Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycanda ət qəhətə çəkilir: Menyudan da çıxacaq, yaddan da



2017-ci ilin yanvar-aprel aylarında xaricdən Azərbaycana 21 milyon 177 min dollar dəyərində 15 min tona yaxın ət idxal olunub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. 2016-cı ilin ilk 4 ayı ərzində Azərbaycana 8 milyon 226 min dollar dəyərində 6675 ton ət idxal olunmuşdu. Ət idxalı 2017-ci ilin ilk 4 ayının ümumi idxalının təxminən 1 faizini təşkil edib. Qeyd edək ki, bu ilin əvvəlində Azərbaycanda ət bahalaşıb.  Səbəb kimi, heyvan azlığı göstərilir.

Komitənin açıqladığı makroiqtisadi məlumata əsasən yanvar-mart ayları ərzində respublikada diri çəkidə 115,4 min ton ət, 450,5 min ton süd, 425,8 milyon ədəd yumurta istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 4,6 faiz artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 12,8 min baş azalaraq 2706,8 min baş, qoyun və keçilərin baş sayı 42,5 min baş azalaraq 8785,5 min baş olub. Bu dövrdə diri çəkidə 115,4 min ton ət, 450,5 min ton süd, 425,8 milyon ədəd yumurta, 22,7 min ton tərəvəz istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 4,6 faiz, tərəvəz istehsalı isə 50,0 faiz artıb. 

Ekspertlər hesab edirlər ki, Azərbaycan ərzaq təhlükəsizliyini təmin etmək üçün bir sıra mal qrupları üzrə beynəlxalq normaya uyğun məhsul istehsal etməlidir. Əgər istehsal edə bilmirsə, bir hissəsini idxal etməlidir. Ərzaq təminatı deyəndə ölkənin özünün fiziki çəkidə həmin mallara olan tələbatını normaya uyğun ödəməsi nəzərdə tutulur. Məsələn, il ərzində Azərbaycanın buğdaya olan tələbatı 1 milyon 600 min tondur. Azərbaycanda istehsal 1 milyon 800 min ton göstərilsə də, ölkəyə hər il 1 milyon 600 min ton buğda idxal olur. Ötən il 1 milyon 599 min ton buğda istehsal olunub. Bu da o deməkdir ki, Azərbaycan özünün buğdaya olan təminatını idxalın hesabına ödəyir. Ət və süd məhsullarına olan tələbatın hansı səviyyədə ödənilməsinə gəlincə, ekspertlər bildirir ki, adambaşına ət norması 84 kiloqramdır. Təəssüflər olsun ki, il ərzində Azərbaycanda ümumi əti təmiz ətə çevirəndə 300 min ton ət istehsal olunur. Bu da adambaşına 30-31 kiloqram ət istehsalı deməkdir. Ölkəyə adambaşına 3 kiloqrama yaxın ət idxal olunur. Bu isə o deməkdir ki, Azərbaycan daxili istehsal hesabına özünün ətə olan tələbatının 38 faizini ödəyir, üstəlik, 3-4 faiz də idxal edir.

İl ərzində adambaşına süd təminatı 360 litrdir. Burada pendir, kərə yağı və digər süd məmulatları nəzərə alınır. Azərbaycan 1 milyon 900 min ton süd istehsal edir yəni, 55-60 faiz. Təxminən 700 min ton da idxal olunur. Bu isə ümumi istehlakdan 1 milyon ton azdır. 

Yəni, Azərbaycan südə olan təminatını həm daxili istehsal, həm də idxal hesabına ödəyə bilmir. İl ərzində adambaşına yumurta təminatı 280 ədəddir. Azərbaycan daxili istehsal hesabına yumurtanın 55 faizini, təxminən 180 ədədini ödəyə bilir. Bu da o deməkdir ki, Azərbaycan yumurtaya olan tələbatını ödəyə bilmir.

Ölkənin çay istehsalı imkanı və təcrübəsi olduğu halda çayı da xaricdən idxal edir. Ümumilikdə belə mənzərə yaranır ki, Azərbaycan özünün ərzaq məhsullarına olan tələbatını tam ödəyə bilmir. Bəzi mallar üzrə tam, bəzi mallar üzrə 50 faiz, bəzi mallar üzrə 60-65 faiz idxaldan asılıdır. Bazarlarda ərzaq məhsullarının qiymətinin yüksək olmasına gəlincə, ekspertlər bu qənaətdədir ki, Azərbaycan əhalinin tələbatı qədər məhsul istehsal edə bilmir. Baxmayaraq ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, ancaq hələ də ölkənin bəzi mallara olan tələbatı idxaldan asılıdır. Ötən il ölkəyə 317 min ton meyvə-tərəvəz idxal olub. Ekspertlər bildirir ki, ölkədə bu cür hal heç vaxt qeydə alınmayıb. 

Hətta 20 il bundan öncə bu göstərici 50 min ton olub. Əhalinin tələbatı qədər mal-məhsul istehsal olmadığı üçün bazarda defisit yaranır. Bu haldan işbazlar su-istifadə edir, qiyməti artırmağa çalışırlar. Müşahidələr onu göstərir ki, bu il də meyvə-tərəvəz istehsalında ciddi azalmalar var. Bu istiqamətdə əsaslı işlər görülmədiyi üçün xüsusilə, gilas, ərik və digər meyvələrin istehsalında azlıq müşahidə olunur. Mütəxəssislər bunun səbəbinin vaxtlı-vaxtında bitkilərə aqrotexniki qulluğun, eləcə də zərərvericilərə qarşı profilaktik tədbirlərin gecikdirilməsi ilə əlaqələndirir. Həmçinin ağacların budanması da həyata keçirilmir.

Bu gün bazarda yalnız bir topdansatış mərkəzi mövcuddur. Pərakəndə satışla məşğul olan satıcılar əsasən meyvə-tərəvəzi həmin topdansatış mərkəzindən əldə edir. Həmin topdansatış mərkəzi tək olduğu üçün vəziyyətdən öz xeyrinə istifadə edir. Belə ki, qiyməti artıq onlar müəyyən edir. Belə olan halda bazarlarda qiymətlər onların diktəsinə uyğun olaraq formalaşır. Əgər topdansatış bazarları bir neçə dənə olarsa, burda rəqabət mühiti olar və qiyməti diktə etmək mümkün olmaz.

Ekspertlər hesab edirlər ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafına maliyyə resursunun ayrılması heç də əsas faktor deyil. İddia edirlər ki, son 10 ildə regionların inkişafına 50.7 milyard manat vəsait ayrılıb. 

Bu qədər vəsaitin müqabilində son 10 il ərzində Azərbaycanın bir sıra mal-məhsul üzrə idxalı artıb. Rəsmi məlumatlarda istehsalda rəqəmlər yüksək göstərilsə də, həqiqətdə isə istehsalda azalma var. Əgər deyildiyi kimi istehsalat yüksək olsaydı, bu gün bazarlarda bunu müşahidə etmək olardı. Bu gün kənd təsərrüfatının məhsullarının qiymətinin yüksək olması ondan xəbər verir ki, daxili istehsal azalıb, zəifdir.

İqtisadçıların sözlərinə görə, fermerlər kənd təsərrüfatı sahəsilə əsaslı məşğul ola bilmirlər. Bu istiqamətdə elm, təhsil geridə qalır. Uzun müddətdir ki, bu sahədə peşə təhsili sıradan çıxarılıb. Fermerlərin maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində heç bir addım atılmır. Baxmayaraq ki, bu sahəyə maliyyə resursu ayrılır, amma həmin resursların əsas hissəsi məmurlar tərəfindən mənimsənilir. Ayrılan subsidiyalar yerlərdə fermerlərə deyil, məmurların cibinə axır. Buna görə də ayrılan vəsait səmərə verməyib, məhsuldarlığa hər hansı formada təsir etməyib.

Yeganə Oqtayqızı
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений