Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Beynəlxalq Sərgilər Bürosu baş katibinin müavini: “Expo 2025 Azərbaycanın gələcəyi üçün müstəsna layihədir”



Beynəlxalq Sərgilər Bürosunun (BSB) baş katibinin müavini Dimitri Kerkentzes Expo 2025 Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyi etmək üçün namizədliyi irəli sürülən Bakının hazırlıq prosesi ilə tanış olmaq məqsədilə Azərbaycana səfər edib. 
 
APA-nın xəbərinə görə, media nümayəndələri ilə görüşdə D. Kerkentzes bildirib ki, Bakı Expo 2025-ə ciddi hazırlaşır:

“Artıq bu istiqamətdə İşçi və Əməliyyat qrupu fəaliyyət göstərir. Bakı digər rəqiblərindən geri qalmır. Layihənin həyata keçirilməsində gənclərin müstəsna rolu olacaq. Səfərim zamanı Expo 2025-ə cavabdeh olan bir sıra rəsmilərlə - Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, onun köməkçisi, Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifovla maraqlı və faydalı görüşlər keçirmişəm. Bakı namizədlik uğrunda mübarizədə var gücü ilə çalışır”. 
 
Expo ailəsi üçün Bakının kifayət qədər cəlbedici ölkə olduğunu vurğulayan qonaq qeyd edib ki, Expo 2025 Azərbaycanın gələcəyi üçün müstəsna layihədir:

“Mart-aprel aylarında Beynəlxalq Sərgilər Bürosunun Qiymətləndirmə Missiyasının Bakıya səfəri olacaq. Qiymətləndirmə Missiyası Expo 2025-ə digər namizədlər - Paris, Osaka və Yekaterinburqda da olacaqlar. Qiymətləndirmə Missiyasının fəaliyyətindən sonra gələn ilin noyabrında qalib şəhərin adı açıqlanacaq. Bakı Qiymətləndirmə Missiyasını, Beynəlxalq Sərgilər Bürosunun üzvü olan 170 dövləti Expo 2025-in şəhərinizdə keçirilməsinə inandırmalıdır”.
 
D. Kerkentzes media nümayəndələri ilə görüşdən sonra Expo 2025 Bakı kitabına ürək sözlərini yazıb.
 
Qeyd edək ki, mayın 18-də Azərbaycan prezidenti İlham Əliyevin Bakının 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə BSB-ya rəsmi məktubu təqdim edilib.
 
Bu ilin sentyabr ayında Bakının Expo 2025 sərgisinə dair namizədlik dosyesi Büroya təqdim olunub. 
 
“İnsan kapitalını inkişaf etdirərək, daha gözəl gələcək quraq” Azərbaycanın sərgi üçün təqdim etdiyi mövzudur.
 
Azərbaycanın əlavə olaraq təqdim etdiyi üç alt mövzu - İstedad, Sağlamlıq və Nailiyyət - BMT-nin müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir. 
 
Azərbaycanın Birinci vitse - prezidenti Mehriban Əliyeva noyabrın 14-də Parisdə, Royal Pavilyonda Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbulda iştirak edib.
 
Azərbaycan nümayəndə heyəti noyabrın 15-də Parisdə BSB Baş Assambleyasının 162-ci sessiyasında Bakı şəhərinin Expo 2025 Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün xüsusi təqdimat keçirildiyi iclasa qatılıb.
 
Expo 2025-ə iddialı digər namizədlər - Fransa (Paris), Yaponiya (Osaka) və Rusiyadır (Yekaterinburq).
 
BSB 1928-ci ildə yaradılıb. Büro Ümumdünya Sərgisi, İxtisaslaşdırılmış Sərgi və digər beynəlxalq sərgilərin keçirilməsi ilə məşğuldur. 170 dövlət BSB-nin üzvdür.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений