Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycanlı diaspor fəalı parlament seçkilərinə hazırlaşır - MÜSAHİBƏ



Bu gün dünyanın 50-dək ölkəsində azərbaycanlılar yaşayır. Bir çox ölkələrdə diaspor təşkilatlarımız mövcuddur. Azərbaycanlıların sıx yaşadığı ölkələrdən biri də Estoniyadır. Bu günlərdə xəbər saytlarında və sosial şəbəkələrdə “Estoniyanın tanınmış qəzeti azərbaycanlı gəncdən yazdı” başlıqlı xəbər paylaşıldı. Bir həmvətənimizin bu uğuru məni də sevindirdi. Onunla sosial şəbəkə üzərindən əlaqə saxladım və müsahibə üçün razılıq aldım. Müsahibimiz Estoniyadakı Azərbaycan diasporunun fəallarından biri Orxan Oktaindir.

Dosye: Orxan Oktain 1989-cu Zəngilan rayonunda doğulub. Atası 1983-cü ildən Estoniyada yaşayır. Əvvəllər polis sistemində çalışıb, indi isə iş adamıdır. Ailədə 3 qardaşdırlar. Kiçik qardaşı Estoniyada doğulub. Orxan bəy təhsilini Estoniyada alıb. Orta məktəbi bitirdikdən sonra Tallin Texnik Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. Hərbi xidməti pioner taborunda keçib. Magistr təhsilini aldığı müddətdə Estoniya Xarici İşlər Nazirliyində işləyib. Bir müddətdən sonra şəxsi biznesini qurduğuna görə işdən çıxıb. Bununla bərabər eston vətəndaşı kimi aktiv siyasətlə də məşğul olub. Ailəlidir, 1 övladı var. 

- Orxan bəy, Estoniya ictimaiyyəti Dağlıq Qarabağ problemi haqqında məlumatlıdırmı?

- Bəli, məlumatları var. 1988-ci ildən başlayan bu münaqişə 1994-cü ildə atəşkəs elan edilsə də bu günə kimi də davam etməkdədir. Bütün beynəlxalq tədbirlərdə bu məsələni dondurulmuş münaqişə adlandırırlar. Rəsmilər hər il görüşsələr də bir nəticə alınmır. Hətta Avropa Parlamenti də bu məsələyə son qoyulmasını istəyir. Əlbəttə ki, Estoniyada bu problem haqqında bilməyənlər də var.

- Sizə adətən, Azərbaycan haqqında hansı sualları verirlər?

- Yerləşdiyi coğrafi ərazisi, mədəniyyəti, dini, dili, təbii sərvətləri, mətbəxi, adət-ənənələri, demək olar ki, hər şeyi öyrənməyə çalışırlar.

- Mühacirlərin bəziləri subyektiv səbəblərə görə dinlərini dəyişirlər. Siz müsəlmansınızmı?

- Dinə liberal yanaşıram. Bunu həm də, Avropadakı vəziyyət tələb edir. Burada ərəblərdən çəkinirlər. Çünki onlara radikal müsəlman kimi yanaşırlar. Azərbaycanlı müsəlmanlara fərq qoyulur, ona görə ki, biz azərbaycanlılar da liberal müsəlmanlarıq və onlar da bunu bilirlər. Ən üstün cəhət isə Azərbaycanda dini azadlığın olmasıdır.

- İdmanla, Azərbaycan mədəniyyəti, incəsənəti ilə maraqlanırsızmı?

- Vaxtım olmur, amma vaxt tapanda futbola baxıram. Əvvəllər cüdo ilə məşğul olmuşam. Çalışıram ki, dünyanı gəzim, dövlətlər haqqında məlumatlar oxuyum. Ümumiyyətlə, musiqi həvəskarı deyiləm, milli musiqilərimizi də toylarda iştirak edəndə eşidirəm. Amma mənə xoş olan mahnı olanda dinləyirəm, fərqi yoxdu hansı dildədir: eston, ingilis, rus ya da ki, milli.

- Təmsil etdiyiniz partiyanın məqsədi nədir, siyasi kütləsi və hansı uğurları var?

- Estoniya Konservativ Xalq Partiyasının ideologiyası adından da göründüyü kimi mühafizəkarlıqdır. Yəni eston dilinə və adət-ənənəsinə üstünlük verilir. Sosial dəyərlərin qorunması və saxlanması təbliğatını apararaq ailə dəyərlərinin möhkəmləndirilməsi partiyamızın əsas siyasi xəttidir. Çünki Estoniyada yaşayanların 30 %-i başqa xalqlardır. Ruslar sayca daha çoxdur və onlar da eston cəmiyyətinə qarışmayıblar. Buna da əsas səbəb rus məktəblərinin çoxluğudur. Ölkədə yaşayan hər bir vətəndaşın eston mədəniyyətini bilməsini və estonlar kimi yaşamasını, ən əsası isə onların eston dilində danışmasını istəyirik. Və partiya olaraq da düşünürük ki, bu yaxın gələcəkdə öz həllini tapacaq.

- Estoniyada oktyabrın 15-də bələdiyyə seçkiləri olacaq. Təəssüratlarınızı bölüşərdiniz.

- Mən, Tallin şəhərinin Lasnamae rayonundan namizədliyimi vermişəm. Bu parlament seçkilərinə hazırlıq xarakteri daşıyır. Daha çox bütün gücümüzü 2019-cu ilin mart ayında keçiriləcək parlament seçkilərinə sərf edəcəyik.

- Seçilmək şansınız varmı?

- Partiyamızı ölkə əhalisinin 18 faizi dəstəkləyir. Mən partiyaya gələndə bu göstərici 2-3 faiz idi. Amma gördüyümüz işlərin uğurlu nəticəsidir ki, xalq artıq bizi dəstəkləyir və dəstəkləməkdə də davam edir. Seçilmək şansıma gəlincə isə, ola bilsin ki seçildim, amma məqsədim öz gücümü yoxlamaqdır. İlk dəfə olaraq namizədliyimi verirəm. Əgər nəticə məni qane etsə, əlbəttə ki, parlament seçkilərində də namizədliyimi irəli sürəcəm.

- Təbliğat kampaniyasına başlamısızmı?

- Məqalələr yazıram, verilişlərdə iştirak edirəm, küçədə vətəndaşlarla söhbət edirəm, sosial şəbəkə üzərində reklam təbliğatları aparıram. Bilirsiniz ki, siyasi fəaliyyət uzun vaxt tələb edən marafondur. Və hər dəfə də böyük təcrübə əldə edirəm.

- Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusunuz?

- Əvvəllər tez-tez gəlirdim. Amma son vaxtlar ancaq yay aylarında dincəlməyə gəlirəm.

- Hansı bölgələrimizdə vaxtınızı keçirirsiniz?

- Bakı şəhərində dincəlməyi xoşlayıram. Həm də bütün qohumlarımız buradadır. Yoldaşımın da qohumları Bakıda yaşayır. Özü Nəbi Xəzrinin nəvəsidir.

- Estoniya ilə Azərbaycan arasında qiymətlərdə fərq varmı?

- Əvvəllər baha idi. Çünki manat və avro məzənnəsi bu fərqi hiss elətdirirdi. Amma son 3 ildə avro və dolların manata nisbətən dəyər qazanması bizə xeyirli oldu. Ümumi olaraq başqa illərlə müqayisədə yenə də bahalaşma var.

Fuad








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений