Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cümhuriyyətin 99-cu ili: Tarix Muzeyi Rəsulzadəyə bunu "layiq gördü": Küncə atılmış xarab monitordakı eşidilməz səs - REPORTAJ-FOTO-VİDEO



Tarix Muzeyində bir gün.

Mayın 18-i Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyində “Açıq qapı” günü idi. Heç belə fürsəti fövtə vermək olmazdı. İş arası bir saatlıq fasilə edib tariximizi, keçmişimizi ziyarət etmək üçün Tarix Muzeyinə üz tutduq. Payi-piyada gəlib çatdıq nəhayət muzeyə. Çoxlu azyaşlı uşaqlar, məktəblilər vardı. Balacalar bir yerdə dayanmır, ora-bura qaçırdı. Polis də “dördgöz” olmuşdu. Sıxlıq olduğu üçün qapıya muzey əməkdaşlarından da cəlb edilmişdi. Qapıya yaxınlaşdıq, ya gözümüzdəki eynəkdən, ya da geyimimizdən polis bizi xaricilərə oxşatdı: 

“Hello mister, welcome, welcome...” (Salam cənab, xoş gəlmisiniz, xoş gəlmisiniz-müəll.) Türklər demiş kəsə içəriyə daxil olub öz dilimizdə “Salam, rəis” dedim. Bir az da gülüb içəri daxil olduq. Girişin solunda oturan muzey əməkdaşı da qeydiyyat aparırdı sanki. Bizə baxıb nəsə yazmağa başladı. Adətən, sağ tərəfdə insanları ayağa baxil geyinmək üçün saxlayırdılar, bu dəfə saxlamadılar. Çantamı xüsusi yerə qoyub ayaqqabılı zala daxil oldum. Muzey işçilərinin başı söhbətə qarışmışdı. Üzrxahlıq edərək onları “mənalı” söhbətlərindən ayırıb gedəcəyimiz istiqaməti və bir də fotoçəkiliş etməyin qaydalara zidd olub-olmadığını soruşdum. Gənc xanım istiqaməti göstərib rahatlıqla çəkiliş edə biləcəyimizi söylədi.  2016-cı ildə etdiyimiz reportajda vəziyyət necə səliqəsiz idisə, eynən də bu gün belə idi, heç nə dəyişməmiş, heç nə inkişaf etməmişdi. Bu dəfə əksinə, istiqamətləndiricilər də yox idi. Yəni, bir əcnəbi gəlsə, hansı zaldan, hansı zala keçəcəyini də bilməzdi. Muzey işçilərinin isə Azərbaycan dilindən başqa heç bir dil bilmədiklərinin şahidi olduq. Heç bizə bələdçi də verilmədi. Adamın üstündə Allah var, heç olmasa eksponatların üzərində ingilis dilində də xüsusi məlumat yerləşdirilib. Bəzilərində məlumat rus dilində olsa da, bəzilərində heç ümumiyyətlə, məlumat lövhəsi yox idi. 

Mini ətəkli, ağ köynəkli, köynəyinin düymələri sinəsinə qədər açıq bir nəzarətçisi olan zala daxil olduq. Nəzarətçi telefona o qədər aludə olmuşdu ki, keçidin qarşısında dayanıb yolu kəsdiyinin də fərqində deyildi. Üzrxahlıq edib onu vacib işindən ayırdıq, keçməyimiz üçün icazə də istədik. Heç dinmədi də, zalın küncünə qoyulmuş səndəldə əyləşib azacıq ətəyini dartışdırdı, sonra ayağını ayağının üstünə aşırıb yenə daldı telefona. 

Zal da qaranlıq idi, romantik bir aura vardı zalda. Kif qoxusu da vururdu ara-sıra adamı. Nə yalan deyim nərmənazik xanımın ətri adamı meyxoş edirdi, ətir qoxusu bir az kif qoxusunu ört-basdır edirdi amma. Diqqətimi zalın işıqlandırmasının zəif olduğu çəkdi. Yəni, axşam saatlarında gəlsək, bəlkə də bizə ekskursiya üçün fənər də verərdilər. Elə fürsətdən istifadə edib işıqları yanmayan formal çilçıraqların da rəsmini çəkdim. Bilirəm, onsuz da şəklini, videosunu çəkməsən, burada heç nəyi sübuta yetirmək mümkün deyil. Ötən reportajlarımızda muzeyin ekspozisiya işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyevanın dediklərini dandığından sonra bu dəfə hazırlıqlı idik. 

Çilçıraqlarla yanaşı, işıqlar da yanmırdı. Düzdür, o işıq yanmasa da şüşə altında olan eksponatları görə bilirik, amma işıqların yanmaması muzeydə diqqətsizliyin hökm sürdüyünün bariz göstəricisidir. İşçilərin biganəliyi, təhkim olunduğu zallarda eskponatları nəzarətsiz buraxmaları diqqətimi zallardakı nəzarət kameralarına çəkdi. Bəzi zallarda ümumiyyətlə, kameralar yox idi. Bəzilərində isə kameraların istiqaməti zalın əksinə çevirilmişdi. Görünür, muzeyə divardan hücumlar, təxribatlar da gözləniləndir. Bir az bu məsələlərdə çox həssas və diqqətliyəm. Ötən ilki ziyarətimdə bəzi eksponatların üzərində  məlumatlar olsa da bu dəfə onlara da rast gəlmədim. Heç soruşmadım da niyə yoxdur. Hər bir halda bəhanələrinin olması mütləqdir. Ya da həqiqəti deyib, “yuxarıdan” gələn təzyiqdən sonra dediklərini danacaqlar adətləri üzrə...

Növbəti bir zala keçəndə yenə ötən ilki mənzərənin şahidi oldum. Tarixi faktların, sənədlərin yayımlanması üçün zala quraşdırılmış monitor bir ildə yenə işlək vəziyyətə gətirilmədi.

Özü də adi bir gündə deyil, “açıq qapı” günündə...

Bir zalda quraşdırılmış monitordan başqa digər heç bir zalda olan monitorlar işlək vəziyyətdə deyildi. Hətta dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin büstünü də toz basmışdı. Əl vurmaq qadağan olsa da büstün üzərində olan toz təbəqəsinə barmağımla bir xətt də çəkdim. Büstün ətrafının uçub-tökülməsindən də muzeyin bu zalının da baxımsız və nəzarətsiz olduğu müşahidə edilirdi. 

Növbəti bir zala daxil oldum. Divardakı rəsmi görüncə heyrətimi gizlədə bilmədim. Çox gözəl işləmişdi rəssam. Məlumat lövhəsində əsərin L.Knitə məxsus olduğu qeyd olunmuşdu. Çox heyf ki, belə gözəl rəsm əsəri şüşə arxasında deyildi. Ziyarət edən azyaşlı uşaqlar hər ötdükcə barmaqlarını əsərə sürtürdülər. Belə bir qiymətli əsəri qorumamaq günah olardı sadəcə...

Nəhayət çıxışa yaxın bir zala daxil oldum. Zal cümhuriyyət illərini əks etdirən tariximizi özündə ehtiva edirdi. Hətta küncə atılmış bir monitorda xışıltılı səs də diqqətimi çəkdi. Qulağımı monitorun səs yerinə yaxınlaşdırdım Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 1953-cü ildə “Amerikanın səsi” radiosuna verdiyi müsahibənin səsyazısı idi. Nəzarətçi xanımdan bu səsin niyə zəif, eşidilməz olduğunu soruşduqda isə xanım monitorun bundan artıq səs imkanlarının olmadığını, daha doğrusu, texniki cəhətdən nasaz olduğunu bildirdi. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin səsinin nasaz monitorda yerləşdirilməsi heç də xoş mənzərə deyildi. İradımızı bildirsək də nəzarətçi xanım buna görə məsuliyyət daşımadığını, onun 170 manata çalışan bir işçi, buna görə dövlətin narahat olmalı olduğunu bildirdi. 

Bizi azərbaycanlı milyonçu, xeyiriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşadığı otaqları ziyarət etməyə yönləndirdilər. Otaqlar çox səliqəli idi, amma tünd rəngdə olan mebellərin üzərindəki toz  diqqətdən yayınmırdı. Yaxşı ki, dahi xeyiriyyəçi belə tozlu-torpaqlı günləri, tarixə biganə yanaşıb onu toz altında çürüdənləri, bir ilə bir monitoru tariximiz, dövlətçiliyimiz naminə təmir edə bilməyənləri, sözün düzünü deyib sonra işini itirməmək üçün jurnalisti şantaj edib, hədə-qorxu gələn insanları görmədi. 

Rövşən Əsədov

 

 

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений