Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycanın “Rembo”su: “Nəcməddin Sadıqov məətəl qalmışdı ki...” - MÜSAHİBƏ



Qarabağ savaşının odlu-alovlu günlərini, səngər xatirələrini ürəyinin dərinliklərində daşıyan, həmin illərin əbədi xatirəsi kimi bədənində düşmən silahından atılan gülləni, mərmi qəlpəsini gəzdirən insanlarımız kifayət qədərdir. Müsahibim belə insanlardan biri, Qarabağ qazisi Malik Əkbərovdur. Döyüş yoldaşları Maliki “Rembo” kimi tanıyır. Özü də bu ləqəbi ona Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov verib. Generaldan bu ləqəbi kiçik qüvvələrlə düşmən arxasına keçərək sarsıdıcı zərbələr vurmasına görə alıb. 

Dosye: Əkbərov Malik Əkbər oğlu 1965-ci ildə Goranboy rayonunda doğulub. Orta təhsilini doğma kəndində alıb. Məktəbi bitirdikdən sonra 1983-cü ilin oktyabr ayının 16-da həqiqi hərbi xidmətə yola düşüb. Hərbi xidmətini Sovet Ordusunun keçmiş Almaniya Demokratik Respublikasındakı hərbi kontingentində olan hərbi hissələrdən birində yetirib. Xidmət zamanı özüyeriyən artilleriya silahlarının sirlərinə dərindən yiyələnib.1984-cü ilin payızında gizir məktəbinə yollanıb. Oranı bitirdikdən sonra orduya geri dönüb, diviziyada tağım komandiri kimi işə başlayıb. Əslində Malik Əkbərova bu vəzifə müvəqqəti olaraq və əvəzedici kimi tapşırılıb. Amma həmin ərazilərdə zabit çatışmazlığı səbəbindən o bu vəzifəni düz üç il yerinə yetirib. 1988-ci ildə o xidmət etdiyi hərbi hissədən digərinə köçürülür. Bu dəfə Tacikistan-Əfqanıstan sərhədinə. 1992-ci ildə Malik 30 günlük məzuniyyət götürərək xidmət etdiyi hərbi hissəni tərk edir. O könüllü olaraq Qarabağ savaşına qatılır. Dəfələrlə Ağdərə rayonu istiqamətində aparılan ağır hərbi əməliyyatlarda iştirak edir. 3 dəfə bədənin müxtəlif nahiyələrindən ağır güllə və qəlpə yaraları alıb. 1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrindən zabit kimi ehtiiyata buraxılıb. Ehtiyatda olan baş leytenantdır. Tərtər rayonunda yaşayır. Ailəlidir. Bir oğlu var.  

-Malik bəy, necə oldu ki, hələ hərbçi olmaq qərarına gəldiniz? 

-Hərbçi uşaqlıqdan sevdiyim peşə idi. Orta məktəbdə oxuyarkən hərbi dərslərə daha çox diqqət ayırırdım. Zabitlik məktəbinə daxil ola bilmədim. Amma şans elə gətirdi ki, gizirlik məktəbini bitirdim. Müvəqqəti icra etdiyim özüyeriyən artilleriya diviziyasında idarəetmə tağımının komandiri vəzifəsində 3 il qalmalı oldum. Fürsətdən istifadə edib yüksək rütbəli zabitlərdən daha geniş hərbi bacarıqlara yiyələndim. Döyüş xəritələri hazırladım. Rabitə cihazlarını daha dərindən öyrəndim. Ümumilikdə digər artilleriya silahlarının Texniki Taktiki Xüsusiyyətlərinə (TTX) bələd oldum. Saysız- hesabsız təlim atışlarında yaxından iştirak edirdim. Ukraynalı polkovnikdən döyüş xəritəsində işləməyi öyrəndim. 
-Qarabağ münaqişəsi başlayanda Tacikistan-Əfqanıstan sərhədində xidmətdə olmusuz. Bəs həmin vaxt Azərbaycandan necə xəbər tuta bilirdiniz və necə oldu ki, oradan ayrılıb

Azərbaycana gəldiniz? 

-Tacik-əfqan sərhədində demək olar ki, hər gecə atəşkəs pozulurdu. Orada münaqişə zonası və təhlükəlii əraziydi. Amma mən mümkün qədər Azərbaycanda baş verənlərdən xəbər tutmağa çalışırdım. Amma düzünü deyim ki, Şuşanın işğalını eşidəndə özümə yer tapa bilmirdim. Düşünürdüm ki, axı necə ola bilər bu? Məgər bizimkilər döyüşmək, taktika bilmir? Bilirsiniz mən xidmət etdiyim zaman qarşıma yüzdə, mində bir cəsarətli erməni hərbçisi çıxıb. Hamısı yaltaq, xəbərçi, qorxaq idi. Ona görə az qalırdım dəli olam. Sonra yenə eşitdim ki, Laçın ətrafında döyüşlər gedir. Söz verdim ki, əgər Laçın da getsə, mütləq buranı tərk edib vətənə qayıdacağam. Bir müddət sonra böyük qardaşım yanıma gəlmişdi. Olanlar barədə ətraflı ondan xəbər tutdum. Həmin vaxt bu məsələləri rus mətbuatı o qədər də geniş yayımlamırdı. Və məqsədli şəkildə hadisələri yanlış şərh edirdilər. Mənə məlum oldu ki, Azərbaycanda hərbi bilikləri olan insanlara ciddi ehtiyac var. Mən də 30 günlük məzuniyyət götürüb Azərbaycana getdim. Əslində fikirləşirdim ki, 30 günü orada döyüşüb geri qayıdaram. 

-İlk dəfə harada vuruşmağa başladınız? 

-İlk dəfə döyüşlərə Goranboy batalyonunda müvəqqəti olaraq qoşuldum. Orada bir aya yaxın döyüş əməliyyatlarında iştirak elədim. 28 gün orada döyüşdüm. Çıldıran istiqamətində gedən döyüşlərdə ayağımdan yaralandım. Müalicə olunduqdan sonra məni göndərdilər Gəncəyə-703 saylı hərbi hissəyə. Düzü mənə bir arayış lazım idi ki, döyüşdüyüm qeyd olunsun. Orada mayor Qəniyevlə və Nəcməddin Sadıqovla görüşdüm. Onda o polkovnik-leytenant rütbəsiylə hərbi hissə komandiri vəzifəsindəydi. Nəcməddin Sadıqov mənimlə yaxından maraqlandıqdan sonra dedi ki, sən get Tərtərə mən gəlib orada sənə nə sənəd lazımdı, verəcəyəm. Mən də Tərtərə gəldim və orada Nəcməddin Sadıqovla görüşdüm. O mənə silah verib rabitə maşınında xidmətə başlamağıma göstəriş verdi. Həmin gündən mənim döyüşlərim başladı. Düzü, həmin vaxt hərbi hissə komandirimin bu qərarıyla razı deyildim. Amma etiraz da edə bilmirdim. Ürəyim partlayırdı ki, mənim daha yaxşı bildiyim sahələr qalıb bu yanda, mənə rabitə maşını həvalə ediblər. Mən həmin vaxt həmin maşınların həm mühafizəsini təşkil edirdim, həm də rabitə komandiriydim. Döyüşlər gedən ərazi ilə komanda qərargahı arasında rabitəni təşkil edirdim. Amma düşmənlə həmin sahədə ilk qanlı döyüşüm Ağdərə ərazisində Qlobus dağı adlanan ərazidə baş verdi. Həmin ərazidə 200-ə yaxın gənc əsgərimiz var idi. Yəni Nerkin Oratağ istiqamətində biz idik, Kasabetin üst tərəfi Dəmirlər kəndi tərəfdə onlar idi. Mən rabitə maşınlarını həmin mövqelərə qədər aparıb çıxarmışdım. Həm də artilleriyaçı olduğuma görə xəritə götürüb koordinatlar da verirdim. Həmin vaxt bizə yaxın məsafədə 2-3 ədəd minaatan vardı. Amma dəqiq ata bilmirdilər. Düşüb oradakı əsgərləri başıma yığıb minaatanları hədəfə tuşlamağı və digər atəş, zərbə qaydalarını öyrətdim. Onu da etiraf edim ki, həmin vaxt bəzi əsgər və zabitlər döyüş meydanından qaçıb çıxmışdılar. Orada elə bir döyüş başladı ki, mən rabitə maşının yanına gələnə qədər bir neçə dəfə düşmən tanklarının atdığı mərmilər səngərin torpağını belimə tökmüşdü. Çatan kimi minaatanlara növbəti koordinatlar verdim. Həmin koordinatlara açılan atəşlər düşməni itki verərək geri çəkilməyə məcbur etdi. 

Döyüş qurtarandan sonra hər kəs komandirə deyib ki, təzə gələn gizirin verdiyi koordinatlar döyüşü qazanmağımıza səbəb oldu. Onda artilleriya rəisi mayor Komarov idi. Onlar təəccüb qalmışdılar, necə ola bilər ki, bir gizir başqa zabitlərdən bu qədər fərqlənir...
(Ardı var...)

Elgün Gəncimsoy 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений