Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu gün Vahid Əzizin doğum günüdür



Bu gün nəğməkar şair Vahid Əzizin doğum günüdür.

Cebhe.info xəbər verir ki, Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan dünyaya göz açıb. Ailəliklə Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirib (1963). Əmək fəaliyyətinə Şirvan şəhərində Şirvanneft trestində başlayıb (1963-1964).

Azərbaycan Politexnik İnstitutunu bitirib (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971-1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışıb.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olub (1991-1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri olub. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni - Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil edib.

"Oğuz eli" ədəbi-publisistik qəzetin işıq üzü görməsinə ciddi köməyi olub. Bakıda keçirilən Beynəlxalq-biznes konqresinin təşkilat komitəsi qərargahının rəisi olub (1991). "Ergün" firmasını, eyni adlı nəşriyyatı təsis edib. Burada bazar iqtisadiyyatı ilə sıx bağlı olan sorğu, lüğət kitablarını, müasir Avropa və Amerika iqtisadçılarının əsərlərini kütləvi tirajla nəşr edib.

Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeirindən sonra başlanıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunub. Yeni şeirlərlə vaxtaşırı çıxış edib. Sözlərinə bəstələnmiş mahnıların diski buraxılıb. "Dözmək olmur" (1997) şeirlər kitabı rəğbətlə qarşılanıb. Bədii tərcümə ilə də məşğul olur. 40-dan çox mahnısına musiqi bəstələnib. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə olub.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений