Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cümhuriyyətlə bağlı tarixi qərar: Hansı işlər görüləcək?



Prezident İlham Əliyev 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyət ili” elan olunması ilə bağlı sərəncam imzalayıb. Qeyd edək ki, bundan öncə də Cümhuriyyətin 100 illiyinin keçirilməsi ilə bağlı müvafiq sərəncam imzalanmışdı. Bu günə qədər müxtəlif dövrlərdə, Cümhuriyyətin 95-ci il dönümünün keçirilməsi ilə bağlı da göstərişlər verib. Ancaq bir ilin bütövlükdə cümhuriyyətə həsr olunması təcrübəsi ilk dəfədir. 

Maraqlıdır, 2018-ci ilin Cümhuriyyət ili olmasına yanaşma necə olmalıdır? Hansı işlərin görülməsi vacib hesab olunur?

Siyasi-şərhçi Zəlimxan Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əsas iş cümhuriyyət dəyərlərinə sahib çıxılmaqdır: “Təbii ki, 2018-ci ilin Cümhuriyyət ili elan olunmasının özü müsbət haldır. Hər halda Cümhuriyyət dəyərləri nəinki Azərbaycan, bütün islam Şərqi üçün bir modeldir. Bu isə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və böyük Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə qurulub. Bu gün də türk dünyası bundan bəhrələnir. Rəsulzadənin qoyduğu xətt o qədər unikaldır ki, indiki zamanda da deformasiyaya uğratmadan cəmiyyətdə tətbiq etmək lazımdır. Cümhuriyyət ilində bu quruluşun ideyasının cəmiyyətdə sürətlə yayılması vacibdir. Qanunun aliliyi yüksək səviyyədə təmin olunsun. Vətəndaşların bərabərliyi təmin eidlsin. O, cümlədən, azad, ədalətli seçki cümhuriyyətçiliyin əsas təməlidir. Bu il ölkədə seçki ilidir. Rəsulzadənin ruhunun şad olması üçün azad, ədalətli, demokratik seçkilərin keçirilməsi təmin olunmalıdır. Bütün siyasi partiyalara xoş münasibət sərgilənsin. İqtidar, müxalifət, sağçı, solçu fərqi qoyulmadan dövlətçilik sütunu arxasında cəmiyyətdə həmrəylik yaradılsın. 

Cəmiyyətin bütövləşməsi dialoqa gedilsin. Dağlıq Qarabağın işğaldan azad olunmasının əsasında da cəmiyyətin birliyi, bərabərliyi durur. İnsanlara düzgün qiymət verilməsi ənənəsi önə çıxsın. Siyasi baxışına görə fərq qoyulmadan insanların fəaliyyətinə görə sağlam münasibət göstərilsin. Cəmiyyətdə sağlam münasibət mühiti yaransın. Bütün cəmiyyət Azərbaycan dövlətinin var olması və bütövləşməsinə məhkum olduğunu qəbul etsin. Qarabağdan başqa bizim Güney Azərbaycan problemimiz də var. 30 milyondan çox güneyli soydaşlarımızın problemlərinə bir milli dövlət olaraq biganə qalmamalıyıq. Bu məsələ də cəmiyyətdə aparıcı bir xəttə çevrilsin. Şəhid, qazi ailələrinin problemləri həll olunmalıdır. Elə bir mühit yaradılmalıdır ki, hər kəs şəhidlə qürur duysun. Riyakarlıq, siyasi mədhiyyələr cəmiyyətdən sıxışdırılsın. Ancaq dəyərlərə sitayiş olunmalıdır. Bunlar olacağı təqdirdə, hesab edirəm ki, hər bir vətəndaş qazanacaq”. 

Z.Məmmədli deyib ki, cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə münasibət dəyişməlidir: “İstəyərdik ki, cümhuriyyətin 100 illiyində Rəsulzadə öz layiq olduğu yerdə qərar tutsun. Bu gün bir sıra davranışlar var ki, bunlar bizə yaraşan deyil. Rəsulzadə bir sütundur, türklüyün, dövlətçiliyin simasıdır. Çağdaş dünyaya təqdim olunacaq böyük demokratdır. Azərbaycan dövlətçiliyinin memarıdır. Azərbaycan müstəqilliyini dünyada göstərən şəxsiyyətdir. Onun yerini düz göstərmək lazımdır. Onun xəttinin davamçıları yüksək səviyyədə təmin olunmalıdır. Xalq və Milli Azadlıq Hərəkatlarının iştirakçılarına cəmiyyətdə ögey münasibət sərgilənməməlidir. Rəsulzadə xəttini iqtidarlı-müxalifətli, ümumiyyətlə, hər kəs davam etdirməlidir və bu dövlətçilik ənənələrinin güclənməsində başlıca rol oynayan amildir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı da Cümhuriyyət ili ilə bağlı arzularını səsləndirib: “2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması  çox önəmli və mühüm bir hadisədir. Bu həm də o deməkdir ki, Azərbaycan dövlətinin dövlətçilik ənənəsinin müasir dövrdə 100 illik tarixi var. Müsəlman dünyasında, şərq aləmində ilk dəfə Azərbaycanda Cümhuriyyətin qurulması bir faktdır. Prezidentin verdiyi sərəncam tariximizin və demokratik ənənələrimizin təbliğinə, milli şüurun yüksəlişinə, dövlətimizə məhəbbətin və inamın artmasına təkan verən sanballı töhfə olacaq. Siyasi təşkilatlar da 100 illiklə bağlı tədbirlər keçirməlidir. Dövlət səviyyəsində cümhuriyyətimizi quran ulu babalarımız yad ediləcək. Dövləti quran hər kəs xüsusi olaraq yad ediləcək”. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə də dövlət başçısının Cümhuriyyətin 100 iliyi ilə bağlı məlum fərmanının təqdirəlayiq olduğunu deyib: “Hesab edirəm ki, bu fərmandan irəli gələn məsələlər öz həllini tapacaq və Cümhuriyyət banilərinin adlarının əbədləşdirilməsi istiqamətində işlər görüləcək. İlk növbədə Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarı Türkiyədən ölkəmizə gətirilməli, Bakıda meomarial kompleks yaradılmalı və Rəsulzadənin heykəli Bakının mərkəzində ucaldılmalıdır. Cümhuriyyət tariximizi təbliğ etmək, ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq. Demokratiya və respublikanı xalqımıza bəxş edən Cümhuriyyət banilərinin hər birinin adını küçə və prospektlərə, həmçinin metro stansiyalarına vermək lazımdır. Azərbaycan Xaq Cəbhəsi Partiyası daim Rəsulzadə ideyalarına sadiq olub və daima Cümhuriyyət ideyalarını təbliğ edib”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений