat edən həkim Şahin Cəfərov bunu normal hal kimi qiymətləndirib və belə halların tez-tez yaşandığını gizlətməyib. O, tənzifin tibb bacılarından biri tərəfindən unudula biləcəyini də istisna etməyib: “Əməliyyatdan sonra tənzif bir-bir sayılır. İndi mən bilmirəm ki, həmin gün hansı tibb bacısı işləyib. Əgər belə bir hal baş veribsə, görək hansı tibb bacısının növbəsində olub”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən hər hansı mövqe ala bilmədik.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə deyib ki, bütün bu kimi faktlar araşdırılmalı və lazım olan tədbirlər də görülməlidir:

“Əməliyyat zamanı qarın boşluğu bağlanmazdan əvvəl həkim tənzifləri saymır, bunu tibb bacıları sayır. Əməliyyat bitənə yaxın soruşurlar ki, hər şey hesablanıb, sayılıbmı? Deyirlər ki, bəli, sayılıb. Ondan sonra qarın boşluğu bağlanır. Bunun məhz məsuliyyəti tibb bacısının üzərinə düşür, həkimin deyil. Belə bir şey tapılıbsa, birbaşa tibb  bacısının günahı var. Çünki həkim onun sözünə arxayın olub və qarın boşluğunu bağlayıb”.

Adil Qeybulla qeyd edib ki, bu məsələ ictimaiyyətin həll edəcəyi məsələ deyil:

“Bu məsələ ekspertiza və onun rəyi nəticəsində məhkəmənin işidir. Məhkəmə də özbaşına qərar qəbul edə bilməz. Burada deyək ki, baş verən hər bir ölüm halında həkim günahkardır, o da düzgün olmaz. Məsələnin ağırlıq dərəcəsi, riski var. Burada həkim səhvlərinin də olduğunu da inkar etmək olmaz. Belə hallar olduqda Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzi məlumat verə bilər ki, filan məsələ ilə bağlı araşdırma aparıldı və hansı tədbirlər görüldü. Əslində bu cür tədbirlər görülür. Siz bilməsəniz də biz bilirik ki, həmin adamlar müəyyən cəza tədbirlərinə, xəstəyə kompensasiya ödəmək və digər cəzalara məruz qalır. Yəni bu elə-belə ötüşmür”.

Xatırladaq ki,  ötən ilnin dekabrında "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından 20 yaşlı qız komaya düşüb və daha sonra dünyasını dəyişib. 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anju olunub. Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin ölümünə səbəb olub. Həmin faktla bağlı araşdırmaların nəticələri hələ də ictimaiyyətə açıqlanmayıb. Ümumiyyətlə, həkim səhvi ucbatından bu kimi onlarla faktı nümunə gətirə bilərik. Amma bu hallarla bağlı hələ də cəzalanan həkim olmayıb...

AlçinaAmilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений