Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bankların “faiz endirimi” nəyə hesablanıb?



Əkrəm Həsənov: “Kredit faizlərinin aşağı salınması kimi xəbərlərə tam etimad etmək olmaz”

"Rabitə Bank" biznes kreditlərinin illik faiz dərəcəsini azaldıb. Məlumata görə, hazırda "Rabitə Bank"da sahibkarlara verilən kreditlərin illik faizi Azərbaycan manatında 19 faizdən, ABŞ dollarında isə 9 faizdən başlayır. Halbuki, indiyə qədər bu bankda biznes kreditləri illik 18-26 faizlə təklif olunub. "Rabitə Bank"da biznes kreditləri ticarət, xidmət, sənaye, kənd təsərrüfatı sahələrində sahibkarlıq fəaliyyəti ilə azı 6 ay məşğul olan fiziki və hüquqi şəxslərə verir. 

Kredit əsas vəsaitin alınması və yaxud tikinti işlərinin aparılması, dövriyyənin artırılması məqsədi ilə ayrılır. Kreditin maksimal məbləği 15 min manat (və yaxud təxminən 8,8 min dollar), maksimal müddəti 2 ildir (indiyə qədər 3 il olub). Ödəniş hər ay eyni məbləğdə olmaqla (annuitet qaydada) həyata keçirilir. Güzəşt müddəti layihədən asılı olaraq müəyyən edilir.

Kreditə görə komissiya haqqı borcun məbləğinin 0,6-1 faizi qədərdir. Girov qismində daşınmaz əmlak (torpaq sahəsi, mülk, mənzil) və daşınar əmlak (maşın və avadanlıq) çıxış edə bilər.

Maraqlıdır, banklar krediti nə qədər ucuzlaşdıra bilər?

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, banklar manat kreditlərini Mərkəzi Bankdan 15 faizlə götürür: 

“Əhalinin əmanətləri isə təxminən 12-15 faizdən kreditə cəlb olunur. Bu baxımdan əgər “Rabitə Bank” krediti 19 faizdən verirsə, deməli, Mərkəzi Bankdan aldığı kreditdən 4 faiz gəlir əldə edəcək. Bu isə prinsipcə aşağı marjadır. Bankın verdiyi kreditdən 4 faiz gəlir götürməsi, normaldır və dünya standartlarına uyğundur. Yəqin ki, bank krediti 19 faizdən asağı verməz. Axı bankın da qazancı olmalıdır. Əgər bank krediti 15 faizdən alırsa, 19 faizə də verir. Amma kredit faizlərinin aşağı salınması kimi xəbərlərə tam etimad etmək olmaz. Ola bilər ki, biznes kreditlərinin illik faiz dərəcəsi 19 faizdən başlayır. Amma baxır bank sonda kimə 19, kimə 20, kimə 22, kimə də 25  faizdən kredit təklif edəcək. Adətən, banklar reklam edəndə 19 faiz deyir, amma yaxınlaşanda görürsən, o qədər əlavə xərclər var ki, son nəticədə kredit faizi 19 deyil, daha çox olur. Buna görə də belə informasiyaya tam etimadla yanaşmanın tərəfdarı deyiləm”.

Bankın sahibkarlara ABŞ dollarında verdiyi kreditlərin illik faizini 9 faizdən başlamasına gəlincə, ekspert bu faiz dərəcəsinin normal olduğunu deyib: 

“Çünki hazırda banklar dollarla əmanəti 3 faizdən götürür. Məlumdur ki, hazırda dollarla kredit götürmək istəyənlər yoxdur. Başqa sözlə, vətəndaş dollarla kredit götürməkdən qorxur. Hesab edirəm ki, bütövlükdə bundan aşağı yeri yoxdur. Amma burada bir məsələni də qeyd etmək yerinə düşər. Əgər Mərkəzi Bank uçot dərəcəsini 15 faizdən aşağı salarsa, əlbəttə, bu halda faiz dərəcələri düşə bilər. Amma indiki şəraitdə Mərkəzi Bankın uçot dərəcəsi 15 faizdir. Bu isə o deməkdir ki, banklar kreditin illik faiz dərəcəsini 19 faizdən aşağı verməyəcək”.

Yeganə Oqtayqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений