Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycanda qadağan olunan kitablar - SİYAHI



Kitabların qadağan edilməsi bütün dövrlərdə və bütün ölkələrdə qeydə alınıb. 

Məsələn, dünyada tarix boyunca müxtəlif bəhanələrlə qadağan edilmiş məşhur kitablar var. Bunlar “Lolita” - Vladimir Nabokov, “Uliss” - Ceyms Coys, “Belle et Bete” - Marsela Lakab, “Casus ovçusu” - Piter Rayt, “Vəhşi qu quşları” - Yunq Çanq, “Ledi Çatterleyn aşiqi” - D.H.Laurens, “Qərb cəbhəsində yenilik yoxdur” - E.M.Remark, “Doktor Jivaqo" - Boris Pasternak, “Oz şəhərinin cadugəri” - Frenk Baum, “1984” - Corc Oruell, “Anna Frankın gündəliyi” - Anna Frank, “Şeytan ayələri” - Salman Rüşdi, “Qoing Klear” - Laurens Rayt, “Mənim mübarizəm” - Adolf Hitler kitablarıdır.

Azərbaycanda isə XX əsrdə yerli müəlliflərin yazdığı bir neçə kitab var ki, yasaqlanıb.

İndiyədək Azərbaycanda qadağan olunan kitabların siyahısını təqdim edirik:

1. Heydər Hüseynov - “XIX əsr Azərbaycanın ictimai və fəlsəfi fikir tarixindən” fəlsəfi monoqrafiyası

Azərbaycan fəlsəfə elmində XX əsrdə ilk dəfə fundamental və sistemli araşdırmalar aparan Heydər Hüseynov fəaliyyəti boyunca bir sıra məsul vəzifələrdə çalışıb, iki dəfə də Stalin mükafatına layiq görülüb. Lakin alimin 40-cı illərin sonunda yazdığı və yaradıcılığının şah əsəri sayılan “XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyası hətta, onun ölümünə səbəb olub. Sovet rəhbərliyi əsərdə Şeyx Şamil hərəkatının dəstəkləndiyi və bunun da millətçilik amilinin qabardılmasına səbəb olduğu üçün alimi olmazın dərəcədə təhqir edir və ona verilmiş Stalin mükafatını geri alır. Mənəvi böhrana dözə bilməyən H.Hüseynov Mərdəkandakı bağ evində özünü asaraq intihar edib.

2. Mirzə Kazım bəy - “Müridizm və Şamil”

Azərbaycanın çağdaş şərqşünaslıq elminin banisi, Qərb və Şərq əlaqələrinin inkişafında misilsiz xidmətləri olan Mirzə Kazım bəy Avropa universitetlərində Azərbaycanı ən yaxşı təmsil edən alim olub. İlk dəfə xristianlığı qəbul edərək insanlara dini tolerantlığı və demokratik ideyaları təlqin edən Kazım bəy bəzi əsərlərində ustalıqla qadağan olunmuş məsələləri qabarda bilib. Yazdığı iki şah əsər “Bab və Babilik” və “Müridizm və Şamil” əsəri onu danlaq obyektinə çevirib. Burada dini amillərin qabardılması və müstəmləkə rejimində yaşayan xalqların azadlığa səslənməsi rejimi qətiyyən qane edə bilməzdi. Beləliklə, kitabları Qərbdə dərs vəsaiti olan Mirzə Kazım bəyin əsəri sovet dövründə vətənində qadağan edilib.

3. İsa Muğanna - “Yanar ürək” povesti

60-cı illər nəslinin ən güclü nümayəndəsi sayılan İsa Muğanna (Hüseynov) “Yanar ürək” povesti ilə o dövr ədəbiyyatında inqilab etmişdi. Lirik-psixoloji metodlarla kəskin realizmin sintezini böyük ustalıqla yaradan ədib bu əsərdə qadağan edilmiş mövzuları “qadağan edilmiş tərzdə” işıqlandırdığı üçün xeyli təqiblərə məruz qalır. Yalnız o vaxt Mərkəzi Komitənin katibi Heydər Əliyevin işə müdaxiləsindən sonra yazar DTK təqiblərindən xilas olunur və şəxsi həyatının təhlükəsizliyinə zəmanət verilir.

4. Bəxtiyar Vahabzadə - “Gülüstan poeması”

Poemada Cənub nisgilinin, azadlıq ideyalarının, vətən sevgisinin açıq-aşkar təsviri, qadağan olunmuş siyasi motivlərin nümayişi şairi uzun müddət təqiblərlə üz-üzə qoyub. Əsər yalnız hissələrlə “Şəki fəhləsi” qəzetində çap olunub.

5. Eldar Baxış - “Ölüsüylə ərəbcə, dirisiylə rusca” kitabı

Bu kitab o birilərindən nisbətən müasir çalarları ilə fərqlənir. 90-cı illərin siyasi reallıqları burada satira və yumorun diliylə oxuculara təqdim olunub. Təsirli və tənqidi siyasi motivləri və real həyat lətifələrinə görə, kitab tam olaraq qadağan edilib.

“Qanun” nəşriyyatının direktoru, naşir, tərcüməçi-yazar Şahbaz Xuduoğlu əməkdaşımızla söhbətində bildirib ki, Azərbaycanda dini ədəbiyyat qadağandır:

“Dini kitabların yayımlanması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən icazə olmalıdır. Yəni, ştrix kod verirlər. Qanunla müəyyən olunmuş ədəbiyyat siyahısı var, dini, milli, ayrıseçkiliyi təbliğ edən, pornoqrafiyanı yayan əsərlərin yayımlanmağı birmənalı şəkildə mümkünsüzdür. Bizdə isə hələ ki, konkret olaraq, hər hansı bir ədəbiyyatımızın nəşrinin qadağan olunması faktı yoxdur”.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений