Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bölgədə yeni mənzərə: Qalib və məğlub görünənlər - TƏHLİL



Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslər yeni strateji mərhələyə daxil olur.Bu, son dövrlər bölgədə baş verən bir sıra önəmli hadisələrlə bağlıdır. Suriya və İraqda İŞİD-in nəzarətində olan ərazilərin azad edilməsi, Rusiyanın hərbi qələbələri nəticəsində Bəşər Əsəd rejiminin itirilmiş ərazilərdə öz hakimiyyətini bərqərar etməsi və Şimali İraq Kürd Muxtariyyətinin özünü müstəqil elan etməsi Yaxın və Orta Şərqin xəritəsini dəyişə bilər. Hazırda Rusiyanın ərəb dünyasında, o cümlədən, Şərqi Aralıq dənizi regionunda geosiyasi mövqeləri getdikcə möhkəmlənir.Bəşər Əsəd rejimi son iki ildə Rusiyanın hərbi dəstəyi sayəsində müxalifət üzərində qələbə qazana bilib.

Artıq Suriya hakimiyyəti ölkənin 80 faizinə nəzarət edir.Suriyanın xarici işlər naziri Valid Muəllim Dəməşq rəhbərliyinin müttəfiqlərinin yardımları ilə yekun qələbəyə yaxınlaşdığını deyib.Suriya və Rusiya birgə komissiyasının 10-cu iclasına qatılan nazir indi də Suriya iqtisadiyyatını birlikdə yenidən inşa etmə prosesini başlatmaq istədiklərini qeyd edib.Vəlid Müəllim həmçinin Rusiya rəhbərliyinə radikal terror təşkilatları ilə mübarizədə Suriya rəhbərliyinə dəstəkləri və həmçinin bu məsələdə prinsipli mövqeyindən dolayı təşəkkür edib.Rəsmi Moskvanın bu üstünlüyü Suriyadakı əməliyyatlarda silahlı müxalifəti dəstəkləyən digər ərəb dövlətlərini də reallıqla hesablaşmağa vadar edib. Səudiyyə Ərəbistanı kralının Moskvaya səfəri zamanı müxalifətə dəstəyin dayandırılması , Bəşər Əsədin keçici dövr üçün hakimiyyətdə qalmasına Ər-Riyadın razılıq verməsi və Rusiyanın bölgədəki qələbəsini tanıması Yaxın Şərqdə geosiyasi vəziyyətin ciddi dəyişikliklər ərəfəsində olduğundan xəbər verir. Mövcud situasiyanı İraqın “Əl-Aləm” qəzetinə şərh edən siyasi ekspert Həlim ər-Raabi hesab edir ki, son illər ərəb coğrafiyasını bürümüş xaos yekunlaşmaq üzrədir və proses sülhə doğru irəliləyir. Kral Salman bin Əbdüləziz əs-Səudun Rusiyaya tarixi səfəri regional, beynəlxalq əməkdaşlıq çərçivəsində xüsusilə də Suriya probleminə dair dəqiq razılaşmaların əldə edilməsinə gətirib çıxartdı. Bununla eyni vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri baş tutub.Bu isə Suriya müharibəsinin başlanmasından sonra Ankara ilə Tehran arasındakı münasibətlərdə mühüm mərhələ hesab olunur.Hazırkı ABŞ administrasiyasının Suriya böhranının həllindəki uğursuzluğu Türkiyəni Rusiyaya tərəf yönəldib.Bundan başqa, Rusiyanın Ankaradakı səfirinin qətlə yetirilməsi ikitərəfli əməkdaşlığı dərinləşdirib və fəallaşdırıb. Eyni zamanda, Suriya məsələsində ABŞ-ın mövqeyinin laxlaması, Ağ Evin irəliləyişə nail ola bilməməsi və kürd ekstremistlərə hərbi dəstək verməsi də Türkiyənin mövqeyinə təsir göstərib. Bu, Ankara və Vaşinqton arasındakı gərginliyi inanılmaz dərəcədə artırıb.

Digər tərəfdən, ABŞ-ın dəstəyi ilə İraq Kürd Muxtariyyəti referendum keçirərək müstəqillik elan edib.Səsvermənin nəticələrini dünya dövlətləri tanımasa da İraqın bölünməsi planı Yaxın və Orta Şərqin xəritəsinin dəyişməsi ehtmalını artırır.Lakin İraq, Türkiyə, İran və Suriya tərəfindən müstəqil kürd dövlətinin yaradılmasının qarşısında əsas maneəyə çevrilib.Bir tərəfdən hərbi qələbələri fonunda ərəb dünyasında və Şərqi Aralıq dənizi hövzəsində Rusiyanın geosiyasi mövqeyinin güclənməsi müşahidə olunur.İran rejimi İraq-Hizbulllah-Livan-Suriya şiə dəhlizi vasitəsilə İsrail sərhədinə və Aralıq dənizinə çıxış əldə edir.Digər tərəfdən isə ABŞ-ın və İsrailin dəstəyi ilə müstəqil kürd dövlətinin yaradılması istiqamətində hərəkətə keçilib.NATO üzvü olan Türkiyənin Rusiya və İranla hərbi əməkdaşlığı dərinləşdirdiyi bir vaxtda ABŞ-la münasibətləri qarşılıqlı vizaların qadağa olunmasına qədər gərginləşib.Mövcud vəziyyət Yaxın və Orta Şərqdə qüvvələr nisbətinin yenidən dəyişəcəyini göstərir.Həlim ər-Raabinin sözlərinə görə, Suriyada, Liviyada və Yəməndə baş verən kütləvi qırğınlardan sonra ABŞ-ın “Böyük Orta Şərq” layihəsi ciddi uğursuzluğa düçar olub.Belə vəziyyətdən istifadə edən Rusiya sözügedən münaqişələrin qarşısının alınmasında öz yardımını təklif edir.

Qeyd edilən səbəblər və terrorizmə qarşı döyüş cəbhəsində əldə edilən qələbələr suriyalıları strateji qələbəyə yaxınlaşdırıb.Xüsusilə də Suriya ordusunun Əl-Mayadin şəhərini ələ keçirməsi Əsəd rejimi və Rusiya üçün həlledici uğura yol aça bilər.Eyni vaxtda Suriya hökumət qüvvələri Deyr əz-Zor şəhərinin mühasirəsini davam etdirir.Bu qələbə ekstremist qüvvələr və ABŞ üçün regionda ciddi əngələ çevriləcək.Vaşinqton Suriya ordusunun gücləndiyi bir reallıqla qarşılaşıb.Rusiyanın Suriyaya müdaxiləsi qüvvələr nisbətinin bərabərləşməsində həlledici rol oynayıb.Suriya ordusu İŞİD-in və digər silalı qrupların nəzarətində olan əraziləri geri qaytarıb, amerikalıları isə böhranın sülh yolu ilə həllini axtarmağa məcbur edə bilib.Bəşər Əsədə tabe olan ordunun və onun müttəfiqlərinin qələbəsindən sonra ABŞ Suriyadakı hərbi tərəfdaşlarının bacarıqsızlığını dərk edib.Suriya hökumət qüvvələri isə son qələbəyə qədər davam etmək fikrindədir.

Politoloq Elşən Manafov hesab edir ki, Suriyanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Türkiyə və İranla birlikdə həyata keçirdiyi hərbi əməliyyatlar Yaxın və Orta Şərqin xəritəsinin dəyişdirilməsi prosesinin qarşısını ala bilər:

“Suriyada Əsədə qarşı vuruşan müxalif qüvvələrin sıxışdırılması mahiyyət etibarı ilə Birləşmiş Ştatların Yaxın və Orta Şərqdəki təsir dairəsi uğrunda apardığı mübarizədə məğlub olunması anlamında qəbul olunmalıdır. Etiraf etmək lazımdır ki, Suriyada əldə olunan qələbə Rusiyanın hərbi uğurudur.Əgər ABŞ Suriyanın parçalanmasına, o cümlədən, İraqda fərqli bir mənzərənin yaranmasına nail olsaydı, Rusiyanın hərbi bazaları Suriyadan çıxarılacaqdı.Növbəti olaraq İran hədəfə götürüləcəkdi.Bunu İran rəsmiləri də anlayır.İraqda müstəqil kürd dövlətinin yaradılması isə Türkiyənin parçalanmasına və regional dövlət olaraq bölgədə təsir dairəsi uğrunda apardığı mübarizənin məhdudlaşdırılmasına yönəlmiş bir siyasət idi.Bu mənada, Rusiyanın Suriyada əldə etdiyi hərbi və siyasi qələbə, həm də İranın, Ərdoğan iqtidarının və Bəşər Əsəd rejiminin nailiyyətidir.Əslində, İraqdakı siyasi elita da İranın hakim dairələrinə bağlıdır.İraq hökumətinə İran İslam İnqilabı keşikçiləri Qvardiyasının kifayət qədər təsir imkanları var. Bu baxımdan, İŞİD-in zəbt etdiyi ərazilərin xeyli məhdudlaşdırlması, bu terror qruplaşmasının mübarizə aparmaq imkanlarını zəiflədib.İŞİD artıq terrorçu təşkilat olaraq məhv olmaqdadır. Əgər 2015-cü ildə İŞİD-in Mosul ətrafındakı ərazilərdə neft satışından əldə etdiyi gəlirin həcmi 40 milyon dollar dəyərində idisə, 2017-ci ilin ilk aylarında bu məbləğ 5 milyon dollara qədər azalmışdı. Bu onu göstərir ki, İŞİD-in bölgədə cərəyan edən hadisələrə təsir imkanları aradan qalxıb.Bütün bunları ilk növbədə, Rusiyanın, Türkiyənin, İranın və Suriyanın qələbəsi kimi qiymətləndirməzdim.Yaranmış vəziyyət beynəlxalq terrorizmə qarşı mübarizə aparılan siyasətin nəticəsi kimi qəbul olunmalıdır.Heç şübhəsiz ki, ABŞ Yaxın və Orta Şərqdəki məlum geosiyasi reallıqlardan məmnun deyil.Birləşmiş Ştatlarla eyni mövqedən çıxış edən İsrail də vəziyyətin dəyişməsi üçün siyasətini davam etdirəcək”.

Müşfiq Abdulla

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений