Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bankların xilası: Elman Rüstəmovun insafına qalıb



Bank sektorunda yaranan ağır vəziyyət ölkənin digər iqtisadi sahələrinə də mənfi təsirini göstərir. Bu baxımdan bank sektorunun sağlamlaşdırılması zəruri hesab olunur. Bank sektorunda aparılan sağlamlaşdırma prosesi isə ötən ilin ikinci yarısından etibarən donduruldu. Bağlanan və birləşən (Bu müddət ərzində cəmi iki bank “Atabank” və “CDB Bank” birləşib- müəl.) banklardan sonra proses dayandırıldı. Baxmayaraq ki, bazarda hələ də kifayət qədər problemli banklar var. Bu da ümumi bank sektorunu inkişafdan saxlayan əsas amillərdən biridir. Doğrudur, problemli kreditlərin həcmi də kifayət qədər yüksəkdir və bank sektorunun düşdüyü maliyyə böhranın əsas səbəblərindən biri də məhz budur.

Bankların bu vəziyyətdən çıxması üçün isə ilk növbədə birləşməsi və ya bağlanması vacib sayılır. Xüsusilə də birləşməyə gedəcəyi haqqında müəyyən informasiya yayılan banklar var ki, hazırkı məqamlarda onlara olan etimad kifayət qədər azdır. Ancaq görünən odur ki, bu məsələ hazırda gündəmdən çıxıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bu məsələdə fərqli mövqedən çıxış etməsi ümumi bank bazarının inkişafına ciddi zərbə vurur.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində bankların birləşməsi üçün dövlət dəstəyinə ehtiyac olduğunu deyib.

N.Cəfərli hesab edir ki, banklar birləşsə belə, mövcud problemləri özbaşına idarə edə bilməzlər: “Əslində belə bir gözlənti yaranmışdı ki, bankların birləşməsi vəziyyətdən çıxmaq üçün onlara şərait yaradacaq. Amma nədənsə bir məsələni unudurdular ki, banklar birləşəndə onların təkcə aktivləri deyil, həm də passivləri birləşir. Yəni, bankların problemləri də artır. Ümumiyyətlə, bankların ən böyük və həll edə bilmədikləri məsələ problemli kreditlərin həcmidir. Bank birləşəndə problemli kreditlərin həcmi də artır.

Kifayət qədər böyük bir vəsait alınır ki, banklar özbaşına bunu idarə edə bilmirlər. Hesab edirəm ki, məhz bu məsələyə görə bankların birləşməsi gecikir. Danışıqların nəticəsiz qalması da bununla bağlıdır. Artıq bir ildən artıqdır ki, bir neçə bankın birləşməyə gedəcəyi ilə bağlı adı çəkilir, amma  bugünə qədər heç bir qərar verilməyib. İnanmıram ki, hansısa dövlət və ya Azərbaycan Mərkəzi Bankının dəstəyi olmadan bu addımı atmaq mümkün olsun”. 

Natiq Cəfərlinin sözlərinə görə, bankların bağlanması ilə bağlı məsələ isə hələ gündəmdən çıxmayıb: “Ola bilər ki, bir müddət sonra bir neçə bankın bağlanması məsələsi müzakirə olunsun. Sadəcə olaraq bu məsələdə bir az gözləmə mövqeyindədir. Çünki ölkədə neft qiymətlərinin artması ilə bağlı ümumi makroiqtisadi göstəricilər normallaşdı. Eyni zamanda Mərkəzi Bankın ehtiyatları da artdı. Hesab olunurdu ki, Mərkəzi Bank artmış ehtiyatlarından istifadə edərək bu məsələdə müəyyən rol oynaya bilər. 

Amma düşünmürəm ki, bankların düşdüyü bu böhran vəziyyət sırf özlərinin məsuliyyətində qalarsa, öz həllini tapacaq. İstər bağlansın, istərsə də birləşin fərq etməz, ümumi bank sektorunda ciddi yenidənqurulma prosesi olmasa, bankların düşdüyü vəziyyətdən çıxması mümkünsüz görünür. Təqribən 5-6 milyard manatlıq problemli kreditlər və ödəniş öhdəlikləri var. Bunlar üçün ödəniş mənbəyi tapılmasa, o bankların vəziyyətdən çıxması mümkünsüz olacaq. Əsas məsələ də məhz maliyyə mənbəyinin tapılmasıdır. Bu da  büdcə, ya Neft Fondu, ya da Mərkəzi Bank olmalıdır. Ancaq hələ ki, bununla bağlı heç bir ciddi müzakirələr aparılmır”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений