Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Berlin divarının böldüyü Suriya - Ölkə yalnız kağız üstə bütövdür



ABŞ-ın Suriyadakı silahlı qüvvələrinin sayı  2 min nəfər təşkil edir. Cebhe.info-nun məlumatına görə, "Reuters" agentliyi Pentaqon Suriyadakı  hərbçilərinin sayını az göstərdiyini yazıb. 

Cebhe.info xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Birləşmiş Ştatların terrorçuların məhvindən sonra öz qoşunlarını Suriya ərazisindən çıxartmaq istəmədiyini və ölkənin şimalında yeni hakimiyyət yaratmaq istədiyini deyib. 

ABŞ-ın xüsusi əməliyyat qüvvələrinin koalisiya komandanı Ceyms Carrad oktyabr ayında keçirdiyi brifinqdə Suriyadakı silahlı qüvvələrin sayının 4 min nəfər olduğunu bəyan edib. "The Washington Post"un Ağ Evdəki mənbəyə istinadən yazdığına görə, ABŞ  hərbi bazalarını Suriyadan çıxartmaq niyyətində deyil. Bununla da Tramp adminstrasiyası Cenevrə danışıqlarında Bəşər Əsədə təzyiq imkanlarını saxlamaq istəyir. Ekspertlərin fikrincə, Pentaqonun  Suriyadakı hərbçilərinin sayını artırması  ABŞ-ın hələ uzun müddət bu ölkədə qalmaq planından xəbər verir. Bəşər Əsəd rejimi ABŞ qoşunlarının Suriyadakı fəaliyyətinin qeyri-legiitim olduğunu iddia edir. Ancaq Amerika silahlı qüvvələri faktiki olaraq ölkənin şimal-şərqini  kürd yaraqlıları ilə birlikdə tam nəzarətdə saxlayır. İŞİD və "Əl-Qaida terrorçularına qarşı  aviazərbələr Türkiyə ərazisindən həyata keçirilsə də ABŞ hərbçilərinin əhəmiyyətli hissəsi Suriya ərazisində mövqe tutub.  İraqla sərhəddə yerləşən kürdlərin yaşadığı Hasak əyalətinin şimal-şərqindəki "Rumeylan" hava limanı artıq ABŞ hərbçilərinin nəzarətindədir. Amerikalıların bu hava limanın hərbi-hava bazasına çevirmək istədiyinə dair məlumatlar var. 

Prezident Donald Tramp ABŞ-ın belə bir məqsədinin olmadığını deyir. Ancaq belə məsələlər Konqresin qərarından asılı olaraq həyata keçirilir. 

Siyasi müşahidəçilərin fikrincə, Rusiya hərbi bazalarının Suriya ərazisində qalması ABŞ-ı da analoji addıım atmağa sövq edə bilər. Rusiya Siilahlı Qüvvələrinin Baş Qərargah rəisi Anatoli Gerasimov  Suriyadakı rus qoşunlarının  sayının ixtisar ediləcəyini bildirib. Onun sözlərinə görə,  Hmeym və Tartus limanındakı hərbi hava bazaları və "Atəşkəsin Təmin edilməsi üzrə Mərkəz" istisna olmaqla, Rusiyanın digər hərbi birləşmələri Suriyadan çıxarılacaq. Rusiya bu addımını Suriya ərazisinin 98 faizinə Bəşər Əsəd hakimiyyətinin nəzarəti bərpa etməsi ilə əlaqələndirir. Ona görə Kreml Suriyada hərbi əməliyyatları dayandırmaq Suriya böhranının siyasi müstəvidə nizamlanmasını təklif edir. Lakin ABŞ hərbçilərinin ölkədə qalması həmin ərazilərə Bəşər Əsədin nəzarət etməsini mümkiünsüz edir. Çünki ölkənin şimal-şərqi bu gün Əsəd hakimiyyətinin yurisdiksiyasından şıxıb.  2014-cü ildən Suriya ilə diplomatik münasibətləri donduran Birləşmiş Ştatlar Əsəd rejimini qanuni hakimiyyət kimi tanımır. Ancaq ABŞ-ın hərbi bazanın  yaradılmasına hansısa əraziləri tutmaq baxımından yanaşmır. Vaşinqton üçün bu məsələ daha çox strateji əhəmiyyət daşıyır. Yaxın Şərqdə hərbi bazanı saxlamağa sövq edən əsas səbəb İran  amilidir. Bu həm də İranın Yaxın Şərqdə artmaqda olan təsirindən narahat olan İsraili sakitləşdirməyə xidmət edir. Ekspertlərin fikrincə, ABŞ qoşunları Suriyada qaldıqca, istər Bəşər  Əsədin, istər sə də onun siyasi varsinin mövcud şərtlər daxilində ölkəni idarə etməsi mümkün deyil. Çünki ələvilərdən ibarət azlıq hələlik hakimiyyətdə qalsa da bu gün Suriya  hansısa bir kağız üzərində ərazi bütövlüyünü saxlayır. Reallıqda isə Suriya bölünmüş durumdadır. Hakimiyyət 6 ilə yaxındır ki, ölkənin böyük hissəsinə nəzarəti itirib. 

Son dövrlər  Əsədin hakimiyyəti altına qaytarılan ərazilər faktiki olaraq Rusiyanın və İranın nəzarətindədir. Ümumilikdə isə bu gün Suriya üç təsir zonasına bölünüb. Ölkənin şərqi, cənubu  və mərkəzi hissələri Rusiyanın əlindədir. Həma və Homs əyalətlərində, eləcə də Livanla sərhəddə İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının döyüşçüləri mövqe tutsa da bu üstünlük Rusiyanın dəstəyi sayəsində mümkün olur. Suriyanın şimal-şərqinə isə ABŞ hərbçiləri nəzarət edir. Birləşmiş  Ştatlardan 3500 TIR silah, artilleriya və zirehli texnika alan PYD terror təşkilatı da həmin bölgələrdə Əsədin hakimiyyətini bərpa etməsinə qarşı çıxır. Bu da Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində PKK-nın mövqelərini gücləndirib. Ona görə də Afrinə nəzarət uğrunda Rusiya, Türkiyə və ABŞ arasıında mübarizə gedir. 

Suriyanın şimalının böyük hissəsi Türkiyənin nəzarətindədir. Türkiyə "Fərat qalxanı" əməliyyatı nəticəsində Suriya ilə 911 km-lik sərhəddin 630 km-ə yaxın hissəsini terrorçulardan təmizləyə bilib. Türkiyənin Kilis vilayətinin sərhəddindən cənubda Suriyanın Əl-Bab şəhərinə qədər olan 2500 kv. km. ərazi Ankaranın nəzarətindədir.  Bəşər Əsəd rejimi və ABŞ Türkiyənin bu bölgəni tərk etməsində maraqlıdır. Ona görə də bəzi politoloqlar Suriyanın hazırkı durumunu İkinci Dünya Müharibəsindən sonrakı Almaniya ilə müqayisə edərək bildirir ki, bu ölkə Rusia və ABŞ arasında iki hissəyə bölünüb. Lakin Ankaradan gələn rəsmi bəyanatlar Türkiyənin yaxın perspektivdə Suriya ərazisini tərk  etmək niyyətində olmadığını göstərir. Çünki cənub sərhədlərində geniş bufer zonanın mövcudluğu  PKK və YPG-nin terrorundan müdafiə olunmağa çalıan Türkiyənin təhlükəsizliyi üçün çox vacibdir. 

Ona görə də yaxın perspektivdə  Suriyanın siyasi gələcəyinin müəyyənləşməsində Rusiya və  ABŞ əsas söz sahibi olaraq qalacaq. Problemin tam həllini tapmaması  İran, Türkiyə və Səudiyyə Ərəbistanı kimi aktorlara Suriyada iştirakını saxlamaq imkanı verə bilər.  

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений