Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Diktatorun qərarının arxasında Rusiya izi



Şimali Koreya lideri Kim Çen In ABŞ-la əməkdaşlıq qərarından geri çəkilə bilər. Şimali Koreya xarici işlər nazirinin müavini Qe Qvan ölkənin bu danışıqlarda artıq maraqlı olmadığını bildirib. Belə ki, Şimali Koreya onu birtərəfli qaydada nüvə silahından imtinaya çağırılan ölkə ilə danışıqları yüksək səviyyədə davam etdirmək niyyətində deyil. Buna görə də rəsmi Pxenyan Şimali Koreya-ABŞ danışıqlarında yüksək təmsilçiliyi bir daha nəzərdən keçirə bilər. 

"Bizi küncə sıxışdırmaq məqsədi daşıyan danışıqlarda yüksək səviyyədə iştirak niyyətində deyilik. Bizi birtərəfli qaydada nüvə silahından imtinaya vadar etmək istəyirlər"-deyə nazir müavini vurğulayıb. Ağ Evdən isə bildirilib ki, hələlik iki liderin görüşünün təxirə salınmasyla bağlı heç bir müraciət daxil olmayıb. Danışıqlara hazırlıq prosesi iyunda aparılacaq.
Analitiklər hesab edir ki, bu məsələnin kökündə başqa məqamlar var. Belə ki, iddialara görə Şimali Koreyanın belə bir qərar verməsi Rusiya və Çinin maraqlarına uyğundur. Hər iki ölkə ABŞ-la Şimali Koreya arasında münaqişənin davamlı olmasında maraqlıdır. Bu baxımdan Şimali Koreyanın danışıqlardan çıxması da bu iki gücün təzyiqlərinin nəticəsi ola bilər. Maraqlıdır, Şimali Koreyanın bu qərarının arxasında hansı məqamlar dayanır? Çin və Rusiya haqqında səslənən iddialar nə qədər doğrudur?

Siyasi-şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında Şimali Koreyanın bu addımını bir neçə səbəblə izah edib. O,  bu qərarı ABŞ-ın geosiyasi maraqları ilə əlaqələndirib: “Şimali Koreyanın bu açıqlamasından əvvəl qlobal və regional səviyyədə baş verən geosiyasi hadisələrə diqqət yetirmək lazımdır. Maraqlıdır ki, bu hadisələrə qədər Şimali Koreya lideri ABŞ prezidenti ilə görüşündə heç bir problemin olmadığını bəyan etmişdi. Həm də bu görüşə çox ciddi şəkildə hazırlaşırdı. Ancaq ABŞ prezidentinin may ayında İranla nüvə proqramından çıxmasını elan etdikdən sonra, düşünürəm ki, Şimali Koreyadan gələn açıqlama təsadüf hesab olunmamalıdır. Çünki ABŞ-ın İranla nüvə müqaviləsindən çıxması qlobal səviyyədə Birləşmiş Ştatlara olan etimadı sarsıtdı.

Belə bir görüntü yarandı ki, ABŞ-ın beynəlxalq səviyyədə imza atdığı heç bir sənəd ciddi hüquqi anlam daşımır. O mənada ki, bir ölkə imza ataraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, bu ölkə artıq etimadı itirir. Bu cür ölkə ilə də heç bir dövlət anlaşmaya getmir. Düşünürəm ki, İranla nüvə proqramından çəkilməsi ABŞ-ın beynəlxalq imicinə çox ciddi zərbə vurdu. Məhz bu kontekstdə Şimali Koreya da düşündü ki, ABŞ-la əldə olunan hər hansı bir anlaşma etibarlı  deyil. Əgər bir ölkənin prezidentinə, imzasına və üzərinə götürdüyü öhdəliklərinə etimad yoxdursa, onunla imzalanan heç bir müqavilənin mənası yoxdur. Hesab edirəm ki, Şimali Koreya rəhbərinin görüşdən imtina etməsi məhz bununla əlaqəlidir”.

Natiq Miri hesab edir ki, ABŞ-ın İsrailə verdiyi dəstək də Şimali Koreyanı belə bir qərar verməyə sövq edə bilər: “Digər bir məsələ isə ABŞ-ın ciddi şəkildə dəstək verdiyi İsrail qüvvələrinin dinc nümayişçiləri kütləvi şəkildə güllələməsidir. Bilirik ki, İsrail ABŞ-ın cəsarəti və ciddi dəstəyi olmasa, heç bir vəchlə total qətliam yerinə yerinə bilməzdi. Artıq bir çox müsəlman ölkəsi, bəzi xristian dövlətləri və hətta bir neçə yəhudi din və siyasət adamı bu qətliamda təkcə İsraili deyil, həm də ABŞ-ı günahkar bilirlər. Fələstin hadisəsi göstərdi ki, ABŞ-ın hazırki rəhbərliyi dövlət maraqlarını öz şəxsi mənafeyinə qurban verə bilir. Bu baxımdan məhz Fələstin hadisəsi də Şimali Koreya rəhbərliyinin görüşdən imtina etməsinə səbəb olan amillərdən biridir”. 

N.Miri Şimali Koreyanın bu qərarının arxasında Çin və Rusiyanın olduğunu da istisna etmədi: “Təbii ki, bu məsələdə Çin və Rusiyanın da təsiri ola bilər. Baxmayaraq ki, Şimali Koreya rəhbərliyi bu addımı öz dövlətinin və xalqının maraqları üçün atmışdı. İndiki şəkildə həqiqətən də nüvə məsələsi ilə bağlı razılaşma olarsa, bu həm qlobal, həm də regional təhlükəsizliyi təmin edəcəkdi. Bu da Şimali Koreyanın maraqlarına uyğundur. Ancaq bu razılaşmanı etimadını itirmiş dövlət və prezidentlə əldə edirsənsə, açığı bu müqavilənin etibarlılığı qalmır. Düşünürəm ki, burada əsas məsələ ABŞ-ın İranla nüvə müqaviləsindən çıxması və Fələstindəki qətliamla bağlıdır”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений