Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Büdcədə yükə çevriləcək 10 milyardlıq borc



Azərbaycanın xarici dövlət borcu 10 milyard dollara yaxınlaşıb.

Maliyyə Nazirliyinin açıqlamasına əsasən, bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan beynəlxalq maliyyə qurumları və digər kredit təşkilatları ilə 14,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalayıb. Maliyyə Nazirliyi xəbər verir ki, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə xarici dövlət borcunun ümumi məbləği 9,6 milyard dollar təşkil edib. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) 22 faizi qədər olmaqla, adambaşına 972,4 dollar xarici dövlət borcu deməkdir.

Beləliklə, martın sonuna xaricdən alınmış kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları - 6 faiz; ABŞ dolları - 81 faiz; avro - 9,4 faiz; yapon yeni - 2,5 faiz; digər valyutalar - 1,1 faiz.

Cəlb edilmiş kreditlərin 46,5 faizi sabit, 53,5 faizi isə dəyişkən dərəcəli olub. Xarici dövlət borcunun 43,9 faizi 10 ilə qədər müddətdə, 52,3 faizi 10 ildən 20 ilə qədər müddətdə, 3,8 faizi isə 20 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.

Bu ilin I rübündə imzalanmış kredit sazişləri üzrə 255,9 milyon dollar vəsait istifadə edilib. Aprelin 1-nə dövlətin daxili borcu isə 1 069,9 milyon manat təşkili edib. Maraqlıdır, Azərbaycanın xarici dövlət borcunun bu artımını məqbul hesab etmək olarmı?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Maliyyə Nazirliyinin açıqladığı xarici borc rəqəmləri heç də Azərbaycanın ümumi xarici borcunu göstərmir: “Çünki Dövlət Neft Şirkətinin xarici borcu Azərbaycanın ümumi dövlət borclarından çoxdur. Yaxud da başqa dövlət şirkətlərinin xarici borcları var ki, bu, Maliyyə Nazirliyi tərəfindən açıqlanan rəqəmlərdə öz əksini tapmır. Amma nazirliyin açıqladığı rəqəmləri əsas götürsək, deyə bilərik ki, ÜDM-də 22 faiz həcmində xarici borcun olması beynəlxalq müqayisədə normal qəbul oluna bilər. Yəni, bu, o qədər də yüksək risk formalaşdırmır.

Bəzi ölkələr var ki, orada hətta ÜDM-dən artıq borc yükü var. ABŞ bu kateqoriyaya daxil olan ölkələrdəndir. Amma problem başqa tərəfdədir. Azərbaycanda iqtisadiyyat çox zəif inkişaf edib. Belə bir şəraitdə borcun qaytarılması mənbəyi yalnız karbohidrogen resurslarıdır. Son 10 ildə dünya neft bazarlarında baş verənlər onu göstərdi ki, “qara qızıl”dan asılılıq kifayət qədər ciddi risk formalaşdırır. 2014-cu ildə neftin qiymətinin kəskin aşağı düşməsi və fiskal gəlirlərin azalması fonunda Azərbaycan xarici borc öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşdi.

Oxşar problemlər növbəti dövrlərdə də ortaya çıxa bilər. Azərbaycanda əsas problem ondan ibarətdir ki, borcun qaytarılmasında əsas mənbə neftdir. Dünya bazarlarında isə neftin qiymətinin formalaşmasında Azərbaycan iştirak etmir və qiymətlər volatildir. Ona görə də bu şərtlər daxilində hökumət maksimum az borclanmalı və xarici borclanma prosedurları daha da çətinləşdirilməlidir. Xüsusilə, dövlət müəssisələri üzərində nəzarət mexanizmləri gücləndirilməli, əsassız borclanma və yaxud da borclandıqdan sonra bu vəsaitlərin səmərəsiz xərclənməsi kimi hallar tamamilə aradan qalxmalıdır. Yalnız bu halda növbəti dövrdə xarici borc yükü mərhələli şəkildə azaldıla bilər”.

Mütəxəssis hesab edir ki, Azərbaycan dövlət olaraq qatıldığı irimiqyaslı beynəlxalq layihələr üzrə konkret qiymətləndirməni əvvəlcədən aparmalıdır: “Maliyyələşmə prosesində əvvəlki dövrlərdə olduğu kimi əsas yükü öz üzərinə götürməməlidir. Çünki maliyyələşmə Azərbaycan üçün müəyyən qədər çətinliklər formalaşdırır. Azərbaycanın bu günə qədər öz üzərinə götürdüyü iri layihələr üzrə öhdəlikləri yerinə yetirmək üçün 3.5 milyard dollardan artıq borclanıb. Əgər neftin qiyməti düşəcəksə, bu zaman öhdəliyi yerinə yetirə bilməyəcək və məcburən borclanacaq. Bütün bu məqamlar nəzərə alınmalı və bundan sonrakı dövrdə borclanmanın sürəti aşağı salınmalıdır.

Borclanmada digər indikatorlardan biri ölkənin kredit reytinqidir. Kredit reytinqi nə qədər aşağı olursa, bu zaman borclanmanın xərci daha çox olur. Bu da sonradan əlavə yük formalaşdırır. Azərbaycan qanunvericiliyinə görə, dövlət borclarının qaytarılması dövlət büdcəsinə daxil olan xərc istiqamətidir. Hər il bu xərc istiqaməti üzrə ayrılan vəsaitin həcminin artması da onu göstərir ki, artıq növbəti dövrlərdə xarici borc dövlət büdcəsi üzərində əhəmiyyətli yük formalaşdıracaq. Bu da sosial istiqamətli ayırmalar üçün imkanları məhdudlaşdırır. Bütövlükdə bu, zəncirvari şəkildə bütün istiqamətlərdə öz təsirini göstərir. Ona görə də daha praqmatik xarici borc siyasətinin həyata keçirilməsinə ehtiyac var”.

Azərbaycanın meqalayihələrə böyük həcmdə vəsaitlər ayırmasına ehtiyac varmı?

 İqtisadçı bu məsələlərdə daha ehtiyatlı davranmağın önəmli olduğunu vurğulayıb: “Xüsusilə, enerji layihələrində Azərbaycan öz üzərinə çox ciddi maliyyə öhdəliyi götürür. Azərbaycanın enerji istehsal edən tərəf kimi illik avantajı imkan verir ki, sazişlərin hazırlanması prosesində istehlakçıya müəyyən qədər təzyiq etməklə maliyyələşmə yükünün əhəmiyyətli hissəsini onların üzərinə qoysun. 

Cənub Qaz Dəhlizi layihəsinin ümumi dəyəri 40 milyard dollardır. Burada Azərbaycanın payı 11.7 milyard dollara qədərdir. Yəni, ümumi layihənin 7-8 faizini rəsmi Bakı tək üzərinə götürür. Nəzərə alınmalıdır ki, Azərbaycan kiçik bir ölkədir və onun əsas gəlir mənbəyi neftdir. Bu halda iri borc öhdəlikləri ölkə üçün ciddi maliyyə yükü formalaşdırır və risk yaradır. Bu məqamlar meqalayihələrin hazırlanması və icrası zamanı hökumət tərəfindən nəzərə alınmalıdır. Ümumiyyətlə, maliyyələşmə məsələsində hökumət daha radikal mövqe ortaya qoymalıdır. Çünki enerji layihələrində infrastrukturun formalaşmasında istehsalçı tərəf birbaşa vəsaitlər ayırır”.

Borcların intensiv qaytarılma dövrü başlayanda Azərbaycan bunun öhdəsindən gələ biləcəkmi?

Rəşad Həsənov qeyd edib ki, borclar davamlı olaraq gəlir və qaytarılır: “2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2 milyard 262,7 milyon manat göstərilir. Borcun geri qaytarılma strukturuna baxsaq, görərik ki, yaxınmüddətli dövrdə Azərbaycanın bu istiqamətdə problemləri o qədər də çox deyil. Amma növbəti dövrlərdə bu məqamlar artacaqdır. Hazırda icra edilən layihələrin gəlirliliyinin qısa müddətdə təmin olunması lazımdır ki, artan borc yükünün yerinə yetirilməsi zamanı problem ortaya çıxmasın”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений