Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dollardan imtina mümkün olacaq? - Azərbaycanın itkisi və qazancı... 



Azərbaycan prezidenti İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi. İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünün yekunu olaraq bir sıra sənədlər imzalanıb. İki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının protokolu, 2018-2019-cu illərdə iki ölkə hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlıq sazişi, Azərbaycan və Türkiyə Rabitə nazirlikləri arasında anlaşma memorandumu, Türkiyə və Azərbaycanda mədəniyyət mərkəzlərinin təsis olunması, preferensial ticarət sazişi, iki ölkənin Müdafiə nazirlikləri arasında şəxsi heyətin mübadiləsinə dair protokol imzalanıb.

İmzalanma mərasimindən sonra prezidentlər İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edib.

Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, yaxın gələcəkdə Türkiyə və Azərbaycan yeni birgə layihələr həyata keçirəcək: “Bakı və Ankaranın prioritetlərindən biri milli valyuta ilə hesablaşmaya keçməkdir”.

Maraqlıdır, milli valyuta ilə hesablaşmaya keçmək mümkün olacaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkələr arasında əsasən sərhədyanı ticarətdə zaman-zaman milli valyutadan istifadə olunur:

“Türkiyə ilə Naxçıvanın sərhədyanı regionları bir-birilə ticarətdə türk lirəsi və Azərbaycan manatından istifadə edirlər. Amma bunu dövlətlərarası əlaqələr səviyyəsində etmək ciddi texniki çətinliklərlə müşahidə olunur. Həmçinin, məzənnə itkilərinin kompensasiyası məsələsi önəmli olur. Hesab edirəm ki, Türkiyə prezidentinin bəyanatı daha çox siyasi xarakter daşıyır. Çünki iqtisadi məsələlərə gəldikdə, bunun texniki həlli yolları çox çətindir”.

İqtisadçı qeyd edib ki, Azərbaycan Türkiyəyə əsasən enerji daşıyıcıları, o cümlədən qaz satır və bundan sonra daha çox satacaq:

“Qaz müqavilələri isə dollarla təsbit olunur. Tutaq ki, razılaşma oldu, Türkiyə lirə ilə ödədi. Azərbaycan həmin lirəni ölkəyə gətirmək üçün Türkiyə valyutalararası birjasında yenidən dollara çevirməlidir. Lirənin məzənnəsi tez-tez dəyişir. Ümumiyyətlə, lirə dünyada ən oynaq 5-6 valyutadan biridir. Bunu nəzərə alsaq, Azərbaycanın itkilərə məruz qalması qaçılmazdır. Dünyanın istənilən ölkələrində qaz və neft müqavilələri əsasən dollarla bağlanılır. Dollar sığorta rolunu oynayır. Azərbaycan Türkiyəyə satdığı qazın pulunu lirə ilə alıb nə edəcək? Məcburdur ki, yenidən valyutaya çevirib ölkəyə gətirib problemlərin həllində istifadə etsin. Bu bəyanatın icrası çətin görünür. Bu, daha çox siyasi kontekstdə verilmiş bəyanata bənzəyir. İqtisadi kontekstdə bunu həyata keçirməyin mümkünlüyü çətindir”.

Natiq Cəfərli Türkiyədən Azərbaycana satılan bir sıra məhsullara diqqət çəkib:

“Bu məhsulları Azərbaycana gətirənlərin böyük əksəriyyəti də fərdi biznes çevrələridir. Dövlət səviyyəsində Türkiyənin Azərbaycana çox aşağı ixracatı var. Çünki orada bu işlə özəl şirkətlər məşğuldur. Dövlət isə özəl şirkətlərə əmr edə bilməz ki, hansı valyuta ilə alqı-satqı etsin. Özəl şirkətlər Azərbaycanda satdıqları məhsullardan qazandığı vəsaiti valyutaya çevirib başqa problemlərini həll edirlər. Bunu texniki cəhətdən həyata keçirmək çox çətindir”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений