Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cinayətlərin alt qatı: Mənəvi boşluğu yaradan səbəblər- Şəmsəddin Əliyev yazır



İnsanın zinəti geyimində yox, davranışındadır.)Hz. Əli (ə.s)

Qanunların keyfiyyəti bütün ictimai formasiyalarda insanları düşündürmüş, onun hansı məqsədlə müzakirəyə çıxarılmasından çox, qəbul olunan dildə necə anlaşılması maraq doğurmuşdur. Müəyyən sahədə qanunların çoxluğu həm icraçılar, həm də vətəndaşlar üçün çaşqınlığa və mübahisələrə yol açdığından, son nəticədə əziyyət çəkən yenə vətəndaşlar olur. Cəmiyyətə zidd davranışların anlayışı özündə inzibati və cinayət məsuliyyəti yaratmayan bir şəxsin, digər şəxsin qanuni maraqlarına və hüquqlarına, hamılıqla tanınan davranış qaydalarına və mənəvi normaların pozulmasına yönələn hərəkətləri ehtiva edir.

 Bəs, cəmiyyətə zidd davranışlara hansı hərəkətlər və hərəkətsizliklər daxildir? Bir haşiyə çıxıram: Son zamanlar nikahların pozulmasına təsir edən səbəblər sırasında bəzi ekspertlər ər-arvad arasındakı xəyanəti daha çox vurğulayırlar. Lakin ər-arvad arasında xəyanət faktları inzibati və ya, cinayət məsuliyyəti yaratmır. İslam hüququna və şəriət qaydalarına görə isə cəzalandırılmalı əməl sayılır. Onda sual yaranır: 

Qeyd olunan hal mənəvi və davranış normalarına zidd sayıla bilərmi? Sözsüz! Belə hallarda başqa şəxslərin qanuni maraqları və hüquqları pozulurmu? Əlbəttə pozulur! Bəs ərin (arvadın) xəyanəti hansı hallarda cəmiyyətə zidd davranış halı kimi qəbul etmək olar? - sualına qanunvericilikdə cavab yoxdur. 

Bəs, xəyanətlərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır ki, sevgi və xeyir-dua ilə qurulan ailə ittifaqı dağılmasın!? Axı, cəzasızlıq mühiti mənəvi dəyərləri dəyərdən salır-desək, yanılmarıq. Zənnimcə, xəyanət bütün hallarda forma və məzmununa görə elə xəyanətdir (kimi qəbul olunmalıdır). Ailənin müqəddəsliyini dərk etməməklə, həm də ailəyə xəyanət edilir. Belələri tərəddüd etmədən  kollektivə, etimad və etibar edilən vəzifəsinə, hətta vətənə də xəyanət edə bilər.

Azərbaycan Respublikası CM-nin XXVll fəsli ictimai mənəviyyat əleyhinə olan cinayətləri əhatə edir. Məcəllənin 244-cü maddəsi - “Əxlaqsız yuvaları saxlama” tərkibinə görə fahişəliklə (çirkin işlə) məşğul olmaq üçün uyğunlaşdırılmış, bu məqsədlə ödənişli və ya ödənişsiz əsaslarla istifadə olunan yaşayış və ya qeyri-yaşayış sahəsini nəzərdə tutur. Əksər hallarda ailə xəyanəti həmin yuvalarda baş verdiyindən məsuliyyət əxlaqsız yuvaları təşkil edən, saxlayan, bu məqsədlərlə mənzil sahələrini icarə edənlər üçün yaranır.

İstifadəçilər - “qonaq” kimi gələnlər üçün məsuliyyət nəzərdə tutulmur. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlərə ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllər aid edilir. Bu kateqoriyadan olan cinayətlərin predmeti qismində fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları saxlamaq, obyekti isə ictimai mənəviyyat çıxış etdiyindən istifadəçilər-qonaqlar da cinayətin subyekti kimi məsuliyyət daşımalıdırlar. Başqa cür mənəvi dəyərləri qorumaq çətindir. Məsələnin ağırlaşdırıcı halı onunla bağlıdır ki, fahişəlik insanların sutka ərzində istismarına və transmilli mütəşəkkil cinayətkarlığının spesifik növü- insan alveri cinayətlərinin tərkibi üçün imkan yaradır.

 Bəs, cəmiyyətə zidd davranan şəxslərə hansı vasitələrlə təsir etmək olar? İlk növbədə:

- Belə şəxslərlə profilaktik söhbətlər etmək;

- Gələcəkdə hüquqpozmaları doğuracaq hərəkətlərə bir daha yol verməmək və yaxud, cəmiyyətə zidd davranışları bir daha təkrar etməmək məqsədilə rəsmi xəbərdarlıq etmək və nəzərinə çatdırmaq;

-Hərəkətlərini qəlibə sala bilməyənləri profilaktik qeydiyyata və nəzarətə götürmək və s.

Belə çıxır ki, əxlaqa və ictimai mənəviyyata zidd davranan şəxsi çağırıb ona yuxarıda qeyd olunan kriteriyalar daxilində xəbərdarlıq etmək və yaxud, onu profilaktik qeydiyyata almaqla mənəvi dəyərləri qorumaq mümkündür. Amma bir az dərindən düşünəndə davranışı mənəvi qəlibə sığmayan şəxslə profilaktik söhbət etdikdən sonra o, sərbəst buraxılmaqla ona şirnikləndirici imkanlar veririk. Belə hallarda bəzən ağır cinayətlərin törədilməsinə şərait yarana bilər. Anlaşılmazlıq və boşluq burda yaranır... 

Əgər cinayətlər aysberqin görünən zirvəsidirsə, səbəblər və doğuracaq şərait, digər faktorlar aysberqin dərinliyində kök salır, onu görüb aradan qaldırmaq və müəyyən vasitələrlə qarşısını almaq mürəkkəb və vaxt tələb edən məsələdir.

İctimai münasibətlərin növü və ictimai şüurun (düşüncənin) xüsusi forması kimi insan davranışlarının tənzimlənməsinin mühüm üsullarından biri kimi mənəviyyat bütün cəmiyyətlərdə diqqət çəkmişdir. 

Mənəviyyatın özünə xas, spesifik cəhətləri var. Gənc nəslin milli, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mənəvi dəyərlərin rolu böyükdür. Mənəviyyat özündə insanlar arasında münasibətlərin xarakterini müəyyən edən normalar və prinsiplər sistemini birləşdirir. Xeyir və şər, ədalət və ədalətsizlik, ləyaqət və ləyaqətsizlik anlayışlarının dəyərləndirilməsinə imkan verir. Bu mənada mənəvi dəyərlər qorunmaqla mənəvi tələblərə riayət olunur, daxili aləmin - ruhun gücü və hər bir şəxsin vicdanının təsiri ilə dəyər qazanır.

Mənəvi dəyərlərin əsas, diqqət çəkən cəhətləri onunla ölçülür ki, həmin dəyərlər sayəsində insanların düşüncələri və davranışları həyatın bütün sahələri üzrə tənzimlənir. (istehsalat fəaliyyətindən tutmuş ailə, məişət, şəxsiyyətlərarası və s. münasibətlərin tənzimlənməsinə qədər). Mənəviyyat həmçinin qruplararası münasibətləri də əhatə edir.

Ümumiyyətlə, mənəviyyat sözü latın dilində “mos”, “mores” -sözündəndir, davranışlar, adətlər mənasını verir. Müasir anlamda mənəviyyat deməkdir.

Ona görə də mənəviyyatla davranış arasında hər hansı bir fərq axtarmaq düzgün olmazdı. Bu sözlər sinonimdirlər.

Mənəvi dəyərlərə xeyirxahlığı, vicdanlılığı, şərəf, borc (vəzifə), məsuliyyət və ədalətliliyi aid etmək olar. Mənəvi dəyərlərin önəm daşıyan bazası şəxsiyyətin inkişafından və tərbiyəsindən, onun həyatda mövqeyini və müvazinətini qoruyub saxlamasından, fəaliyyətini anlamasından, ictimai orqanizm və ədalətli cəmiyyət üçün zəruri, mühüm funksiyaları yerinə yetirməkdən ibarətdir.

Xeyirlə-şərin ziddiyyət təşkil etməsi mənəvi dəyərlərə xas haldır. Bir qayda olaraq mənəvi dəyərlər insan davranışları ilə bağlı olur. Mənəviyyat bir növ insanlığa xas dəyərləri istehsal edir, xarici aləmlə proseslərdə insanlığın həddini aşkara çıxarır (aşkar edir) və bir-birilərinə alternativ olan xeyirlə-şərə nisbətdə müəyyən bir qəlibdə -ölçüdə hərəkət edir. 

Cəmiyyət daim inkişafda olduğu üçün fərdlər bir-birlərinə olan münasibətdə istənilən istiqamətə, gözlənilmədən dəyişilə bilərlər. Fərdlər özlərində müxtəlif mənəvi keyfiyyətləri təxəyyül edə və yarada bilər, istənilən prinsiplə hərəkətini planlaşdıra və reallaşdıra bilər. Lakin cəmiyyətin həqiqi, obyektiv, ədalətli və hamı üçün məqbul sayılan prinsipi ondan ibarətdir ki, doğru yolla hərəkət etsin və davranışları ilə ictimai münasibətlərə zidd hərəkətlərə yol verməsin, hər hansı bir sosial, dini qrupa zərər yetirməsin. Mən deyərdim ki, məhz elə sosial-mənəvi davranışların özünə xas formalarına uyğun cinayətlərin dinamikasında keyfiyyət və kəmiyyət göstəriciləri baş verir ...

(ardı var)

Şəmsəddin

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений