Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda dəhşətli intihar silsiləsi: 36 gündə 13 ölüm



Psixoloqlar payız-qış mövsümündə intiharların sayının artmasını soyuq fəsillərdə insanların daha çox depressiyaya düşməsi ilə əlaqələndirirlər. Həqiqətən də isti aylarla müqayisədə ilin soyuq fəsillərində daha çox intihar hadisəsi qeydə alınır.

Millət vəkili Musa Quliyev isə dəfələrlə Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda intiharların sayının artmasında sosial-iqtisadi problemlər dayanmır. Millət vəkili bu fikrini onunla izah edib ki, bu gün sosial və iqtisadi problemlərin cəmiyyətə təsir etmədiyi ölkələrdən biri olan Norveçdə də insanlar intihar edir. Hətta, Norveç intihar statistikasına Azərbaycan kimi ölkələrdən daha öndə qərarlaşır. Millət vəkilinin bu sözləri ilə razılaşan psixoloqlar da bildirir ki, insanlar vəziyyətdən çıxış yolu axtarmırlar. İradəcə zəif olan bu cür insanlar daha çox intihara meyilli olurlar.

Son bir neçə gündə davamlı olaraq izlədiyimiz intihar xəbərləri bizə son bir ay və ay yarım ərzində baş verən intihar xəbərlərini toplamağa vadar edib. Noyabrdan bu günədək baş verən intihar hadisələrinə nəzər salaq:

Noyabrın 3-də Bakıda bir nəfər intihara cəhd edib.

Xətai rayonunda 1 nəfər intihar məqsədilə ticarət mərkəzinin damına çıxıb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar.

Noyabrın 3-də Masallıda daha bir intihar hadisəsi baş verib.

Rayonun Qızılavar kənd sakini, 1969-cu il təvəllüdlü Fətullayev İntiqam Ərşad oğlu keçmiş qayınatasının evində özünü zəhərləyib. Sirkə turşusu içərək həyatına qəsd edən 48 yaşlı kişi xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Bildirilir ki, İ.Fətullayevlə həyat yoldaşı bir müddət əvvəl boşanıb. Lakin onlar arasındakı münaqişə davam edirmiş. 48 yaşlı kişi keçmiş həyat yoldaşını evinə qaytarmaq istəyirmiş.

Noyabrın 6-da Bakıda meyiti tapılan gəncin intihar etdiyi məlum olub.

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun özünü asdığı müəyyənləşib.

Noyabrın 8-də Bakıda intihara cəhdin qarşısı alınıb.

Bakının Xətai rayonunda 1 nəfər intihar məqsədilə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanına çıxıb.

Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşla müvafiq söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar.

Noyabrın 12-də zorla ərə verilən qız özünü binadan atıb. İntihar hadisəsi paytaxtın Nizami rayonunda  baş verib.

Gənc qız Qara Qarayev prospekti məhəllə 2517/2518 ünvanında yerləşən 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.

Təxminən 22 yaşlarında olan qız hadisə yerində vəfat edib. Şahidlərin bildirdiyinə görə, gənc qız qeyd edilən binada yaşamır. Onun Şamaxı rayon sakini olduğu bildirilir.

Məlumata görə, qız zorla ərə verildiyi üçün evdən qaçıb və həmin binaya gələrək özünü balkondan aşağı atıb.

Noyabrın 12-də Bakıda gənc oğlan intihara cəhd edib.

Səbail rayonu Ə.Nəzmi küçəsində yaşayan, 1991-ci il təvəllüdlü Camalxanov Turxan Elxan oğlu yaşadığı ünvanda psixotrop dərmanı içib.

O, travmatoloji xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Noyabrın 13-də Bakıda naməlum kişi intihara cəhd edib. Nəsimi rayonu ərazisində, metronun “20 Yanvar” stansiyası yaxınlığında 45-50 yaşlarında kişi beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib.

Hadisə yerinə gələn polis əməkdaşları cəhdin qarşısını alıblar.

Özünü binadan atmaq istəyən kişinin qollarını da kəsdiyi məlum olub. İlkin məlumata görə, o, borcu olduğu üçün canına qəsd etmək istəyib.

Noyabrın 14-də Ağdamda 1970-ci il təvəllüdlü Bəhlul Əmirov özünü yandırmağa cəhd göstərib. B. Əmirovun intihar cəhdi ilə  bağlı təfərrüatlar məlum olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə açıqlamasında bildirib ki, bu, B.Əmirovun artıq 4-cü özünə qəsd faktıdır:

“Əvvəllər dəfələrlə məhkum edilmiş Bəhlul Əmirov adının hallandığı sonuncu xırda talama faktı üzrə aparılan araşdırmadan narazı olduğu üçün istintaq orqanları qarşısında qanunsuz tələblər irəli sürərək, işin gedişatına həyatına qəsd etməklə təsir göstərməyə çalışıb. Bu, artıq ilk şantaj fakt deyil ki, o, həyatına qəsd edərək polisə, hüquq-mühafizə orqanlarına təzyiq göstərmək istəyir. Çox təəssüf doğurucu haldır ki, bu şəxs artıq həyatına qəsd etməyi pis vərdiş halına çevirib”.

O.Mansurzadə vurğulayıb ki, hadisə baş verən zaman ərazidə xidmət aparan mühafizə polisi əməkdaşlarının ayıqlığı və çevik reaksiyası nəticəsində B.Əmirovun həyatı xilas edilib.

Noyabrın 18-də 1976-cı il təvəllüdlü Pərviz Əlizahab oğlu Rəhmanov yaşadığı evdə özünü asaraq intihar edib.

Noyabrın 21-də Astara rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Şümrüd kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Musayev Vasif Cavad oğlu özünü yaşadığı evin həyətində asıb. Yaxınları onun meyitini asılmış vəziyyətdə aşkar edib.

İntiharın səbəbləri məlum deyil.

Noyabrın 27-də Qobustan həbsxanasında intihar hadisəsi qeydə alınıb. Orada cəza çəkən 1981-ci il təvəllüdlü Elşad Teyyub oğlu Kərimov kamerada özünü asıb. E. Kərimov üç maddə üzrə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum edilibmiş.

Noyabrın 28-də Bərdədə intihar hadisəsi baş verib.

Qaradəmirçi kəndində 1966-cı il təvəllüdlü İsmayılova Nazilə Xudaverdi qızı özünü su kanalına ataraq intihar edib. Qadının meyiti rayonun Hüseynbəyli kəndi ərazisində sudan çıxarılıb.

Məlumata görə, mərhum ruhi xəstəlikdən əziyyət çəkirmiş.

Bərdə Rayon Prokurorluğu faktla bağlı araşdırma aparır.

Dekabrın 1-də Kürdəmir rayonunda yeniyetmə özünə güllə ilə xəsarət yetirib.

Noyabrın 30-da Kürdəmir rayonunun Mollakənd kənd sakini olan yeniyetmə, atası Rakifə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Dekabrın 2-də Bakıda daha bir intihar hadisəsi baş verib.

Paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Rayonun Hövsan qəsəbə sakini, 1962-ci il təvəllüdlü Quliyev Qulu Mirzə oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

Məlumata görə. Q. Quliyev nevroz xəstəsi olub və Nevroloji Dispanserdə qeydiyyatda imiş. Mərhum 3 övlad atasıdır.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və “Şüşəli bazar” kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

Dekabrın 3-də Daxili İşlər Nazirliyinin (DİN) 12 il həbsdə olan sabiq baş əməliyyat müvəkkili, "Qara kəmər” əməliyyatının "qəhrəman”ı Hacı Məmmədov intihar edib.

Dekabrın 4-də, Şəkidə intihar hadisəsi baş verib.

Rayonun Baltalı kənd sakini, 1960-cı il təvəllüdlü Ümüdvar Əlipaşa oğlu Qədirovun meyiti yaşadığı evin qarşısındakı yardımçı tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

57 yaşlı Ümüdvar Qədirovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Dekabrın 5-də Tovuzda intihara cəhd hadisəsi baş verib.

Hadisə rayonun Əyyublu kəndində olub. Kənd sakini, 1970-ci il təvəllüdlü Əliyev Nəbi İsaq oğlu essensiya (sirkə) turşusu içib. Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Məlumata görə, N.Əliyev uzun müddətdir ki, tüfeyli həyat tərzi sürürmüş.

Bu gun Binəqədi rayonunda 45 yaşlı qadın özünü asaraq intihar edib.

Binəqədi qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Zeynalova Solmaz Məhərrəm qızı dekabrın 5-i özünü yaşadığı evin həyətində tut ağacından asıb.

Onu asılmış vəziyyətdə qardaşı tapıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Məlumata görə, S.Zeynalovanın banklardan birinə külli miqdarda kredit borcu olub. Krediti ödəyə bilmədiyi üçün özünü öldürüb.

Bu gün Bakıda daha bir intihar hadisəsi baş verib. 32 yaşlı kişi özünü bıçaqlayıb. Hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Əliyev Qadir Tahir oğlu yaşadığı evdə özünə qəsd edib. O, özünə bir neçə bıçaq zərbəsi vurub. Q.Əliyev ailə üzvləri tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Dekabrın 3-də Ağdaşda baş verən intihar hadisəsi artıq bir neçə gündür ki, ölkəni silkələyib.  12 yaşlı məktəblinin intihar etməsindən sonra  ortalığa çıxan  məktubu ciddi müzakirələrə səbəb olub. İsmayıl Adıgözəlovun məktubunda  peyğəmbər yolunda intihar etdiyini vurğulaması hadisədə din faktorunun olmasını və azyaşlının məsciddə necə iştirak etməsi məsələsini gündəmə gətirib.

Məsələ ilə bağlı mediaya açıqlama verən Ləki qəsəbə məscidinin axundu Xalid Ağəmmədov  qeyd edib ki, İsmayıl Adıgözəlov 6- ci sinif şagirdi  idi:

“Bizə namaz qılmağı  və “Qurani-Kərim”i oxumağı öyrənməklə bağlı əhali tərəfindən müraciətlər olunur. Bu dərslər adətən məsciddə həftə sonları keçirilir. Bəzən isə müraciətlər çox olanda məktəbin dərs saatlarından sonra dərslər salınır. İsmayıl da atasının xahişi ilə mənim yanıma “Qurani-Kərim”i öyrənmək üçün gəlirdi. Adı peyğəmbər adı olduğu üçün atası onun “Quran” oxumağı öyrənməsini istəyirdi. Nümunəvi, tərbiyəvi bir uşaq idi. Uşaq məktubunda yazıb ki, 10 gün ərzində ailədə bacısının xeyir işi olacaq. Bacısının toyunu ona görə təxirə salmamağı yazıb. Peyğəmbər adını daşıdığı üçün bunu da məktuba əlavə edib. Bunun nə dərəcədə məqsədəuyğun olduğunu bilmirəm. Ancaq ətrafda yaşayan qonşular deyirlər ki, evlərində ailədaxili münaqişə yaranıb. Atası köçürəcəyi qızının cehiz əşyalarını hazırlaya bilmədiyindən uşağın yanında ağlayıb. Uşaq da psixoloji sarsıntı keçirib. Bazar günü səhər saat 11:30 radələrində tövlədə özünü asıb”. 

Axundun sözlərinə görə, məsələ ilə bağlı Ağdaş rayon Polis şöbəsində cinayət işi başlanılıb:

“Hazırda araşdırmalar gedir.  Bu məsələnin yazıldığı kimi bizimlə əlaqəsi yoxdur. Cənazə namazında mən özüm etiraf etdim ki, bu uşaq çox tərbiyəli, nümunəvi biri olub.  Bundan əlavə, cümə günləri məsciddə namaz qılmağa gəlməyib. Qafqaz Müsəlmanları İdarəsinin, rayon İcra hakimiyyətinin tapşırığına əsasən bizdə azyaşlı uşaqların vaxt namazlarında valideynin iştirakı olmadan namaz qılmaqlarına icazə verilmir. Çünki azyaşlıdır, onun məktəbdə olması lazımdır. Yalnız valideyni ilə gələrsə ibadət etməsi mümkündür. Digər hallarda ibadətə icazə verilmir. Bizim yanımıza gəldiyi qədər də o məktəbə də gedib”.

Yekun nəticə olaraq qeyd edək ki, 36 gün ərzində ölkədə 20 intihar hadisəsi baş verib ki, onlardan 13-ü ölümlə nəticələnib.

Nigar Məhərrəm

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений