Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Dini liderlər sərhəddə görüşəcək: Nə gözlənilir?



Bütün ermənilərin katalikosu II Qaregin Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşdən sonra separatizmi dəstəkləyən bəyanat verib. Halbuki, sentyabrın 9-da Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə aparılan müzakirələr tərəflər Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə dəstək məqsədi ilə təşkil olunub. Xəbər verildiyi kimi Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və erməni xalqlarının qonşu olaraq qalacağını əsas gətirərək münaqişə tərəfləri arasında sülhün əldə edilməsinin vacibliyini vurğulayıb. 

Qafqaz müsəlmanlarının dini lideri erməni katalikosu ilə növbəti görüşlərin Azərbaycan-Ermənistan sərhədində keçirilməsini təklif edib. Lakin sərhədin hansı hissəsinin nəzərdə tutulduğu barədə açıqlama verilmir. Azərbaycanın Ermənistanla sərhəd ərazilərinin böyük hissəsinin işğal altında olduğunu nəzər alsaq, bu görüşün Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarını, yaxud Qazax rayonun işğal altında olan 5 kəndini Ermənistandan ayıran Azərbaycan sərhədindən getmədiyi aydın olur. Əgər həmin ərazilər işğal altında olmasa idi, dövlət sərhədinin sözügedən hissəsində danışıqların aparılmasından danışmaq olardı. Xatırladaq ki, belə bir danışıq 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Ermənistanla sərhədində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında keçirilib. Ancaq dini liderlərin hansı bölgədə müzakirələr aparacağı məlum deyil. 

Münaqişənin sülh yolu ilə alternativinin olmadığını deyən katalikos II Qaregin isə daha sonra fikrini belə davam etdirib: “Bizim Dağlıq Qarabağdakı xalqımızın azad və müstəqil həyatının alternativi yoxdur”. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı belə təxribatçı çağırışla çıxış edən dini liderlə görüşməyə ehtiyac olmadığını deyir. Akif Nağı təklif edir ki, bundan sonra Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər Qriqorian kilsəsinin lideri ilə görüşdən də imtina edilməlidir: “Adətən “xalq diplomatiyası”nın təşəbbüskarları Qazax rayonu istiqamətindəki sərhəd xəttində görüşürlər. Mən bilmirəm dini liderlər sərhəd xətti deyəndə haranı nəzərdə tuturlar. Yəqin ki, Qazax-Tovuz istiqamətində görüşmək niyyətini nümayiş etdirirlər. Onlar sərhəddə görüşməklə xoş niyyət nümayiş etdirirlər , Azərbaycanla Ermənistanın bir-birinə yaxın olduğunu göstərmək istəyirlər. Ancaq bu gün Azərbaycan və Ermənistan bir-birindən çox uzaq məsafədədir. Ermənistanın prezidenti bir neçə gün bundan əvvəl Dağlıq Qarabağa səfər edib və separatçıların “müstəqillik” bayramını qeyd edib. Burada isə Azərbaycan tərəfi vəziyyətə uyğun gəlməyən mesajlar verir. Burada məqsəd nədən ibarətdir? Ermənilərin məqsədi aydındır. Azərbaycan torpaqlarını işğal ediblər. İndi də işğal faktını yada salmadan görüşlər keçirmək istəyirlər. Ona görə də Moskvada dini liderlər arasında görüşün keçirilməsinə ehtiyac yox idi. Ümumiyyətlə, sərhəddə belə bir görüşün keçirilməsi Azərbaycan üçün təhqirdir. 

Dövlət başçıları bəlkə də görüşə, hansısa vacib məsələni müzakirə edə bilər. Bəs dini liderlər sərhəddə görüşüb nəyi həll edəcəklər? Bundan heç bir müsbət nəticə gözləmək olmaz. Əgər Ermənistan, erməni kilsəsi öz mövqeyində qalırsa, II Qaregin “Dağlıq Qarabağ xalqının” öz müqəddaratını təyinetmə hüququndan danışırsa, dini liderlərin görüşünün Qarabağ probleminin həllinə heç bir müsbət təsiri ola bilməz. Əgər II Qaregin Azərbaycan xalqına qarşı törədilən cinayətlərə, Xocalı soyqırımına görə üzr istəsəydi, onunla görüşməyə dəyərdi. Çünki əsl din xadimi belə addım atmalı idi. Amma erməni katalikosu şovinist bəyanatlar verməklə məşğul olursa, deməli, onlar öz mövqelərini Azərbaycana qəbul etdirmək istəyirlər ”.

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений