Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanın alıcıları aldadan spred yağ bazarı 



Kərə adı ilə qarışıq yağ satılır 

Azərbaycanın yağ bazarında qarışıqlıq davam edir. Kərə yağının qiymətində ucuzlaşma gözlənildiyi barədə söylənilənlər hələlik bazarda özünü tamamilə əks formada göstərir. Məlum olduğu kimi, Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılıb. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. 

Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək və 2019-cu il dekabrın 31-dək qüvvədədir. 

34 manata kərə yağı

Beləliklə, kərə yağının idxal rüsumunun azaldılması barədə qərarın dekabrın sonunda qüvvəyə minəcəyi və ucuzlaşmanın məhz həmin zamandan etibarən müşahidə ediləcəyi bildirilsə də, bu müddətdə bazardakı bahalaşma da anlaşılmazdır. “Cümhuriyət” qəzetinin bazarda apardığı müşahidələr göstərib ki, kərə yağı üçün bahalı bazar olan Azərbaycan xarici istehsalçılar üçün cəlbedicidir. Piştaxtalarda hər gün yeni məhsullara rast gəlinir. “Ankor” yağı hazırda supermarketlərdə17 manat, yeni Zelandiya yağı 16 manat, “Valio” yağı 19 manata təklif edilir. Kiçik marketlərdə isə qiymətlər daha bahadır. Həmçinin Azərbaycan istehsalı olan “Qaymaq” kərə yağı da piştaxtalarda yerini alıb. 500 qramlığı 8 manat 47 qəpiyə. Saxsı qablarda “Qaymaq” kərə yağının 1 kiloqramı 21 manat 46 qəpikdir. Ən bahalısı isə Türkiyə sitehsalı olan kərə yağıdır.“Pinar” kərə yağının 250 qramının qiyməti 8 manat 34 qəpik, 1 kiloqramı isə 33 manat 34 qəpik. Fransanın kərə yağları da bazarda xeyli bahadır. 500 qramlıq “Elle&Vire” duzsuz yağının 200 qramı 4 manat 54 qəpikdir. Bu hesabla sözügedən yağın bir kiloqramı 22 manat 70 qəpikdir. Göründüyü kimi, qiymətlərdə ucuzlaşma yoxdur, əskinə, yeni məhsullar və yeni qiymətlər bazarda özünə yer edib.   

Əhalini ucuz malla aldadırlar

Kərə yağının qiymətindəki günbəgün bahalaşma bazarda yeni, daha ucuz məhsulların peyda olmasına da yol açır. Ucuz mal deyərkən ilk olaraq palma yağları xatırlanır. Bəzi iddialara görə, Avropada sənaye məqsədilə istifadə edilən, şampun və ya sabunların tərkibinə qatılan palma yağları Azərbaycan bazarında qida məhsulunun tərkibindədir. Ancaq Azərbaycan bazarında palma yağları qədər müxtəlif çeşiddə spred, yəni qarışıq yağlara rast gəlinir. Əsasən Rusiya, Ukrayna, Belarus istehsalı olan srred yağları marketlərdə kiloqramı 8-10 manata qədər olan qiymətə satılır. Ancaq bu yağları birbaşa olaraq gətirən, market vasitəçiliyi olmadan satışa çıxaranlar da var və sayları xeyli artıb. Bu isə ölkədə yağ bazarının xeyli inkişaf etməsi və alıcılaırn artması ilə bağlıdır. Orta statistik Azərbaycan alıcısı üçün hələ də duru yağlar kərə yağını əvəz edə bilmir. Hətta orqanizm üçün çox xeyirli olduğu deyilən zeytun yağı da kərə yağının alıcısını özünə cəlb etmir. Əsasən Dağıstandan gətirilən və aralarında Mahaçqala istehsalı da olan yağların tərkibinin spred olduğu barədə üzərində qeyd var. Lakin bir çox müştəri bu yazıları oxumadan keçir ki, bu da “Rusiyada pis məhsul olmaz” düşüncəsiylə bağlı olur. 

25 litr inək südündən 1 kiloqram yağ

Mütəxəssislər bildirir ki, 1 kiloqram təbii kərə yağının hazırlanması üçün 25 litr inək südündən istifadə edilir. Dövlət standartına əsasən, kərə yağı mənfi 18 dərəcəlik soyuducu kamerada 3 aydan, müsbət 10 dərəcədə isə 1 aydan çox saxlanıla bilməz. Bütün bunları nəzərə alaraq təmiz kərə yağının qiymətində spredlərlə müqayisədə bahalıq görmək təbiidir. Marketlərdə saxlanma müddəti 18 və hətta 24 ay olan “kərə yağı” adı ilə satılanlar əsasən alıcıları öz qiyməti ilə daha çox cəlb edən, bitki və az miqdarda kərə yağının qarışığı olan spredlər. 

Bir gündə 60 qram yeyin

Qidalanma üzrə mütəxəssislər bildirir ki, insan bir gündə 60 qramdan az olmayaraq kərə yağı yeməlidir. Kərə yağının tərkibindəki vitamin və makroelementlər orqanizmi möhkəmləndirir, xüsusilə, soyuq havalarda insanı xəsətliklərdən, hətta nə qədər qəribə görünsə də qripdən də qoruyur. Keyfiyyətli kərə yağının tərkibində A, E, D vitaminləri, dəmir, kalsium, kalium, maqnezium, fosfor, natrium, mis, manqan və sink var. Spredlər isə müəyyən qədər kərə yağı ilə bitki və hətta palma yağının qarışımından ibarət olur. 

Spredi necə tanıyaq?

Əsl kərə yağı inək südündən hazırlanır və əgər tərkibində bitki yağı, palma yağı, yer fındığı, kokos yağı və yaxud süd yağı əvəzedicisi varsa, o zaman təbii oması barədə düşüncədən uzaq durun. Təbii ki, bu məhsulun qiyməti digərinə nisbətən daha ucuz olur. Spred yağların tərkibində çox miqdarda rəngləndirici, dadlandırıcı, konservantlar və emulqatorlar olur. Bu isə orqanizmə o qədər də xeyirli deyil. İstehsalçı şirkətlər məhsulun qablaşdırılmasında tərkibi barədə məlumatı qeyd edir və yağın spred olmasını öyrənmək üçün onu oxumaq kifayətdir. Ancaq Azərbaycanda marketlərdə spred yağlar əsasən 5 kiloqramlıq qablaşdırmada yox, kiloqramlara ayrılmış şəkildə satılır ki, bu da müştərini məhsulun tərkibi barədə məlumatdan məhrum edir. Satıcılar əksər hallarda məhsulun tərkibi barədə alıcıya məlumat vermir. 

Mütəxəssislər aldığınız yağın tərkibinin nə olduğunu öyrənmək üçün sadə vasitələr təklif edir. Əsl kərə yağı olub-olmadığını ev şəraitində yoxlamaq üçün onu dondurucuya qoyun və 10 dəqiqə sonra çıxararaq dilim kəsin. Yağ parçalanarsa, deməli, kərə yağıdır. Əgər hamar kəsilir və sürtülürsə, o zaman tərkibdən əmin olmayın. Kərə yağı açıq sarı rəngdə olur. Tünd sarı rəngi yağa tərkibinə qatılan maddələr verir. Bunu bilmək də o qədər çətin deyil. Yağdan bir dilim kəsin və suya salın. Suyun rəngi bulanırsa, o zaman tərkibində boya var. 
Yağın tərkibini onu əridən zaman da bilmək mümkündür. Yağı qızğın tavaya atın və müşahidə edin. Əgər dərhal əriyir və fışıltı səsi çıxırsa, üstəlik də üzərinə köpük yığılırsa, deməli, tərkibi təmizdir. Spred isə yavaş-yavaş əriyir və saqqız kimi dartılan çöküntü yaranır.

“Ustalıqla qablaşdırılar ki...” 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, rəhbərlik etdiyi quruma müraciətlər arasında yağlarla bağlı olanlar da çoxdur. E.Hüseynov bildirir ki, əmtəə bazarında spred yağ adı altında bəzən istehlakçının bilmədiyi, kərə yağını imitasiya edən məhsullar satılır: “Birmənalı olaraq bilmək lazımdır ki, üstünə spred yazılıbsa, təmiz kərə yağı deyil, məhsulun tərkibində yazıldığı kimi qarışıq var. Bəzən istehsalçılar məhsulu istehlakçını aldadacaq şəkildə ustalıqla markalayır, qablaşdırır. Ancaq standartlara görə, malın tərkibi barədə üzərində mütləq qeyd olmalıdır. Bu qeyd bəzən çox kiçik şriftlərlə yazılır və istehlakçı onu oxumur”. Ekspert bildirir ki, yağı almamışdan əvvəl tərkibi barədə narahatlığa son qoymaq üçün bəzi “sınaqları” keçirmək olar. Məsələn, yağı əlinizdə sıxın. Əgər bərkdirsə, deməli, tərkibi təmizdir. Spred və ya marqarin yağları isə yumşaq olur. Hətta soyuducudan çıxdıqda belə qırıntılanmadan kəsilir. Yağın ərimə zamanı da tərkibindən xəbər verir. Tez əriyirsə, kərə yağıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə, istehsalçı malın gigiyenik, uyğunluq sertifikatlarını, qiymət sənədlərinə baxmaq hüququna malikdir. Bu qanun kərə yağları üçün də keçərlidir. İstehlakçı aldanıldığını düşünürsə, malı 14 gün müddətində qaytara və ya dəyişdirə bilər. 

Sevil Ağazadə

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений