Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Daşlamayın, qovmayın, təpikləməyin...



Dəfələrlə işdən evə qayıdanda çantamda artıq qalan çörəyi küçədəki itlərə vermək istəmişəm. Ancaq qorxub qaçıblar.

Bir az əvvəl də pəncərədən bayıra baxırdım, gördüm iki it yatıb. Pəncərəni açıb çörək vermək üçün səslədim. Lakin onlar da qaçdılar. İnsanlar o qədər qovur, o qədər daşlayır ki, onlara atılan çörəyi də daş zənn edirlər.

Bizim köməyimizə ehtiyacı olan zəif canlılara bu şiddət niyə? Onlarla müharibəniz nəyin üstündədir? İstifadə edə bilmirsiniz, aldada bilmirsiniz, borc alıb "ata" bilmirsiz, ona görə önəmsəmirsiz? Tamam. Sizə xeyirləri yoxdur, axı ziyanları da... Niyə incidəsiniz? Mərhəmət etmirsiz, bir parça çörək vermirsiz, heç olmasa zərər də vurmayın.

Deyirlər, sevmədiyiniz insanları görməzdən gəlin. Ən azından heyvanları sevmirsinizsə, bu misalı xatırlayın, sevmədiyiniz heyvaları görməzdən gəlin, insanlar! Daşlamayın, qovmayın, təpikləməyin! Axı "heyvanlaşmağa" nə gərək var? Biz vəhşi təbiətdə yaşamırıq ki, “həyatda qalmaq üçün şiddət qaydadır” deyək.

Heyvanları mənim kimi sevən kəslər bəzi insanların belə hərəkətlərini gördükcə, heyvanları ürəyində Allah xofu, mərhəmət olmayan belələrindən üstün tutur. Hər gün heyvanların sevgiyə insanlardan daha çox layiq olduqlarına bir az da çox inanıram. 

Həyətdə bir pişik var, üstəlik başqa pişiklər də ara-sıra “qonaq” gəlir, evdə isə iki pişiyim var. Çoxları deyir ki, yemək verdiyimə görə yanıma gəlirlər. Bəs yeməklərini yedikdən, qarınları tox olanda niyə gəlirlər ? Qucaqlayırlar, oynamaq istəyirlər, xəstə olanda niyə bunu hiss edib, yemək belə yeməyib baş ucumda gözləyirlər? Çünki onlar safdırlar, içlərində sevgi və güvəndən başqa insana xas duyğular yoxdur. İnsanlar robotlaşdıqca, heyvanlar "insanlaşır". Küçədə insanların dəhşətli baxışlarını gördükcə, heyvanların məsum, sevgi dolu baxışlarını hiss edirsən. 

Heyvan sevgisi insana qarşılıqsız sevməyi öyrədən duyğudur. Deyirlər, heyvanları sevən insanlar daha mərhəmətli, duyğusal olurlar. Ətrafda insanlardan şiddət görmüş, sevgisiz, qayğılı heyvanlar gördükcə,  mən onlara bu həyatı yaşadan insanları sevə bilmirəm. 

Hərdən düşünürəm, nə yaxşı ki, heyvanlar var. Nə yaxşı ki, üzümüzə gülüb arxamızda bizi "baltalamayan", əlimizdə olanlara paxıllıq etməyən, gözlərində hiddət, üzündə saxta təbəssüm olmayan, bizdən istifadə etməyə çalışmayan heyvanlar var.

İti şuluqluq etdiyi zaman "Səni gidi insan" deyən Şopenhauerə Allah rəhmət eləsin! Bundan sonra Natilda ilə Koko dəcəllik edəndə, mən də onları "ay insan" deyib danlayacağam.

Röya Kərimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений