Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Büdcə təlatümü gələn ilə qaldı: 2018-ci ili risksiz başa vuracağıq



İyunun 12-də Milli Məclisin növbəti plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Qanunda dəyişikliklər müzakirə olunub. 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22 milyard 110 milyon manat, xərcləri isə 23 milyard 61 milyon manat nəzərdə tutulur. Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. 2018-ci il dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 29,6 faizini təşkil etməklə 22 milyard 110 milyon manat proqnozlaşdırılır. Bu da 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1 milyard 983 milyon manat və ya 9,9 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 593,3 milyon manat və ya 33.9 faiz çoxdur.

Yenidən baxılma ilə dövlət büdcəsinin xərclərinin 2 milyard 14 milyon manat artırılaraq 23 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur. Bu da təsdiq olunmuş proqnoza əsasən 9,6 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 milyard 466,5 milyon manat və ya 31,1 faiz çoxdur.

Artımdan sonra dövlət büdcəsinin xərclərinin cari ilin sonuna gözlənilən ÜDM-in 30,9 faizinə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz bəndi, 2017-ci ilin faktiki icra göstəricisindən 5.8 faiz bəndi artıqdır. Bundan əlavə, 2018-ci ilin dövlət büdcəsində neftin baza qiyməti də artırılır. Dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 ABŞ dolları artırılaraq 55 ABŞ dollarına çatdırılması nəzərdə tutulur.

Bunun müqabilində cari ilin sonunadək ARDNF-ə əlavə olaraq gözlənilən 5 milyard 600 milyon manat daxilolmaların 1 milyard 750 milyon manatının dövlət büdcəsinə transfert edilməsi, gömrük inzibatçılığının gücləndirilməsi və digər islahat tədbirlərinin keçirilməsi hesabına Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir proqnozunun 725 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlərinin 35 milyon manat artırılması, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 31 milyon manat istifadə olunması nəzərdə tutulur.

Büdcə müzakirələrini “Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, hökumət neftin baza qiymətinin artırılmasına konservativ yanaşıb: “2018-ci ildə dünya bazarlarında neftin ortalama qiyməti 70 dollar civarında olub. Ona görə də büdcədə neftin baza qiymətinin 10 ABŞ dolları artırılması böyük risk deyil. Müxtəlif qlobal proseslər baş versə, il ərzində neftin qiyməti 55 dollardan aşağı düşə bilər. Buna görə də məsələyə daha konservativ yanaşıblar. Sadəcə, Azərbaycanda dövlət büdcəsini artırmaq üçün əlavə gəlir mənbəyi yoxdur.

Neftdən asılılıq çox yüksəkdir, qeyri-neft sektorunun gəlirləri dövlət büdcəsinin xərc hissəsini artırmağa imkan vermir. Baxmayaraq ki, uzunmüddətli yol xəritələri qəbul olunub, amma son illərdə əlavə gəlir mənbəyi yaranmayıb. Yeganə ümid yenə də neftə qalıb. Ona görə də büdcənin xərc hissəsini artırmaq üçün mütləq neftin baza qiymətini artırmaq lazım gəldi ki, əlavə gəlir və onu xərcləmək imkanı yaransın”.

Ekspert hesab edir ki, 2018-ci ilin dövlət büdcəsində neftin baza qiymətinin artırılması problem yaratmayacaq: “OPEC-də razılaşma pozulmalı, Amerikada hasilat kəskin artmalıdır ki, neftin qiyməti 55 dollardan aşağı düşsün. Hələlik bu ehtimalların çox azdır. Nəzərə alaq ki, ilin yarıdan çox hissəsi arxada qalıb. Amma növbəti illə bağlı problem yaşanacaq. Çünki 2019-cu ildə indiki neft qiymətlərinin bu səviyyədə qalması problemli görünür və qiymətlərin kəskin enmə ehtimalları da var. Əgər neftin qiymətində kəskin enmə qeydə alınarsa, 2019-cu ilin dövlət büdcəsində “qara qızıl”ın baza qiymətini 40-45 dollardan götürsələr, o zaman gəlir hissəsi kəskin azalacaq.

Gəlir hissəsi azalan kimi xərclər hissəsi də azalacaq. Bu zaman məcbur olacaqlar ki, Neft Fondundan daha çox vəsait istifadə etsinlər. İqtisadiyyatı orqanizm kimi təsəvvür etsək, artan büdcə orqanizmdə əlavə qan dövranı deməkdir. Artıq iqtisadiyyat o qan dövranına öyrəşir, gələcəkdə bunu kəssələr, yəni büdcə azalsa, iqtisadiyyatda ciddi problemlər yaşana bilər. Bu nöqteyi-nəzərdən təhlükəli addımdır. Hələlik 2018-ci il üçün böyük təlatümlərin olacağını düşünmürəm”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений