Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Baş seysmoloq: Qarabağ zəlzələsi süni törədilməyib: "Təkan baş verməsəydi də, bu tikililər uçacaqdı" - MÜSAHİBƏ



Ötən həftə Qarabağda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin baş verməsi insan təlafatına səbəb olmasa da, səhhəti zəif olanlara mənfi təsir edib. 
 
Bu günədək Azərbaycanda zəlzələ ilə bağlı hamının düşündürən sual budur: Zəlzələ haqda öncədən proqnoz vermək mümkündürmü? Mümkündürsə, niyə bu haqda cəmiyyətə öncədən heç bir məlumat verilmir?
 
Azərbaycan Milli Elmlər Akademiyasının  Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli hələ 2000-ci ildə baş verən zəlzələdən sonra verdiyi açıqlamasında bildirmişdir ki, onların bu haqda öncədən məlumatı olub. Bir çox suallarımıza cavab tapmaq üçün Qurban Yetirmişli ilə söhbətləşdik:
 
- Qurban müəllim, hələ 2000-ci ildə zəlzələ baş verdikdən sonra təşkil olunan mətbuat konfransında demişdiz ki, biz zəlzələnin baş verəcəyini öncədən bilmişik, sadəcə olaraq böyük rezonans yaranmasın deyə bu haqda məlumatı cəmiyyətə çatdırmadıq. Zəlzələni öncədən proqnoz vermək mümkünsə, bu haqda niyə hər hansı xəbərdarlıq verilmir? 
- 2000-ci ilin noyabrında baş verən zəlzələ haqda aprel ayında məlumatlı idik. Lakin zəlzələnin nə zaman baş verə biləcəyini dəqiq bilmirdik. Zəlzələ isə noyabrda baş verdi. Zəlzələ ilə bağlı qısa müddətli proqnoz vermək lazımdır. Zəlzələ baş verəcək yeri, vaxtı və gücü dəqiq bilmək lazımdır. Biz dəqiq tarixi açıqlamamışdıq. Nəinki biz, ümumiyyətlə bu gün dünyada elə bir cihaz yoxdur ki, zəlzələdən qısa müddət öncə belə bir proqnozu verə bilsin. Bunu Allahdan başqa heç kəs biməz. Bir neçə gün öncə 11 saniyəlik zəlzələ baş vermişdi. Bir dəqiqədə 60 saniyə var. Bu yeraltı təkan bir dəqiqə, yaxud bundan bir az da az davam etsəydi, dünya-aləm silkələnər, dağılardı. 25 kilometr dərinlikdə baş verən yeraltı təkanın baş verə biləcəyi saatı necə öncədən proqnoz etmək olar?
 
- 2000-ci ildəki zəlzələ təkrarlanarsa, bir neçə ay öncə bu haqda xəbərdarlığı necə vermək olar?
- Yaponiyalı alim deyir ki, zəlzələ haqda əhaliyə xəbərdarlıq etmək onun proqnozunu verməkdən də çətindir. Təsəvvür edin ki, apreldə xəbərdarlıq verilir ki, bu il ərzində bəlli balda zəlzələ baş verəcək. Yeraltı təkan isə 7 ay sonra baş verir. Bu 7 ayda camaatın necə yaşadığını, həyəcanını təsəvür edin.  Bu haqda öncədən proqnoz vermək qeyri-mümkündür. Birinci dalğa uzununa dalğadır, ikinci dalğa isə eninə dalğadır. Dalğaların gəlmə müddətləri var. Birinci dalğa sürətlə gəlir. S adlanan ikinci dalğanın sürəti isə azdır, lakin o silkələyə-silkələyə gəlir.  
 
- Son zəlzələlərdə İranda baş verən yeraltı təkanların necə, təsiri ola bilərmi?
- İrandakı zəlzələnin bizə heç bir təsiri olmayıb. Ola da bilməz. Ayrı regionlardır. Hər regionun özünün geoloji quruluşu var. 2015-ci ildə buna bənzər 7 zəlzələ olub. 
 
- Ötən həftə sonu zəlzələ baş verən ərazilərə baş çəkilib. Dağılan tikililər var idi. Demək olarmı ki, bu gün bölgələrdə və Bakıda bəzi tikililər zəlzələyə davamlı deyil.
- Bizim nümayəndələrimiz hadisə yerinə baş çəkib. Əksər çatlar köhnə olub. Hansı ki, ermənilərin hücumu nəticəsində evlərdə çat yaranıb ki, baş verən bu yeraltı təkan nəticəsində onlar daha da genişlənib. Son zəlzələ nəticəsində uçan tikililər arasında tövlə, hasar, nazik, bir qat kubiklə tikilən evlərin divarları olub. Zəlzələ baş verməsəydi də, keyfiyyətsiz materialdan tikilən, tikinti normalarına əməl olunmayan tikililər uçacaqdı. Bu tikililərin kəmərləri, kalonları yox idi. Ağdam Seysmik Stansiyamız elə episentrda yerləşir. Həmin seysmik stansiyada nazik bir çat da yoxdur. Çünki normotivlərə əməl olunub. Orta güclü, dağıdıcı gücə malik olmayan bu zəlzələ nəticəsində gərək bir binanın da burnu qanamayaydı. Tövlələrin dağılmasına, uçmasına səbəb tikinti sahiblərinin çiy kərpicdən istifadə etməsi olub. Bu tikililər bir dirəkli olub. Zaqatalada baş verən dağıntılardan sonra məlum olub ki, burada tikintidə çay daşlarından istifadə edilmişdi. Bu daşlar sürüşkəndir, sementi yaxşı götürmür. Bu səbəbdən də dağıntılar  olmuşdur. Bakıda hündürmərtəbəli binalar isə seysmoloji vəziyyətə cavab verir. Çünki bu məsələ Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Agentliyinin nəzarətindədir.  Agentlik tərəfindən bu məsələyə çox ciddi yanaşılır. Əks halda, nəsə baş verərsə, onlar bu məsuliyəti daşımalı olacaqlar. 
 
- Bu zəlzələrin süni olması necə, ehtimal oluna bilərmi?
- Xeyr. Süni və təbii zəlzələnin dalğalarının yazısında belə böyük fərq var. 
 
Nigar 
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений