Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bakıda marşrut biabırçılığı: Sərnişinlər yolda qalır



Paytaxt əhalisinin böyük hissəsi ictimai nəqliyyatdan istifadə edir. Son günlər tez-tez müşahidə olunan marşrut avtobuslarının yaxşı işləməməsi, intervalın pozulması və digər neqativ hallar əhalinin ciddi narazılığına səbəb olur. Vəziyyəti yerində görmək məqsədilə şəhərin mərkəzində, əhalinin ən sıx istifadə etdiyi marşrut avtobuslarının dayanacaqlarına yollandıq. Şikayətlər ən çox 46 və 21 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobuslarından idi. İş gününün sonu olduğu üçün avtobus gözləyən çox idi. Sərnişinlərin duruşundan məlum olurdu ki, uzun zamandır dayanacaqda gözləyirlər. Ancaq dayanacaqda avtobus yox idi.

Gəzə-gəzə Səməd Vurğun bağına gəldik. Burada cəmi 1 dayanacaq var. “BakuBus”un 21 saylı marşrut avtobusu burada saxlayır. Dayanacaqda bir avtobus belə yox idi. “Pik saatlarda” avtobusların gecikməsi əhalinin sıxlığına səbəb olur. Səməd Vurğun bağının yanında yüzlərlə sərnişin 21 nömrəli marşrut avtobusunu gözləyirdi. Biz də müşahidə aparmaq üçün sərnişinlərlə birgə gözləməyə başladıq...

Sərnişinlər arasında etirazlar eşidilirdi. Onların söhbətlərindən belə məlum oldu ki, artıq 20 dəqiqədir avtobus gözləyirlər. Təxminən 3 dəqiqədən sonra 21 nömrəli marşrut avtobusu göründü. Sərnişinlər arasında bir anlıq çaxnaşma yaşandı. Hər kəs marşruta minmək üçün ön sıraya keçməyə çalışırdı. Artıq sərnişinlər dayanacaqdan kənara çıxaraq düz yolun ortasına qədər gəlib çatmışdı. Nəhayət marşrut dayanacağa yaxınlaşdı və sərnişinlər tez-tələsik avtobusa minməyə başladı. Sərnişinlərin sayı o, qədər çox idi ki, avtobus tam doldu və hələ də sərnişinlərin yarıdan çoxu yerdə qaldı. Mənzərə həqiqətən də acınacaqlı idi. Qeyd edək ki, 21 nömrəli marşrut avtobusu Səməd Vurğun bağından metronun “Əhmədli” stansiyası istiqamətinə hərəkət edir. Səməd Vurğun bağının digər bir yanında Hövsan qəsəbəsinə getmək istəyən sərnişinləri gördük. Burada da kifayət qədər sərnişin gözləyirdi. Ancaq bu şəxslər digərlərindən fərqli olaraq marşrut avtobusu deyil, “1 manatlıq” taksi gözləyirdi. Çünki Səməd Vurğun bağından Hövsan qəsəbəsinə marşrut işləmir. 

Qeyd edək ki, bir müddət öncə bu istiqamətdə 175 nömrəli marşrut xətti olsa da, sonradan ləğv olundu. Hövsan sakinləri də qaldı “1 manatlıq” taksilərin ümidinə. Əslində Hövsan sakinlərinin gözlədiyi yerdə kifayət qədər taksi var idi. Lakin qiymət baha olduğu üçün sərnişinlər onların xidmətindən istifadə etmir. Orada gözləyən taksilər 1 nəfəri 2 manata, ən yaxşı halda isə 1.50 manata aparırlar. Gündəlik olaraq bu taksilərdən istifadə etmək isə sərfəli olmadığı üçün hər kəs məhz “1 manatlıq” taksi gözləyirdi. Bu baxımdan da hər gün Hövsana gedən sərnişinlər arasında sıxlıq müşahidə olunur. Ümumiyyətlə, qəsəbəyə işləyən digər marşrut xəttlərində də vəziyyət qənatəbəxş deyil. 132, 103, 161 nömrəli avtubusların da iş qrafiki qənaətbəxş deyil. Məsələn, 132 nömrəli avtobusu axşam saatlarında “Əhmədli” metrostansiyası tərəfdə tapmaq müşkülə çevrilir. Ya gəlmir, gələndə də sərinşinlə dolu olur. Bu da marşrut gözləyən qəsəbə sakinlərinin alternativ variantdan istifadə etməsini zəruri edir. 

Şəhərin digər yerlərində də eyni mənzərə müşahidə olunur. Hər gün işə gedən, işdən çıxan şəxslər 20-30 dəqiqə marşrut gözləmək məcburiyyətində qalır. Bu da kifayət qədər vaxt itkisinə səbəb olur. Zamanın və enerjinin böyük hissəsi yollara sərf edilir. Şəhər sakinlərinin sözlərinə görə, daha çox sıxlıq metronun “Gənclik”, “Nərimanov”, “20 Yanvar” stansiyaları yaxınlığında, Xırdalan, Sumqayıt və digər yerlərdə müşahidə olunur.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений