Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlılar Nobel üçün yox, oxucu üçün yazırmış - MÜKAFAT İSTƏYƏN YOXDUR - SORĞU



2018-ci ilin əvvəllərində İsveç Akademiyasında seksual qısnama ilə bağlı qalmaqal yarandığından, akademiya bu il ədəbiyyat üzrə Nobel mükafatının təqdimatını təxirə salmışdı. Buna cavab olaraq, Stokholmda 100-dən çox isveçli yazıçı, aktyor, jurnalist və digər mədəniyyət xadimləri yeni akademiya yaradıblar. Yeni akademiya bütün İsveç kitabxanaçılarını istənilən ölkədən Nobel mükafatına namizəd irəli sürməyə, bu prosesə qoşulmağa çağırıb. Namizəd yazıçının azı 2 kitabı olmalı və onlardan biri son 10 ildə nəşr edilməlidir.

Maraqlıdır, Azərbaycandan ədəbiyyat üzrə Nobel mükafatına namizədliyini sürmək istəyən varmı?

Cebhe.info bu suala cavab tapmaq üçün yazıçı və şairlər arasında kiçik sorğu keçirib. Həmin fikirləri təqdim edirik:

Yazıçı Rövşən Yerfi

“Nə bu il, nə də yaxın gələcəkdə namizədlik mümkün ola bilən iş deyil. Bu gərgin əmək, müəyyən vacib şərait və imkanlar tələb edən böyük prosesdir, qısası hər oğulun, hər yazarın işi deyil. Heç belə bir istəyim, məqsədim də yoxdur. 

Səmimi qəlbdən yazılmış aldığım oxucu məktubları mənə adrenalin bəxş etdiyi üçün bütün mükafatlardan əzizdir, dəyərlidir”.

Şair Roma Xosrov

“Stokholmda belə bir akademiyanın yaradılması olduqca xoş bir hadisədir. Amma, qoyduqları iki şərt ilə heç bir halda razılaşmıram. O akademiya əgər ədəbiyyata xidmət edirsə, o zaman müəlliflərin kitablarının sayı və hansı tarixdə dərc olunması ilə yox, onları, onlara təqdim olunan kitabın özünün dünyəviliyi, bəşəriliyi maraqlandırmalıdır. 

Azərbaycanı təkcə ədəbiyyatda deyil, bacardığımız təqdirdə vətənimizin adına layiq olan bütün işlərdə təmsil etmək bir vətəndaş olaraq mənim və sözsüz ki, hər birimizin arzusudur. Düşünürəm ki, istər yaşlı nəsil, istərsə də gənc nəsil ədəbi mühitində yetərincə tanınmış imzalar var. Bu səbəbdən də, yaxşı olar ki, daha böyük uğur qazanmaq və ölkəmizi layiqincə təmsil etmək üçün seçim, böyük bir oxucu auditoriyasına həvalə edilsin. Mənim üçün Nobeldən daha böyük mükafat xalqın sevgisidir”.

Yazıçı Ayxan Ayvaz:

“Nobel sonuncu dəfə Kazuo İşiquroya verildi. İşiquro maraqlı yazıçıdır. İki romanını oxumuşam və məncə, layiqdi. İsveç Akademiyasında olanlar özü bir roman mövzusu olub lap. 

Qaldı mənim Nobel istəyimə. Versələr niyə də götürməyim? Amma biz onlara yazıçı kimi deyil, heç ölkə kimi maraqlı deyilik. Mən də xəyalpərəst yox, realistəm. Nobel almaq yox, yaxşı yazılar yazmaq arzusundayam”.

Qeyd edək ki, qalib oktyabr ayında elan ediləcək, təqdimat mərasimi isə dekabrda olacaq.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений