Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Daha bir cəhd: Dolların qarşısına "virtual pul" çıxarılır?



Kriptovalyutalara münasibət birmənalı deyil.

Virtual pul sisteğini etibarlı hesab edənlər də var, etməyənlər də. Ancaq son zamanlar xüsusilə dünya ticarətində önəmli yer tutan böyük dövlətlər kriptovalyutaların qanuniləşdirilməsinə və dövriyyəyə buraxılmasına maraq göstərir. Bir müddət öncə Venesuela bunu etsə də uğurlu nəticə ala bilmədi. Bundan öncə isə Yaponiya və Cənubi Koreya bu cür iddialarla çıxış etmişdi, ancaq hələ ki, ciddi addımlar atılmayıb.

Bu günlərdə isə Rusiya kriptovalyutaların qanuniləşdiriləcəyini və istehsalına başlayacaqlarını bəyan etdi. 
Belə ki, Rusiyanın baş naziri Dmitri Medvedevin açıqlamasına görə, Rusiyanın “rəqəmsal maliyyə aktivləri” ilə bağlı yeni tənzimləmələrində alışılan terminlər istifadə olunmayacaq: 

“Əsas şərtləri gücləndirməli və onları hüquqi dilə uyğunlaşdırmalıyıq. Buna görə də “kriptovalyuta” və “tokoen” kimi ifadələrin yerinə “rəqəmsal valyuta” və “rəqəmsal hüquqlar” kimi daha çox hüquqi anlayışlar inkişaf etdiririk”.

Qeyd edək ki, bununla bağlı qanun layihəsi Dövlət Dumasına təqdim edilib. Maraqlıdır, bunu effekti olacaqmı?


İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində bu bəyanatların iqtisadi məsələlərdən çox siyasi xarakter daşıdığını deyib: “Son zamanlar bir neçə ölkədən bu cür bəyanatlar səsləndirilib. Bu ölkələrin adı çəkiləndə məlum olur ki, kimə və hansı valyutanın hegemonluğuna qarşı verilən bəyanatlardır. Venesuela, İran və Rusiya bununla bağlı qanun layihələrinin hazırlanması ilə bağlı işə başlayıb. Venesuelada ümumiyyətlə, kriptovalyutaları dövriyyə buraxdılar, amma anında dəyərdən düşdü və ciddi tələb görmədi. Hər 3 ölkənin məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə ciddi problemləri var və dolların dünya ticarətində, neft bazarında hegemon olmasından narahatdırlar

 Əslində kriptovalyutaları cəlbedici edən, onunla məşğul olan insanların anonim, qeydiyyatsız olması və rəsmi banklardan yan keçməklə müxtəlif əməliyyatların aparılmasıdır. Kriptovalyutaların arxasında hər hansı bir dövlət, iqtisadi güc dayanmır. Buna görə də cəlbedici olmuşdu. Amma indi artıq dünyada vəziyyət də dəyişib və artıq kriptovalyutalar da əvvəlki cəlbediciliyini itirib. Belə bir məqamda Rusiyanın bu bəyanatı daha çox siyasi xarakter daşıyır. Əslində bunun realizə olunmasının gerçək olması şübhə doğurur. Rusiya yalnız özü kriptovalyutaları buraxıb, qeydiyyata salıb arxasında iqtisadi güclə dövriyyədə istifadə edə bilər. Belə bir ehtimal ola bilər. Doğrudur, bunu Venesuela etdi, ancaq orada çox uğursuz alındı. Buna baxmayaraq belə bir təcrübə var. Ola bilər ki, Rusiya bunu etdikdə müəyyən bir çəkisi olsun. 

Natiq Cəfərli hesab edir ki, Rusiya bunu qısa zamanda, belə asanlıqla edə bilməyəcək: “Çünki Rusiya həm də sanksiyalar altında qalan ölkədir. Bu baxımdan onun buraxdığı kriptovalyutaların beynəlxalq ticarətdə istifadəsi də şübhəli görünür. Ona görə də Medvedyevin dediyini siyasi bəyanat hesab edirəm. Ola bilər ki, Rusiyada qanunvericilik qəbul olunsun və müəyyən aktlar tətbiq olunsun. Nə qədər paradoksal səslənsə də, bu sahə qanuniləşdikcə və dövlətlərin nəzarətinə keçdikcə daha çox cəlbediciliyini itirməklə və dəyərdən düşməklə yadda qalır.

Məsələn, elə bitkoinin bir müddət öncə 20 min dollara satılması və sonradan 8 min dollara düşməsinin də səbəbi məhz bu amil oldu. Çünki Yaponiya və Koreya kimi ölkələr kriptovalyutaları nəzarət altına alacağını və rəsmi əməliyyatların aparılmasında istifadə olunacağını dedi. Baxmayaraq ki, bu mənada adıçəkilən ölkələr hələ ciddi addım atmayıb, amma söyləntilərin olması belə bitcoini dəyərdən saldı. Yəni, bu sahəyə nəzarətin olması kriptovalyutalara olan marağı azaldır. Düşünmürəm ki, yaxın zamanda Rusiyanın belə bir addım atsın və bu da uğurla nəticələnsin. Ola bilər ki, bunun layihəsinin hazırlanmasına və tətbiq olunmasına aylar, illər sərf olunsun. Bu müddət ərzində Rusiya ABŞ-la olan problemlərini həll etməsə, inanmıram ki, bu layihənin beynəlxalq aləmdə uğur qazanması mümkün olsun”.

N.Cəfərlinin sözlərinə görə, kriptovalyutaların qanuniləşdirilməsi belə dollardan imtinanı mümkünsüz edir: “Əvvəlcə kriptovalyutaların çarpaz məzənnəsi müəyyənləşdirilməlidir. Bu isə yenə də dollarla müəyyənləşəcək. Bu tip ölkələr hələ də anlamırlar ki, dünya ticarətinin 70 faizinin dollarla aparılması ona görə mümkün olub ki, ABŞ-ın valyutası olmaqdan çıxıb və artıq dünya ölkələrinin valyutasına çevrilib. Dolların yalnız 3-də 1-i ABŞ ərazində dövriyyədədir, qalan 3-də 2-si dünya ölkələrindədir. Bu da ABŞ iqtisadiyyatının gücünə görədir. ABŞ-ın ÜDM-si təqribən 16 trilyon dollara bərabərdir. Belə bir vəziyyətdə dollardan imtina etməyin arxasında iqtisadi gücün durmaması onu realizə etməyə imkan vermir. Rusiya iqtisadiyyatı ABŞ-dan təqribən 16 dəfə kiçikdir. Bu problemlərdən çıxış yolunu yeni iqtisadi model tapmaqdansa, belə siyasi bəyanatlardan istifadə etmək doğru deyil. Əslində Rusiyanın həm ərazi, həm də təbii resurslarına görə böyük potensialı var ki, dünya iqtisadiyyatında aparıcı rol oynasın. Amma ondan normal istifadə etmək əvəzinə, kriptovalyuta kimi spesifik bir sahədən ABŞ-a qarşı istifadə etmək kimi siyasi bəyanat verməsi də doğru deyil”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений