Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

DÇ-2018: Kim hansı komandaya azarkeşlik edir? - "...Azərbaycanın və Türkiyənin çempion olmasını arzulayıram”



Sabah böyük futbol bayramı - Dünya Çempionatı başlayır. Əksər müzakirələr, söz-söhbətlər onun ətrafında gedəcək. Kim güclüdür, kimin performansı necədir, kim harada səhv elədi və s. Kişilərin evdə sakitlik tələb edəcəyi, qadınların seriallardan məhrum olacağı 1 ay. Azarkeşlər sabah baş tutacaq möhtəşəm açılışı və ilk oyunu səbirsizliklə gözləyir. 

Cebhe.info tanınmışların çempionatda hansı komandaya azarkeşlik edəcəyi ilə bağlı sorğunu təqdim edir.  

Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı bu dəfəki çempionatda sevdiyi komandanın oynamadığını dedi: 

“Türkiyə olanda ona azarkeşlik edirdim. Türkiyə orada yoxdur, Azərbaycan heç vaxt olmayıb. İstərdim ki, yaxşı futbol nümayiş olunsun. Həmişəki kimi bu il də Braziliya, Almaniya, İspaniya güclüdür. Çempionatda surprizlər də olur. Hər halda izləyəcəyik, məncə bir ay ərzində çox maraqlı futbol yarışlarının, futbol bayramının şahidi olacağıq”.

Sabir Rüstəmxanlı oyunçulardan Messini və Ronaldonu bəyənir.

Yazıçı Seyran Səxavət hər il çempionat bitdikdən sonra, növbəti çempionatı səbirsizliklə gözlədiyini deyir: 

“Futbolu çox sevirəm. Özüm də oynamışam – təbii ki, kəndimizdə 50-60 evin komandasında. Həmişə Braziliyaya azarkeşlik etmişəm, amma bu dəfə Messiyə görə istəyirəm ki, Argentina çempion olsun. Çünki, Messinin axırıncı dünya çempionatıdır. Onsuz da, Messi dünya çempionu olmasa da, dünya çempionlarının heç birindən əksik deyil, artıqdır. Messi Pele və Maradonnanın ən yaxşı cəhətlərini cəhətlərini götürərək, öz əlavələrini də edərək “Messi” olub. Boyunun balaca olmasına baxmayaraq, o böyük şəxsiyyətdir. Bizim tərəfdə - Qarabağda deyirlər “Bir şapalaqlıq canı olmayan balaca bir uşaq” iradənin və zəhmətin gücünə dünyanın "bir nömrəsi" oldu. Həm də çox təvazökardır, heç vaxt qolları yalnız özünün vurmasına can atmır. Düşünmür ki, topu ataram, məsələn, Neymar vurar. Şəxsiyyət belə olar”.

ADP sərdi Sərdar Cəlaloğlu futbol azarkeşliyi olmadığını dedi: 

“İdmandan başım çıxmır, həvəsim də yoxur. Amma Azərbaycanın və Türkiyənin çempion olmasını arzulayıram”. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov gözəl oyunlara azarkeşlik edənlərdəndir: 

“Mən əlbəttə, dünya çempionatını izləyəcəm. İmkan daxilində oyunlara baxacam. Amma azarkeşlik etdiyim konkret ölkə yoxdur. Mən gözəl futbola tamaşa edəcəm. Ədalətli qələbə qazananlara uğurlar diləyirəm. Dünya çemponatının bir xüsusiyyəti də odur ki, yeni fovoritlər ortaya çıxır. Baxaq görək nə sürpirizlər olacaq. Messini, Salahı kim kölgədə qoyacaq”.
 
Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Şöhrət və Şərəf ordeni laureatı Xuraman Qasımova gənc yaşlarında futbola azarkeşlik etdiyini dedi: 

“İdmanı çox sevirəm. Amma indi heç vaxtım olmur. İmtahanlar da başlanacaq. Nə futbolu, nə də digərlərini izləyə bilmirəm. Amma hamıya müvəffəqiyyətlər arzulayıram”.
  
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə futbola nifrət edən qadınlar siyahisındadır: 

“Mənim qızlarımın arasında yaş fərqi azdır. Kiçik olanda əkizlər kimi ikisi birdən ağlayırdı. Rəhmətlik həyat yoldaşım da futbola baxırdı. Axırda dedim ki, ya futbol, ya da mən. Dedi ki, futbol. O vaxtdan futboldan zəhləm gedir. Bu bir zarafat idi. Amma doğurdan futbola baxmağı, kiməsə azarkeşlik etməyi xoşlamıram. Ona sərf etdiyim vaxta elə kitab oxuyaram”. 

"Cümhuriyət" qəzeti və Cebhe.info xəbər portalının müxbiri Vilayət Muxtar isə futbolu təkcə idman deyil, həm də istirahət hesab edir: 

“İstərdim ki, Azərbaycan və Türkiyə milli komandaları da dünya çempionatında iştirak etsin. Ancaq təəssüf ki, bu çempionatda da bunu görə bilməyəcəyik. İştirak edən komandalara gəldikdə isə İspaniya yığmasının uğur qazanmasını gözləyirəm. Ümumiyyətlə, dünya çempionatı çərçivəsində keçiriləcək bütün oyunlardan zövq alacağlmızı düşünürəm. Hesab edirəm ki, bu çempionat da digərləri kimi yaddaqalan olacaq. Futbolçuların oyununa gəlincə, Messi, Ronaldo, Neymar və sair kimi tarixə düşmüş oyunçuların oyunundan zövq alıram. Hesab edirəm ki, futbol təkcə idman deyil, həm də zövqdür, istirahətdir”.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений