Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünyaya hədə: Yoxsa prezidentin "havada qəsr" xülyası?



Rusiya prezidenti Vladimir Putinin “Manej” meydanında Federal Məclisə ənənəvi illik müraciətlə çıxışı siyasi müşahidəçilərin tənqidinə məruz qalıb. Ekspertlər hesab edir ki, Vladimir Putinin Rusiyanın fantastik silahlara malik olması barədə etdiyi çıxış inandırıcı görünmür və daha çox seçkiqabağı ictimai rəyə hesablanıb. Ekranda nümayiş etdirilən yeni silah növləri eyni zamanda, Rusiyanın beynəlxaq rəqiblərinə mesaj xarakteri daşıyıb. Dövlət başçısı xalqa demək istəyib ki, onun 17 illik hakimiyyəti dövründə həll edilməmiş sosial-iqtisadi problemlər qalsa da, əvəzində ölkənin dünyada heç kimin malik olmadığı qorxunc silahları var. 

Çxışında ABŞ-ın tənqidinə yer ayıran prezident Putinin sözlərinə görə, ABŞ-ın raketdən müdafiəyə dair ikitərəfli sazişdən imtina etməsi Rusiyanı yeni və güclü silahların istehsalı üzərində düşünməyə sövq edib. 

Rusiya ABŞ-ı dilə tutmağa çalışdı ki, raketdən müdafiə barədə SSRİ ilə bağlanmış müqaviləni pozmasın, strateji balansı korlamasın. “Amma hər şey əbəs idi. 2002-ci ildə ABŞ birtərəfli qaydada bu müqavilədən çıxdı, hələ bundan sonra da biz onlarla uzun müddət konstruktiv dialoq qurmağa çalışdıq”-Rusiya prezidenti öz nitqində bildirib.

“Hansısa məqamda elə görüntü yaranırdı ki, kompromis tapıla bilər. Lakin olmadı. Bizim bütün təkliflər rədd edildi”-Putin əlavə edib. O, bildirib ki, məhz buna görə Rusiya bir neçə il əvvəldən özünün dünyada analoqu olmayan yeni silah sistemlərini işləyib hazırlamağa başladı.

“Birincisi, yeni qitələrarası ballistik raket olan “Sarmatdır”. Hansı ki, istənilən raketdən müdafiə sistemini dəf edə bilir və onun tətbiq məsafəsi ilə bağlı məhdudiyyəti yoxdur. Belə texnologiya ilk dəfə istifadə olunur. 200 ton çəkisi olan “Sarmat”ın uçuş məsafəsi “Bulava”dan böyükdür, üstəlik, “Sarmat”ın döyüş bloklarının sayı və gücü daha çoxdur. Heç bir raketdən müdafiə sistemi ona əngəl deyil”-Putin deyib. Həmin vaxt zalda qurulmuş ekranda “Sarmat” raketinin sınağına dair kadrlar nümayiş etdirilib.

Daha sonra Putin “Voyevoda” ağır qitələrarası ballistik raketə keçib. Bildirib ki, bu raketin uçuş məsafəsi 11 min kilometrdir, onun tətbiq məsafəsi ilə bağlı məhdudiyyət yoxdur. Rusiya prezidenti bu arada qeyd edib ki, “Sarmat” raketi hədəfə həm Şimal, həm Cənub qütbü üzərindən hücum edə bilər. “Bu, çox qorxunc silahdır. Hətta perspektiv raketdən müdafiə sistemləri də onu saxlaya bilməz”-Putin əlavə edib.

Lakin Rusiya yeni qitələrarası ballistik raketlərin yaradılması ilə məhdudlaşmayıb. O, ümumiyyətlə, ballistik uçuş trayektoriyası istifadə etməyən silahların da işlənib hazırlanmasına başlayıb. “Biz təkcə bununla kifayətlənməmişik”-Putin “Sarmat”ın kompyüter uçuş modelinin nümayişindən sonra deyib. “Bizim işləyib hazırladığımız və ballistik trayektoriya istifadə etməyən yeni silahlara qarşı raketdən müdafiə sistemləri ümumiyyətlə, gərəksiz və faydasız olacaq”-o əlavə edib.

Putin dəqiqləşdirib ki, söhbət kiçik qabaritli, amma böyük dağıdıcı gücə malik nüvə enerjisi qurğusuna malik əlçatmaz raketdən gedir. Hansı ki, bu raket nə qədər istəsən, manevr edə və istənilən raketdən müdafiə sistemindən yayına bilər. “Hələ onun adı yoxdur. Bu sistem qanadlı raketlərə də yerləşdirilə bilər və uçuş məsafəsi qeyri-məhdud olduğuna görə istənilə raketdən, havadan müdafiə sistemlərini dəf edə biləcək”-o bildirib. Daha sonra Rusiya prezidenti ekranda həmin nüvə enerjisi qurğusuna malik qanadlı raketin modelini nümayiş etdirib. Ardınca “Kinjal” (“Xəncər”) səsdən dəfələrlə iti uça bilən aviasiya-raket kompleksinin nümayişinə keçib. Hansı ki, həmin raket 2017-ci il dekabrın 1-dən etibarən Cənub hərbi dairəsində təcrübə-döyüş növbəsinə verilib.

“Müasir silah sistemlərinin işlənib hazırlanmasının mühüm mərhələsi də yüksək dəqiqliklə, səsdən dəfələrlə iti uçan aviasiya-raket kompleksi olub, yəqin başa düşdünüz ki, bunun dünyada analoqu yoxdur. Onun sınaqları uğurla başa çatdırılıb”-Putin deyib.

Rusiya dövlət başçısı onu da bildirib ki, daşıyıcı-təyyarənin unikal uçuş-texniki xarakteristikası bu raketi sayılı dəqiqələr ərzində təyinat nöqtəsinə çatdırmağa imkan verir. Raket özü isə səsdən 10 dəfə iti uçur və uçuşun bütün trayektoriyası boyu manevr edir. Ona görə də istənilən mövcud və perspektiv raketdən müdafiə sistemlərini dəf edə bilər. Bu raket adi və nüvə başlığı daşımaqla 2 min kilometr məsafə qət edir.

Nəhayət, Putin Rusiyanın malik olduğu yeni pilotsuz sualtı nüvə aparatını nümayiş etdirib. Bunu "sadəcə olaraq fantastika” adlandırıb. Bildirib ki, bu silaha qarşı vasitə dünyada yoxdur. Putinin sözlərinə görə, aparat 2017-ci ilin dekabrında sınaqdan keçib. “Onun həcmi müasir sualtı qayıqlardan 100 dəfə kiçikdir və döyüş rejiminə keçmək üçün 200 dəfə az vaxta ehtiyacı var. Onlar həddən artıq böyük dərinlikdə qeyri-məhdud məsafədə hərəkət edə bilir”-Putin deyib. Bütün bunlardan əlavə Putin Rusiyanın “Avanqard” strateji kompleksi barədə də danışıb. Bu, səsdən dəfələrlə iti uçan və manevr edən silah sistemidir. “Bu sistem atmosferin sıx qatlarında qitələrarası məsafəni qət edə və bu zaman yüksək manevr nümayiş etdirə bilir. Onun sürəti Max ədədindən 20 dəfə çoxdur”. Rusiya prezidentinin sözlərinə görə, bu silaha qarşı da dünyada vasitə mövcud deyil. “O, hədəfə meteroit, yanan kürə şəklində hərəkət edir. Məmulatın səthində temperatur 1600-2000 dərəcəyə çatır. Bu zaman qanadlı blok etibarlı şəkildə idarə olunur”-Putin deyib.

“Mən hələ bizim yeni işləyib hazırladığımız silahların hamısı barədə danışmadım”-Putin əlavə edib. ABŞ və Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyaların Rusiyanın hərbi-sənaye kompleksini çökdürməyə başladığı bir vaxtda V.Putinin əminliklə “Bu hələ hamısı deyil”-deyə dünyanı təhdid etməsi bir sıra suallar doğurur.

Ukraynanın “Obozrovatel” nəşrinin hərbi eksperti Aleksandr Flint hesab edir ki, Rusiyanın raketlərinin böyük hissəsi 30-40 il bundan əvvəlki texnologiya əsasında istehsal olunub və köhnədir. Müasir raketlərin istehsalı üçün də heç bir beyin mərkəzi , resurs, inkişaf yoxdur. “Buna görə də, gördüklərimiz maksimum yeni bir paltar, köhnə dizaynlarla bəzədilib. Bir qitələrarası raketin birqanadlı və hətta bir nüvə mühərriki kimi bir trayektoriya boyunca gedişi raket mühəndisliyində ən böyük sıçrayış olacaq. Köhnə sovet raketlərini uzun illər quraşdırmış mənim atam açıqca deyir ki, belə texnologiyaya hələ heç kim sahib olmayıb. Xüsusilə də kiçik qanadlı raketlərə aiddir. Rusiyanın çoxsaylı raket buraxması ABŞ-ın raketdən müdafiə sistemini adlaya bilərmi? Əlbəttə. Çünki ABŞ heç vaxt 2 min raketin və 20 min döyüş başlığının buraxılması üçün raketdən müdafiə sistemi quraşdırmayıb. Amerikanın RMS hazıda Şimali Koreyadan və İrandan atıla biləcək 3-5 min raket üçün nəzərdə tutulub. Bundan çox deyil.

Buna görə, Putinin kiminlə rəqabət apardığı aydın deyil. Putinin dəstəklənməsi üçün daxili bazar, amerikalıların qorxduğundan daha vacibdir. Arxası çılpaq, daranmamış, əli-üzü yuyulmamış rus adamı bütün dünyaya əlindəki rəqəmləri və yumruğunu göstərəndə xoşbəxt olur. Putin bunu bildiyindən öz çıxışını buna hesablayır. Bu, onun elektoratıdır. Yeni bir şey və təəccüblü heç nə yoxdur, bütün bunlar 10 il əvvəl artıq razılaşdırılıb. Biz Rusiyanın nüvə zərbəsindən qorxmalıyıqmı?-Şəxsən məncə, xeyr. Çünki Putin və onun oliqarxlar qrupu intiharçı deyil. Müasir müharibədə nüvə raketlərinin və döyüş başlıqlarının sayı çox azdır.Əlbəttə, ABŞ-ın raketlərinin sayı azdır. Amma onların hər biri Rusiyanın bütün böyük şəhərlərini bir neçə dəfə məhv etməyə qadirdir. Əmin olun ki, bu raketlər Amerikada olduğundan Rusiyada daha çox işləyəcək. Putin bilir ki, düyməyə çatana qədər onu, sevimli şəxsləri daxil olmaqla ailəsini və qohumlarını məhv etmək üçün dərhal sifariş veriləcək”-Flint belə qeyd edib.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Putinin sözügedən çıxışının daha çox siyasi şouya bənzədiyini deyir. Siyasi ekspert bildirir ki, Rusiya prezidenti ölkənin iqtisadi inkişafından fərqli olaraq, çıxışında hərbi məsələlərə yer ayırıb: “Çünki iqtisadi artım sıfır səviyyəsindədir. Ölkənin maddi rifah halı pis vəziyyətdədir. Putinin çıxışı iki hissədən ibarət hazırlanmışdı. Putin ikinci hissədə daha şövqlə danışmağa başladı. O, Rusiyanın “Sarmat” tipli ballistik raketlərin nüvə enerjisi ilə işləyən yeni növünü hazırladığını iddia edir. Guya bu raketlər istənilən qədər səmada qalır və hər bir ölkəyə zərbə endirə bilir. Bu, başdan-ayağa uydurmadır. Hətta bunu nümayiş etdirmək üçün cizgi filminə bənzər bir film çəkmişdilər. Bu, Rusiyanın Baş Qəraragahında hazırlanmış bir cizgi filmi idi. Mütəxəssislər də bildirir ki, bu gerçək ballistik raket deyil və cizgi filmlərində istifadə olunmuş üsullardan istifadə edilmiş şəkildir.

Belə raketlərin hazırlanması ən azı 30 il bundan sonra gözlənilir. Putinin çıxışının ikinci hissəsindəki “Biz indiyə qədər bizi dinləmək istəməyənləri dinləməyə məcbur edəcəyik”-deyə təhdid dilində danışmaqla özünü gülünc vəziyyətə qoydu. Amerika Rusiyanın silah və nüvə cəbbəxanasını özündən yaxşı bilir. Ballistik raket növlərinin hansı meyarlara və ölçülərə uyğun hazırlanması müasir elmə dəqiq məlumdur. Bu sahədə ən qabağa getmiş ölkə ABŞ-dır. Putinin həmin çıxışından sonra onun ilk tənqidi öz ölkəsinin mətbuatında başladı. Onu rus generallarının əlində oyuncağa çevrilmiş prezident kimi xarakterizə etməyə başladılar. Bildirdilər ki, Putin bu çıxışı ilə özünü rüsvayçı vəziyyətə salıb. Ona görə ki, müstəqillik dövründə nüvə texnologiyası ilə işləyən bir silah növü yoxdur. Rusiyanın malik olduğu silahların texnologiyasından başqa ölkələr də hərbi sənayedə istifadə edib. Rusiyanın dünyanı təhdid edəcək elə bir qorxunc silahı yoxdur. Hazırda Putinin ətrafında, xüsusilə də hakim elitada ruh düşkünlüyü yaşanır. Dünya mediası Putinin çıxışını səmada, havada qəsrlər tikmək xülyası adlandırdılar”. 

Politoloq onu da qeyd etdi ki, ABŞ-la SSRİ arasında raketdən müdafiə sisteminə dair müqaviləni ilk pozan Rusiya olub. Yəni Putinin dedikləri həqiqəti əks etdirmir: “”İskəndər-M” tipli raketləri istehsal edən və qərbi Avropa boyunca yerləşdirən ilk tərəf Rusiya oldu. Bundan sonra ABŞ qanadlı və taktiki raketlərin istehsalını artırdı və nəticədə belə bir vəziyyət yarandı. Dünya hazırda sürətlə silahlanmaya cəlb edilib. Bu da ölkənin gəlirlərinin böyük hissəsinin silahlanmaya yönəldilməsinə səbəb olur. Məncə, qlobal iqtisadi böhranın səbəblərindən biri də budur. Rusiyalı politoloq Piantovski bir neçə gen öncə qeyd etmişdi ki, Rusiyanı SSRİ-nin taleyi gözləyir. Putinin son çıxışı göstərdi ki, ölkənin gəlirlərinin böyük hissəsi silahlanmaya yönəldiləcək. Əhalini yenə kəmərini sıxmağa məcbur edəcəklər. Bir az sonra Rusiyada ərzaq qıtlığı yaranacaq. Yenə kart sisteminə keçiləcək. Yenə növbələr yaşanacaq. Nəticədə ölkə SSRİ kimi dağılacaq”. 

Qabil Hüseynli Putinin hay-küylü çıxışının seçkiqabağı təbliğat məqsədilə elektorata hesablandığını deyir: “Məqsəd seçkiqabağı Rusiyada əhalinin əhval-ruhiyyəsini düzəltmək, ölkədə hər şeyin yaxşı olduğu barədə rəy yaratmaq, səs verənlərin gözünü boyamağa xidmət edir. Putinin bu çıxışı əhali arasında onun reytinqini yüksəltməyə yönəlmişdi. Amma bumeranq effekti verdi və onun reytinqini aşağı saldı”. 

Siyasi ekspert bildirdi ki, Rusiya uzaq məsafəli, qarşısıalınmaz raketləri əldə etmək üçün müasir elektrotexnika sisteminə malik olmalıdır. Rusiya isə belə bir texnologiyaya mailk deyil. ABŞ sanksiyalarının tətbiqi ilə Qərb ölkələri belə bir elektrotexnika sistemini Rusiyaya verməkdən imtina edəcək. Yaxın vaxtlarda açıqlanması gözlənilən növbəti sanksiyalardan sonra Rusiyanın hərbi-sənaye kompleksi belə elektrotexnologiyalardan tam məhrum olacaq. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений