Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Borcu olmayanlarla bağlı GÜZƏŞT TƏKLİFİ



“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə edilib.Ölkə başçısı tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin yanvarın 1-də yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcların, eləcə də 2015-ci ilin yanvarın 1-dək yaranmış maliyyə sanksiyaları tam məbləğdə silinir.Bununla bağlı ölkə başçısı Milli Məclisə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” yeni qanun layihəsi təqdim edib.

Qanun layihəsinə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin yanvarın 1-də yaranmış və 2018-ci ilin aprelin 1-dək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları - hesablanmış penya üzrə borclar da tənzimlənir. Belə ki, sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının -hesablanmış penyanın 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının -hesablanmış penyanın ödənilməmiş 90 faizi, aprel-iyul aylarında həmin maliyyə sanksiyalarının- hesablanmış penyanın 30 faizi ödənildikdə -ödənilməmiş 70 faiz, aprel-sentyabr aylarında həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə ödənilməmiş 50 faiz silinəcək. Qanun 2018-ci il aprelin 1-də qüvvəyə minəcək. Qeyd olundu ki, borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, 2006-cı il yanvarın 1-dən etibarən məcburi dövlət sosial sığorta haqları hesabına müəssisə və təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin idarə olunmasının Dövlət Sosial Müdafiə Fonduna verilməsi nəticəsində fiziki və hüquqi şəxslərdə, həmçinin dövlət müəssisələrində borclar yarandı. Ekspert qeyd edib ki, bu ödəmələrin yeni əsaslarla təşkili və plastik kartlarla həyata keçirilməsi təmin edilmişdi:

“Bəzi şirkətlər yeni sistemə keçidə hazır deyildi. Son 12 ildə təqribən 365 milyon manata yaxın borc yığılıb.Bunun 270 milyona yaxını ödənilməyən məbləğdir.Qalan 82 milyona yaxın vəsait isə borclara hesablanmış penyalardır.Əslində, sözügedən qərarın verilməsi, bu sistemdə təmizlik işlərinin aparılması üçün doğru qərardır.Lakin burada problem ondadır ki, bu günə qədər Azərbaycan hökumətinin kommunal borcları, eləcə də digər maliyyə sanksiyaları silinməsi, indi də məcburi sosial sığorta ilə bağlı borclara bağlı qərarda həmişə borcunu ödəməyənlərə şamil olunub.Borcunu ödəməyən şəxslərə, eləcə də şirkət və qurumlara güzəştlər olunursa, vaxtı-vaxtında ödənişlərini həyata keçirən fiziki və hüquqi şəxslərə də güzəştlər olmalıdır.Əks təqdirdə, belə bir təsəvvür yaranır ki, pis ödəyiciyə daha çox güzəşt olunur, nəinki vaxtında ödənişləri ödəyənlərə”.

İqtisadçı məcburi sosial sığorta ilə bağlı hökumətə təklif verib:

“Bildiyim qədərilə Milli Məclisə 5 maddədən ibarət qanun layihəsi göndərilib. Hesab edirəm ki, ora 6-cı maddə də əlavə olunmalıdır.Bu günə qədər vaxtında ödənişlərini həyata keçirən, heç bir borcu olmayan fiziki və hüquqi şəxslər ən azı 6 ay sosial sığorta ödənişlərindən azad olunmalıdır.Həmin şəxslər vaxtında ödəməyin bəhrəsini görəndən sonra bu istiqamətdə maraqları daha da artacaq.Faktiki qanuni şəkildə işini görənlər heç bir güzəştdən yararlana bilmir.Bu, fiziki və hüquqi şəxslərə qarşı ədalətsizlikdir və bu yanaşma ödənişləri etməməyə təşviq edir”.
Y.Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений