Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda niqaba qadağa: Qoyula bilərmi?



Qazaxıstanda niqab qadağan olunub. Belə ki, Qazaxıstan parlamentinin aşağı palatası insan simasının görünməsinə əngəl törədən geyimlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi qəbul edib. Artıq belə geyimdə ölkədə gəzmək qadağan olunacaq. Geyimlərlə bağlı qadağalar respublikada dini fəaliyyəti nizamlayan qanunlarda dəyişikliklərin bir hissəsidir. Bu dəyişikliklər ölkə prezidenti Nursultan Nazarbayevin dini paltar, qısa saqqal və qısa şalvar geyinənləri açıq şəkildə tənqid etməsindən sonra başlayıb.

Azərbaycanda da niqab geyinənlər var. Düzdür, bu kütləvi hal almasa da, küçədə niqabla gəzən xanımlara rast gəlirik. Son vaxtlar niqabla yanaşı  dini paltar,  qısa şalvar geyinənlər, uzun saqqal saxlayanlar da az deyil. 

Niqab Quran və Sünnədə əmr olunan bir şey deyil. Yəni Allahın qoyduğu qayda-qanunda niqab şərti yoxdur. Kim istəyirsə, taxa bilər. Amma bunun dini bir öhdəlik və mütləq taxılmalı olduğunu irəli sürmək olmaz.

Qadının xarici görünüşü barədə “Quran”da belə deyilir: “Quran”da konkret ayə var ki, orda boyunu bağlamaq ehtiyacı haqqında deyilir. Quranda hicabın daşınması tələbi var. Biləklər və pəncələr açıq qala bilər. “Yad qadın və kişi görərkən, "baxışlarınızı başqa səmtə yönəldin, bədən üzvlərinizi qapayın". Şəriətə görə qadınlar yad kişilərə qarşı üz və əlləri istisna olmaqla bütün bədənlərini örtməlidirlər. Bu, vacibdir. Evlərindən çıxdıqları vaxt onları örtən bir üst geyim geyinməlidirlər. Həmin üst geyim onun rahatlıqla örtünməyinə imkan yaratmalıdır. Müsəlman bir qadın çadra ilə də örtünə bildiyi kimi geniş plaş, şal və sairə ilə də örtünə bilər. Üst geyimin çadra olması şərt deyil. Kitabda ümumiyyətlə, üz barədə söz yoxdur. 

İlahiyyatçıların fikrincə, hicab və niqab islamda qadınların örtülməsi üçün istifadə edilir. Quranda “Nur” surəsində bunu tövsiyyə edən ayə var. Bu ayədə Allah, qadınlara toxunmasınlar, onlara söz atmasınlar, artıq-əskik söz deməsinlər deyə buyurur ki, qadınlar çölə çıxanda başlarını örtsünlər və örtüyü sinələrinin üstə çəksinlər. Niqab isə daha dərin məsələdir. Qadına qarşı zorlama, fəsad, zinaya təhrik etmə və digər təhlükələr olarsa, həmin cameədə qadın niqabdan istifadə edə bilər. Bir növ niqab çətir rolunu oynayır. Yəni onu nədənsə qoruyur. Ancaq bizim cəmiyyətdə qadına qarşı o dərəcədə təhlükələr yoxdur ki, qadın niqab taxmağa məcbur olsun. Ekspertlərin dediyinə görə məsələn, Səudiyyə Ərəbistanında bir qadın yolla gedərkən öz əmisi oğlu ilə söhbət edərsə, onun cəzası var. Yaxud polis onu öz evinin pəncərəsindən həyətə-parka baxdığını görərsə, onu cəzalandıra bilər. Belə cəmiyyətdə qadın niqab vurur ki, onu tanımasınlar. Ölkəmizə də bu adəti ərəb təlimli dini cərəyanların tərəfdarları gətirib. Bu əslində dində vacib məsələ deyil. Quranda hicab barədə də Allah əmr etmir, Peyğəmbərə deyir ki, sən de ki, başlarını örtsünlər. Ancaq niqab, yəni üzü örtmədən söz açılmır. Üzü bağlamaq islamın deyil, ərəblərin adətidir.

İlahiyyatçı Elşad Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, İslamın özündə niqab yoxdur: “Bununla bağlı müəyyən hədislər uydurub insanların üzlərini örtməyə başladılar. Azərbaycanda niqab geyinənə bir-iki dəfə rast gəlmişəm. Yəni o qədər də aktual olan məsələ deyil.  Olmayan bir şeyin nəyini qadağan etsinlər? İslama aid olan bir məsələ deyil. Bu gün Səudiyyə Ərəbistanında aparılan yeni islahatlarla niqab məsələsi aradan qaldırılıb ”.

Dini ekspert Hafiz Mirzənin sözlərinə görə, Qazaxstanda hər hansı qanun və ya qaydanın qəbulu və ya qadağası Azərbaycan üçün əsas ola bilməz. Qazaxıstanın Azərbaycana təsir imkanları Monqolustanın təsir imkanları qədər olar. Həm də Azərbaycanda niqaba icazə verildi ki, indi də qadağa qoyulsun? Qazaxıstan turkləri əsasən sünni-hənəfi təriqətinə mənsubdur. Azərbaycan əhalisinin əksəriyyəti şiə-cəfəri təriqətinə aiddir. Azərbaycanda qadına ehtiram daha yuksəkdir. Azərbaycanın mömin qadınları tarixən çadra örtsələr də,  niqaba elə də çox meyilli olmayiblar. Niqab daha çox hənbəli-sələfi-vəhabi məzhəbinə mənsub insanlara xasdır. Bizdə isə qadına münasibət daha çox humanist və sivildir”.

Ekspert onu da əlavə edib ki, hərdən Azərbaycanda gərəksiz mövzular qəsdən qabardılır, gündəmə gətirilir və faydasız nəticə alınır: “Əgər Milli Məclisin hansısa diletant üzvü xəbər tutmasa və özünü göstərmək üçün şou yaratmaq eşqinə düşməsə, bu mövzu aktuallaşmaz. Bizdə hicaba meyil var, amma niqaba yox... İranda da niqab azadlığı hökm sürür. Qadın niqab tuta da bilər, tutmaya da. Amma bir sıra hallar var ki, orada qadının niqablı fotosu qəbul edilən deyil. Məsələn, şəxsiyyəti təsdiq edən fotolarda, efirdə və sair... Məncə, Azərbaycanda bu mövzu qanunla qadağa səviyyəsinə qaldırılarsa, qaşınmayan yerdən qan çıxartmaq effekti verər”.

Alçina Amilqızı

Cebhe.info 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений