Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Deputatın “kəndli vergisi” təklifi: NARAZILIQ YARATDI 



Azərbaycanda kənd təsərrüfatının vergiyə cəlb olunması təklif edilir. Bu təkliflə Vergilər Nazirliyinin fevralın 13-də təşkil etdiyi "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib: “Mən bir daha əmin oldum ki, dünyada iki şeyə çarə yoxdur: bir ölümə, bir də vergiyə".

Onun sözlərinə görə, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur: "Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36 faizi kənd təsərrüfatı sahəsində çalışır. Biz də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq". Məlumat üçün bildirək ki, 2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Dövlət Statistika Komitəsinin fevral ayına olan məlumatına görə, 2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşıb.

Cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb. Nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 faiz səviyyəsində olmuşdur.

Təklifi “Cümhuriyət” qəzetinə şərh edən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, hər bir sahibkarın və müxtəlif fəaliyyət növü ilə məşğul olan şəxslərin vergi ödəməsi haqlı fikirdir: “Vergi ödəyicilərinin sayının artmasına çalışmaq da düzgün fikirdir. Yəni, bir tərəfdən vergi yükünü azaltmalıyıq, digər tərəfdən də vergi ödəyicilərinin sayının artırılmasını stimullaşdırmalıyıq. Bu halda azaldılan vergi yükü əvəzinə yeni vergi ödəyicilərinin yaranması həmin azalmanı kompensasiya edər. Amma məsələ burasındadır ki, Azərbaycanda kənd təsərrüfatının indiki vəziyyətini anlayan iqtisadçı mütəxəssis bu təkliflə çıxış etməz. Hamı bilir ki, Azərbaycanda kənd təsərrüfatı bərbad vəziyyətdədir. Ölkənin daxili tələbatının az bir hissəsi daxili istehsal hesabına ödənilir. Azərbaycanda kənd təsərrüfatı gəlirli sahə hesab edilmir. Ümumiyyətlə, dünyanın əksər ölkələrində kənd təsərrüfatı subsidiya hesabına inkişaf edir. Çox az ölkələr var ki, orada kənd təsərrüfatı özünü maliyyələşdirə bilib. Amma Azərbaycanda vəziyyət fərqlidir.

Hətta hökumət 2015-ci ili kənd təsərrüfatı ili elan etdi. Bu sahənin inkişaf etdirilməsi istiqamətində çoxlu təkliflər, şüarlar səsləndirildi. Təəssüf ki, bu şüarların arxasında real addım dayanmadı. Hazırda kənd təsərrüfatı pis vəziyyətdədirsə, onun üzərinə əlavə vergi yükü qoymaq bu sahəni tamamilə sıradan çıxarmaq, məhv etmək deməkdir. Azərbaycan hökuməti real layihələrlə kənd təsərrüfatının inkişaf etdirilməsinə investisiya qoymalıdır. Bu sektor dirçələndən sonra qanunvericiliyə uyğun bütün vergilər bu sahəyə də tətbiq edilməlidir. Amma buna qədər rentabelli kənd təsərrüfatının qurulmasına nail olmalıyıq. Bunu hökumət yox, sahibkarlar qurmalıdır. Amma hökumət bunu stimullaşdırılmalıdır. Onlara subsidiyalarla, kreditlə, müəyyən güzəştlərlə olunmalıdır. Təbii ki, vergi güzəşt deyil. Məsələnin digər tərəfləri ilə də məşğul olmaq lazımdır ki, vergi verilən müddətdə kənd təsərrüfatı rentabelli sahəyə çevrilsin. Yalnız bundan sonra qanunvericiliklə kənd təsərrüfatına vergi nəzərdə tutulmalıdır”.

Mütəxəssis onu da qeyd edib ki, vergi ödəyicilərinin sayını artırmaq kənd təsərrüfatının vergiyə cəlb olunması yolu ilə olmamalıdır: “Ziyad Səmədzadə yaxşı bilir ki, Azərbaycan xalqı çox işgüzardır. Vətəndaşlarımız gedib qonşu ölkələrdə iş qurur, pul qazanırlar. Rusiyada, İranda, Türkiyədə, Gürcüstanda işləyib Azərbaycanda ailəsini dolandıran insanlara şərait və azad rəqabət mühiti yaratmalıdırlar ki, öz vətənlərində işlərini qura bilsinlər. Bu yolla vergi ödəyicilərinin sayını artırmaq olar. İnkişaf etməkdə olan ölkələr büdcəsini necə formalaşdırırsa, Azərbaycan da həmin formada vergidən büdcəsini formalaşdırmağı bacarmalıdır. Bunun üçün iqtisadiyyatı qorumalıyıq.

Dünyanın bütün inkişaf etmiş ölkələrində dövlət büdcəsinin əsas hissəsini vergilər təşkil edir. Hansı ölkədə ki, o balans normaldır, yəni büdcənin əsas hissəsi verginin üzərinə düşür, deməli, o ölkə inkişaf edir. Amma Azərbaycanda az qalır gömrük rüsumu vergidən gələn mədaxillərin 50 faizinə çatsın. Bu, doğru yol deyil. Vergi və rüsum büdcə doldurmaq üçün deyil. Bu da anormallığın bir hissəsidir. İdxal mallarından alınan gömrük rüsumlarının məqsədi daxili bazarı, istehsalı və eləcə də sahibkarı qorumaq olmalıdır. Amma Azərbaycanda məqsəd bu deyil. Təhlil etsək, məqsəd büdcəni doldurmaqdır. Büdcə isə vergi ilə doldurulmalıdır. Bunun üçün də real sahibkarlıq subyektlərinin sayını artırmaq lazımdır”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений