Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

CHP-də ÇEVRİLİŞ: Məhərrəm İncə Kamal Kılıcdaroğlunu devirir



Türkiyədə seçkilərdə qələbə qazanmış Ədalət və İnkişaf Partiyası öz hökumət kabinetini formalaşdırdığı bir vaxtda müxalifət düşərgəsində qarşıdurma dərinləşir.

Cümhuriyyət Xalq Partiyasının prezidentliyə sabiq namizədi Məhərrəm İncə qurultay keçirilməsi üçün imza toplamağa başlayıb. O, CXP-nin bütün yerli təşkilatlarındakı tərəfdarlarına müraciət edərək fövqəladə qurultayın keçirilməsi üçün imza toplamağa çağırıb. Məhərrəm İncə bu gün mətbuat konfransı keçirərərk ictimaiyyətə önəmli açıqlamalar verəcəyini deyib. İmza toplamaqda Məhərrəm İncənin əsas məqsədinin CHP sədri Kamal Kılıcdaroğlunu istefaya göndərmək və partiyanın başına gəlmək niyyətində olduğunu görmək olar. 

Xatırladaq ki, 24 iyun seçkilərindən sonra Kamal Kılıcdaroğlu ilə qapalı görüş keçirən Məhərrəm İncə söhbətin məzmununu açıqlamaqdan imtina etmişdi. O, təkbətək görüşün məzmununu açıqlayacağı təqdirdə, “yer yerindən oynayacağını” söyləmişdi. Məhərrəm İncə seçki kampaniyası dövründə nə üçün telekanallara çıxaraq açıqlama vermədiyini, Seçki Qərargahının ona lazım olan dəstək vermədiyini açıqlayacağını bildirib. Lakin politoloq Qabil Hüseynli Məhərrəm İncənin təşəbbüslərinə baxmayraq, Kamal Kılıcdaroğlunun istefaya göndərilməsi imkanlarının olmadığını deyir: “Məhərrəm İncə xarakter etibarı ilə həddindən artıq münaqişəyə meyilli, yaxşılığın qədrini bilməyən və bir qədər də yerlibaz bir adamdır.

Onun partiyaya hansı töhfə verdiyini mən söyləyə bilmərəm. Amma seçki prosesində CXP və Kılıcdaroğlu ona kifayət qədər dəstək verdi. Əgər Məhərrəm İncə  bu əməyi yerə vurursa, deməli, qədirbilən deyil. O, bundan əvvəl də CXP-də qarışıqlıq yaratmağa və partiyanı parçalamağa cəhd göstərmişdi. Amma alınmadı. İndi isə 30 milyon seçicinin səsini qazandığını və özünün namizədliyi dövründə CXP-nin səslərinin belə yüksək həddə çatdığını iddia edir. Sanki o, bu səsləri özünün şəxsiyyəti hesabına əldə etmiş kimi göstərir. Lakin İncə Atatürk partiyasının namizədi kimi qeydə alındığını, ölkədə siyasi konyukturanın tamamilə müxalifətin xeyrinə olduğunu unudur. Zənnimcə, CHP onun zəifliyinə və ciddi siyasi tezislər irəli sürə bilmədiyinə görə daha çox səs toplaya bilmədi. Doğrudur, seçkilərdə normal səslər toplandı. Amma CXP-nin bütün vilayət və yerli təşkilatları ona lazım olan köməyi göstərdi. Onu da qeyd edim ki, Məhərrəm İncə  prezident Rəcəb Tayyib Ərdoğanın həmyerlisidir, yəni Qara dənizlidir.

Yerliçilik hissləri Qara dənizlilərdə Türkiyənin digər bölgələrinə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Kılıcdaroğlu özünün deyil, İncənin namizədliyini irəli sürdü. Əvəzində İncə ona yamanlıq edir. Bu çox qədirbilməzlik və siyasi eqoizm xatirinə böyük bir təşkilata ziyan vurmaqdır. Məhərrəm İncə  nəzərə almalıdır ki, Kamal Kılıcdaroğlunun dövründə CXP-nin nüfuzu bir neçə dəfə artıb, partiyanın imici yenilənmiş şəkildə Türkiyə cəmiyyətinə təqdim edilib. Məhərrəm İncənin son hərəkətləri suyu bulandırmaqdan başqa bir şey deyil”. Qabil Hüseynli hesab edir ki, Məhərrəm İncənin sədr seçilmək şansı yoxdur: “İncənin sədr olmaq sevdası onun partiyadan kənarlaşdırılması ilə nəticələnəcək. O, öz ətrafına yaxın çevrəsindən olan adamları cəlb edə bilər. Bununla da siyasi deyil, maddi niyyətlərini həyata keçirmək üçün istifadə edə bilər.

Kamal Kılıcdaroğlu təmiz adamdır. İncə isə hədəflərini, siyasi dəyərlərini maddi maraqlarına qurban verməyə hazır olan biridir. Mən onu şəxsən tanıdığım üçün belə deyirəm. İncənin bu hərəkətləri nə partiyadaxili intizam qaydalarına, nə etikaya, nə də insanlığa uyğundur. Bu adam tamamilə başqalarının ssenarisi ilə oturub-durur. Məhərrəm İncə seçkilərə qiymət verməsini gözləmədən təkbaşına səsvermənin nəticəsini tanıdığını bəyan etdi. Bununla da partiyanın intizamını pozmuş oldu və tənqidi fikirlər söylənilməsinə mane oldu”.

Müşfiq

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений