Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilir? - Paytaxtı kim idarə edəcək?



Ələsgər Məmmədli: “Qısa müddətdə mer seçkilərini keçirmək olar” 

Hacıbala Abutalıbovun baş nazirin müavini təyin edilməsindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin  başçısı vəzifəsi boş qalıb. Bu posta  kimin gətiriləcəyi son günlərin ən aktual suallarından birinə çevrilib. Sözügedən vəzifəyə  bir neçə namizədin adı çəkilir. Ancaq bəzi ekspertlərin fikrincə, Bakı şəhərinə yeni icra başçısı təyin olunmaya da bilər. Yəni  Azərbaycanın paytaxtında böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkilərinin keçirilməsi daha məqsəduyğun olar.  Təcrübə də göstərir ki, yerli əhalinin şəffaf və demokratik qaydada seçdiyi mer Bakı sakinlərinin problemlərini daha səmərəli şəkildə həll edir. Yuxarıdan təyin edilən icra başçıları isə bir çox hallarda yerli əhali üçün əlçatmaz olur, daha çox bürokratik fəaliyyətə üstünlük verir.  Səsvermə yolu ilə vəzifəyə gələn mer isə həm yerli seçicilər,  həm də Şəhər Şurası qarşısında məsuliyyət daşıyır. 

Qeyd edək ki, Azərbaycan  “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına  və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin yeri özünüidarəetmə ilə bağlı Tövsiyyələrinə  imza atıb. Lakin 18 ildir  həmin öhdəliklər  yerinə yetirilmədiyndən Bakı şəhərində mer seçkiləri  keçirilməyib. 17 ildir Bakı şəhərinə rəhbərlik edən Hacıbala Abutalıbov bu postu tərk etdiyindən indi paytaxtın böyük şəhər bələdiyyəsinin seçilməsi məsələsi gündəmə gəlib. 

Hüquqşünas Ələsgər Məmmədli Cebhe. info-ya açıqlamasında bildirib ki, Azərbaycanın paytaxtında və digər şəhərlərində böyük şəhər bələdiyyəsinin seçilməsi  siyasi iradə ilə həll olunan məsələdir. Ekspert hesab edir ki, hazırda Bakı şəhərində mer seçkilərinin keçirilməsi zəruri prosesə çevrilib: 

“Azərbaycan  Avropa Sosial Xartiyasına və “Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyası”na qoşulub. 18 ildir həmin sənədlərin ratifikasından vaxt keçsə də böyük şəhər bələdiyyəsi yaradılmayıb. Sənədə görə, bərabər qaydada, seçki yolu ilə böyük şəhər bələdiyyəsi seçilməlidir. Mer isə seçkinin nəticələrinə uyğun olaraq, yerli özünü idarəetmə səlahiyyətlərinə malik olmalıdır. Nəticə etibarı ilə, icra hakimiyyəti başçıları onu onu təyin edənlərə, mer isə onu seçənlərə hesabat verir. Beləliklə, Bakı kimi önəmli bir şəhərə cəmiyyətin özünün seçdiyi şəxsin  rəhbərlik  etməsi vacibdir. Çünki Bakı şəhəri Azərbaycanın yarısı deməkdir. Digər məqam ondan ibarətdir ki, Azərbaycan böyük şəhər bələdiyyəsinin yaradılmasına dair beynəlxalq öhdəlikləri icra etmədiyinə görə tənqid olunur.  Ona görə də bu məsələ öz həllini tapmalıdır. Mən yaxın vaxtlarda bu seçkilərin keçiriləcəyini gözləmirəm. Amma hesab edirəm ki, islahatlara gedilməli və Bakı şəhərində böyük şəhər bələdiyyəsi seçilməlidir”. 

Ələsgər Məmmədli  onu da qeyd edib ki, qanunvericiliyə kiçik əlavə və dəyişiklik etməklə Bakı şəhərinin boşalmış icra hakimiyyətinin başçısı vəzifəsinin əvəzinə qısa müddətdə mer seçkiləri keçirmək olar.  

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений