Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıdakı “kasıb evləri”ni də varlılar alacaq



2018-ci ilin yayında Azərbaycanda ilk dəfə inşa olunan sosial evlər layihəsi əhaliyə təqdim ediləcək. Yasamal rayonunun ərazisində inşa edilən tikilidə 1800-dən artıq 1, 2 və 3 otaqlı mənzillər var. 1 otaqlı mənzillər 33 m2, 2 otaqlılar 53-55 m2, 3 otaqlılar isə 70 kvadratmetr olacaq. Bu evləri Azərbaycan İpoteka Fondunun güzəştli kreditləri ilə, yəni ilkin 10 faiz ödənişlə, illik 4 faizlə 3-25 illik müddətə almaq olacaq. Sosial evlər bazar qiymətindən 20-25 faiz aşağı qiymətə satılacaq. Hazırda kompleksin tikildiyi Yasamal rayonu ərazisində orta qiymət 1 kvadratmetrə görə, 1492 manatdır. Sosial evlərin qiyməti isə bundan 20-25 faiz az, yəni 1125-1200 manat arasında dəyişəcək.

Evlərin sahəsini, hər kvadratmetrin qiymətini və kredit şərtlərini nəzərə alaraq hər bir evin alınması üçün aylıq ödənişi hesablamaq olar. Birotaqlı sosial evlərin qiyməti 38 min manat, ikiotaqlının qiyməti 63,2 min manat, 3 otaqlı sosial evin satış qiyməti isə 81 min manat olacaq. Bu evlərin alınması üçün kredit götürəndə 10 faiz ilkin ödəniş tələb edilir. Bunlar isə 1-2-3 otaqlı evlər üçün 3,8 min manat, 6300 manat və 8100 manat təşkil edir. Yerdə qalan məbləğ isə kredit götürülür - 1 otaqlı üçün 34 200 manat, 2 otaqlı üçün 56 900 manat, 3 otaqlı üçün 72 900 manat kredit götürüləcək.

Kredit 25 illiyə götürülərsə, onlar üzrə orta aylıq ödənişlər - 1 otaqlı üçün ayda 180 manat, 2 otaqlı üçün ayda 300 manat, 3 otaqlı mənzillər üçün isə ayda 385 manat edir. Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq, 525,6 manat olub. Bildirilir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

Ümumi mənzərəyə nəzər salsaq, görərik ki, Azərbaycanda minimum əmək haqqı - 116 AZN, orta aylıq əmək haqqı 526 AZN, orta statistik ailənin (4 nəfər) yaşayış minimumu 602.2 AZN-dir. Sosial evlər üzrə aylıq ödənişlər -  Görünən odur ki, nəinki kasıbların, hətta orta təbəqənin belə sosial mənzilə sahib olmaq imkanı yoxdur. 

Maraqlıdır, hazırda Azərbaycanda əhalinin gəlirləri sosial evlərin alınmasına imkan verirmi?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, bu məsələyə səthi yanaşmaq lazımdır: “Hazırda icrası davam etdirilən layihələr güzəştli mənzil layihələridir. Güzəştli mənzil strategiyası Azərbaycanda hazırlanıb və bu, strateji çərçivədə həyata keçirilən layihələrdir. Təbii ki, layihə müəyyən üstünlüklər yaradır. Bu üstünlüklərdən biri ondan ibarətdir ki, İpoteka Fondu vəsaitləri hesabına daha aşağı, yəni, 4 faizlə kredit götürmək imkanı var. İkinci, təmir olunmuş və müasir tələblərə uyğun mənzillər təklif edilir. Üçüncü, bu mənzillər faktiki olaraq bazar qiymətindən aşağı satılacaq. Ən əsası ondan ibarətdir ki, hazırda güzəştli mənzillə satılan evlərin qiymətləri hesablanarəkən bu evlərin sahəsi yaşayış sahəsinə uyğun götürüləcəkdir.

Hazırda daşınmaz əmlak bazarında yeni mənzillərin satışı çöldən-çölə ölçülür. Yəni, divarlar, balkon evin kvadratına daxil edilir və hesablanır, təbii ki, ödəniş də buna uyğun olaraq müəyyənləşdirilir. Amma güzəştli mənzillərin qiyməti hesablanarkən balkon və divarların ölçüsü nəzərə alınmır. Beləliklə, vətəndaş hər 3 otaqlı mənzildə təxminən 12 kvadrat, 2 otaqlı evdə 8-9 kvadrat, o cümlədən, 1 otaqlı evdə 5-6 kvadratdan daha az sahənin pulunu ödəmiş olur. Hazırkı şərtlər daxilində təklif olunacaq üstünlüklər bundan ibarətdir. İndiki halda əhalinin gəlirlərini nəzərə alsaq, güzəştli mənzildən yararlanma imkanı məhduddur”.

Ekspertin sözlərinə görə, hazırda daha iki layihə üzərində iş gedir: “Demək olar ki, birinci layihə satışa hazırlanır. Burada təxminən 1850 mənzildən söhbət gedir. Amma tələbin yüksək olduğunu nəzərə alsaq, hesab edirəm ki, hazırkı şərtlər indiki tələb qarşısında nisbətən normal qəbul edilə bilər. Gələcəkdə daxili bazarlarda mövcud olan tələbin 10 faizi həcmində yəni, il ərzində təxminən, 2000 mənzilin bazara çıxarılması nəzərdə tutulur. Bu, yeni layihələr vasitəsilə təşkil olunacaq. Təklifin müəyyən qədər artırılması, şərtlərin də nisbətən yumşalmasına gətirib çıxarda bilər”.

Bir ailənin aylıq gəliri nə qədər olmalıdır ki, sosial evlərdən almaq imkanı olsun?

Rəşad Həsənov qeyd edib ki, bu, ailə üzvlərinin sayından və birbaşa olaraq alınacaq mənzilin sahəsindən asılıdır: “Mənzilin 1,2 və yaxud 3 otaqlı olmasına uyğun hesablama aparıb ümumi məbləğ haqqında məlumat vermək olar”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений