Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakının "yol əhvalatı" ilə dolu yayı: Daha bir yolda məktəb "məcburiyyəti"



İyulun 10-dan 11-nə keçən gecədən etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işlərinə start verilib. Bununla əlaqədar olaraq dairədən Gəncə prospekti, Neapol küçəsi və Məhəmməd Hadi küçəsinin Əhmədli metrostansiyası istiqamətində hərəkət qismən məhdudlaşdırılıb.

Sözügedən yolda rekonstruksiya işləri aparan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Ukrayna dairəsində təmir işləri bir neçə gün davam edəcək. Bu müddət ərzində dairədə hissə-hissə hərəkət müəyyən istiqamətlər üzrə məhdudlaşdırılacaq. Qurum sıxlığın yaranmaması üçün sürücüləri öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etməyə çağırıb. 

Təbii ki, yolda təmirin aparılmasını təqdirəlayiq hal hesab edənlərlə yanaşı, bunu daha sərin havalarda edilməsinin tərəfdarları olanlar da az deyil. Belə ki, sözügedən ərazidə yaşayan bəzi sosial şəbəkə istifadəçiləri bildirib ki, təmir işləri zamanı yollarda hərəkət məhdudlaşdırıldığından şəhər sakinləri mənzil başına vaxtlı-vaxtında çata bilmirlər: "Yolların təmir olunması, yenidən qurulması alqışlanası addımdır. Son zamanlar şəhərin yollarının abadlaşdırılması bir sakin olaraq hamımızın ürəyini açır. Amma təmir işlərinin sərin havalarda aparılması daha yaxşı olardı. Çünki nəzərə almaq lazımdır ki, onsuzda ictimai nəqliyyatın bir çoxundan kondisioner sistemi işləmir, adam da çox olanda ümumiyyətlə nəfəs belə almaq olmur. Bu vəziyyətdə ictimai nəqliyyat da yolda tıxaca düşəndə vəziyyətimizi indi özünüz təsəvvür edin".

Hər gün Ukrayna dairəsindən istifadə edərək işə gedən digər sakin də eyni fikirdədir. Bakıdakı yolların təmirli olmasının hamımıza faydasının olduğunu deyən paytaxt sakini deyir ki,  Ukrayna dairəsində abadlıq işlərinin aparılmasına ehtiyac yox idi:"Yolların yüksək səviyyədə olması hamı kimi məni də sevindirər. Amma məncə Ukrayna dairəsində təmir işləri payızda da aparıla bilərdi. Onsuzda hazırda bir çox yollarda təmir işləri gedir. Bu da istər-istəməz yollarda tıxaca səbəb olur. Ona görə də işləri tez bir zamanda yekunlaşdırsalar yaxşı olar".

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli iddiaları tamamilə əsassız sayır. Onun sözlərinə görə, əksinə sözügedən yolun yararsız olması ilə əlaqədar təmsil etdiyi quruma həmişə şikayətlər gəlib:"Məhəmməd Hadi küçəsində quruculuq işləri həyata keçirilir və bu küçədə aparılan abadlıq işləri çərçivəsində dairə də mütləq şəkildə təmir olunmalıdır. Həm də hər kəsi razı slmaq mümkün deyil. İstənilən halda kimsə mütləq şəkildə nədənsə narazı olmalıdır. Bu artıq ad hala çevrilib. Ona görə də düşünürəm ki, sözügedən yolda təmir işlərinin aparılması ilə bağlı da hər kəs yaxşı danışası deyildi. Bunu müsbət qarşılayanlar da olacaq, həmişə nədənsə narazı olanlar da nəsə irad da bildirəcək. Əsas olan odur ki, iş gedir və sonda çox keyfiyyətli yol sürücülərin ixtiyarına veriləcək". 

Qurum rəsmisi təmir işlərinin yay aylarında aparılmasına da münasibət bildirib: "Təmir işlərinin əsasən yay ayında aparılması təhsil müəssisələrinin tətilə çıxması ilə əlaqədardır. Bu cür istidə təbii ki, yollarda çalışan işçilər də işlərin daha sərin havada aparılmasını istərdilər. Ancaq məktəblərin olduğu vaxt bu işlər aparılsa yollarda vəziyyət daha da pis ola bilər. Bildiyiniz kimi sıxlıq dərslərin başladığı vaxtlar daha da artır. İndi təsəvvür edin yol məktəblər vaxtı bağlansa böyük tıxaclar yarana bilər. Bu üzdən məcburuq ki, təmir işlərini indi aparaq".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений