Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünyaya hökm etmiş qadınlar



Əsrlərdir qadınların kişilərin hegemon olduğu dünyada əsir olduqlarından - məhbus həyatı yaşamalarından danışılır. Günümüzdə də “qadın” deyəndə ağıla gələn ilk şey evə, mətbəxə bağlı bir varlıqdır. Tarixin son dönəmlərinədək bütün ictimai-siyasi proseslərdən kənarda saxlanılmış qadınları evdən kənarda görmək də çətin idi. Buna görə də ayrı-ayrı dövrlərdə tarixin axarını dəyişdirən zəriflərin dövlət işləri və siyasətdə tutduqları yer də görməzdən gəlinib. Minlərlə illər kişilərin hakimiyyəti altında olan dünyada arxa planda görülən bu qadınlar adlarını tarixə yazdıracaq və əks cinslərin arasından çıxıb taxta oturacaq qədər cəsarət sahibi idilər. “Cümhuriyət” qəzeti tarixin ən bacarıqlı qadın hökmdarları və diplomatları haqda məlumatları təqdim edir.
Xatşepsut: E.ə 1479-1458-ci illərdə Misir fironu olub. Xatşepsut Misir tarixinin yeganə qadın fironudur. O, Nil çayı sahillərində keçirilən mərasimlərə kişi geyimlərində və süni saqqalla qatılırdı, xalqın qarşısına da belə çıxırdı. Bu, tarixi ənənə idi. “Xatşepust” sözünün mənası, “əsilzadə qadınların lideri” deməkdir. Öz adına saldırdığı məbəd və gücünü göstərmək üçün tikdirdiyi saqqallı heykəli ilə məşhurdur. Güclü, bacarıqlı və xalq tərəfindən sevilən firon olub.
Tomris: Tomris massagetlərdən və saklardan olan məşhur peçeneq qadın sərkərdə və skif-türk dövlətinin başçısı olub. E.ə 530-cu illərdə Kir Əhəmənilər dövlətinin başçısı olarkən sakların lideri Tomris idi. O, peşəkar hərbçi, səbrli və təcrübəli diplomat idi. Bunu zəiflik kimi qəbul edən Əhəmənilər Tomrisin başçılıq etdiyi dövlətə hücum etdi. Qeyri-bərabər döyüş nəticəsində ölkənin Cənub əraziləri Əhəmənilərin əlinə keçdi. Kir Tomrisə evlilik təklif etdi. Lakin rədd cavabı aldı. 
Bunu özünə qarşı təhqir bilən Kir hücuma keçdi. Səhərə yaxın Kir hiyləyə əl atdı. Sakların və farsların qərargahları arasında çadır qurdurdu, içinə bir neçə qadın və kişi buraxdı. Guya əyləncə təşkil edilmişdi. Tomrisin oğlu və adamları çadıra hücum etdilər və buradakı kişiləri öldürdülər. Kir bu vaxt çadıra hücum edərək Tomrisin oğlunu öldürdü. Tomris bundan oğlunun qisasını almaq üçün belə and içir: “Qana susamış Kir, sən oğlumu mərdliklə yox, içdikcə özünü itirdiyin şərabla öldürdün. Amma Günəşə and içirəm ki, səni qanla doyduracağam”.
Səhəri gün Tomrisin başçılıq etdiyi sak ordusu Kirin ordusu ilə üz-üzə gəldi. Kir döyüşdə öldürüldü. Tomris Kirin başını kəsib qan dolu çəlləyə ataraq, “Həyatında qan içməkdən doymadın, indi səni qanla doydururam”, dedi.
VII Kleopatra: Qədim Misirin son ellin kraliçası idi. Dünyanın ən dəbdəbəli və ən zəngin karllığının taxtına oturanda kiçik yaşdaydı. Sarayda özünə qarşı hazırlanan gizli sui-qəsdləri və Romadan gələn təhlükələrə baxmayaraq, Misiri bütün təhlükələrdən qoruyacaq yeganə adamla - Yuli Sezarla qadağan olunmuş sevgi yaşayırdı. Sezarla imzaladığı anlaşma Romada çaxnaşma yaratdığı halda, Sezarın ölümündən sonra Kleopatra Markos Antoni ilə də sevgi yaşadı. O, möhtəşəm gözəlliyindən özünün və Misirin maraqları üçün istifadə edirdi. 

Tamara: Gürcülərə görə Tamara Gürcüstan hökmdarlarının ən bacarıqlısı olub. Xalqı tərəfindən humanist hökmdar kimi qəbul edilən Tamara həm də peşəkar hərbçi idi. O, çox gözəl idi. Atası Georginin ölümündən sonra - 1184-cü ildə Tamara taxta çıxdı. Hökmranlıq dönəmi Gürcüstanın “Qızıl dövrü” adlandırılır. “Krallar kralı”, yaxud “kraliçalar kraliçası” adlandırılıb. Tamaranın dönəmində gürcü çarlığı öz inkişafının ən yüksək səviyyəsinə qalxdı. Hakimiyyəti dönəmində Gürcüstan sərhədləri genişləndirildi.

Sara Xatun: Sara Xatun Azərbaycanın ilk diplomat qadını sayılır. Ağqoyunlular (Azərbaycan) imperiyasının hökmdarı Uzun Həsənin anası idi. O, bir müddət Harput şəhərinin hakimi olub. Sara Xatun məscidi onun dövründə tikilib. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir, ən məsul diplomatik danışıqlar üçün onu göndərdi. Bir diplomat kimi Sara Xatunun fəaliyyətində, onun Göylühisarda sultan II Mehmetlə bağladığı 1461-ci il sülhünün böyük əhəmiyyəti var. 1468-ci ildə isə Teymurilərin hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq edib. Lakin bu missiya uğursuzluqla nəticələnib. Sara Xatun Misirə (Məmlüklər) də gedib, Ağqoyunlularla ittifaq bağlanmasına nail olub.

I İzabel: Atası kral II İohann öldükdən sonra böyük oğlu IV Henri nikahdankənar övlad kimi qəbul edildi və taxtın yeganə varisi İzabel oldu. İspaniyanı gücləndirmək məqsədilə Araqoniya kralı II Ferdinandla evləndi və İberiya yarımadasını ölkəsinə birləşdirdi. Xristofor Kolumbu da dünya səyahətinə o göndərir və ölkəsinin sərhədlərini genişləndirməyə başlayır. Həddən artıq qəddar hökmdar olan İzabel imperiyasını Stalin kimi idarə edirdi, ölkədə ölüm qorxusu hakim idi. İspaniya kilsəsi adını müqəddəsləşdirmək istəsə də bundan imtina etdi. İqtidarını qorumaq üçün barbarlar və yəhudiləri ölkədən çıxardı. O, bu iki millətin “Tanrı tərəfindən lənətləndiyinə” papanı da inandırmışdı.

Katerina Sforza: İtaliyanın əsilzadə Sforza ailəsinin üzvü və Forli qrafiniyası idi. Venesiya krallığına qarşı ölkəsini müdafiə etdiyi üçün xalqı tərəfindən “Forli pələngi” adı verilmişdi. XV əsrdə İtaliyanın ən nüfuzlu siyasi liderlərindən biri idi. 1488-ci ildə öldürülən həyat yoldaşının qisasını amansız şəkildə alır və 12 il Forli krallığını idarə edir. Həyat yoldaşının ölümündən sonra 2 dəfə evlənir və 7 uşağı olur. 

Mari Stüart: Atası öləndə o, cəmi 6 gün əvvəl doğulmuşdu, lakin yeganə varis olduğu üçün Şotlandiya kraliçası olur. 1561-ci ildə hakimiyyətinin icrasına başlayır. Üç dəfə evlənir, həyatının sonuna kimi sui-qəsd, intriqalardan yaxasını qurtara bilmir. Mari hakimiyyətinin ilk illərində Şotlandiyada yaşayan protestantlara qarşı çıxan ifrat katolik idi. Lakin sonra vəziyyət dəyişdi. İkinci həyat yoldaşı qraf Dernlini öldürməkdə ittiham edildi və hakimiyyətdən getməyə məcbur edildi. Nənəsi Marqaret Tüdor VIII Henrinin bacısı idi və buna görə də Mari Henrinin uşaqlarından sonra taxta idda edə biləcək yeganə şəxs idi. Lakin İngiltərə kraliçası I Elizabetin əmri ilə 18 il həbs cəzasına məhkum edilir və edam olunur. 

Mariya de Mediçi: Mediçi ailəsi XIII və XVII sərlərdə Florensiyanın (İtaliya) ən nüfuzlu və zəngin ailələrindən biri idi. IV Henri ilə evlənərək Fransa kraliçası olan Mariya cehizi ilə yeni həyat yoldaşının borclarını ödəyir. Mariya sonrakı illərdə oğlunun adına Fransanı idarə edirdi. 3 illik hakimiyyəti dönəmində rəssamlara 22 portretini çəkdirmişdi. Lakin oğlu onu ölkədən qovdu. 

Nzinqa Mbandi: 1624-cü ildə qardaşı öldükdən sonra Ndonqo krallığınının (bugünkü Anqola) taxtına keçdi. Həddən artıq hiyləgər olan Mbandi hakimiyyətinin sonunadək portuqal müstəmləkəçiləri aldadaraq, ölkəsini təhlükələrdən xilas etdi. Lakin özü də digər yandan qul ticarəti ilə məşğul idi, qadınları fahişə kimi satırdı.

Kristina: Atası II Qustav Adolf 30 illik müharibədə həlak olanda Kristina 6 yaşındaydı. Lakin 18 yaşında hakimiyyətinin icrasına başladı. Ədəbiyyat və incəsənətə böyük marağı olan Kristina Dekart, Qroti, Vossi, Klaud Samais kimi filosofları ətrafına toplayaraq, İsveç sarayını “akdemiyaya” çevirmişdi. 1656-cı ildə Fransa səyahətinə çıxdı və sərbəst davranışlarına görə etirazlara səbəb oldu. Taxtı X Qustava təhvil verdi, sonradan hakimiyyətə qayıtmaq istəsə də bu baş tutmadı.

I Yekaterina: Ruslar İsveçlə müharibədə onu əsir aldılar. Çar Pyotrun məsləhətçilərindən birinə xidmətçi kimi verildi. İşi paltar yumaq idi. Xasiyyəti xoş olan Yekaterina buna görə çarın gözlərinə girməyi bacardı. 1703-cü ildə çardan bir uşaq dünyaya gətirdi və Yekaterina Alekseyevna adını aldı. Çarın oğlan varisi olmadığı üçün çariça elan edildi. Dövlət işlərini həyat yoldaşı tərəfindən müəyyən edilmiş məsləhətçilərin öhdəliyinə verdi. 

II Yekaterina (“Böyük Katerina”): I Yelizavetanın ölümündən sonra həyat yoldaşı “III Pyotr” adıyla taxtı ələ keçirdi. Lakin hakimiyyəti uzun çəkmədi, taxtdan endirildi və Katerina çariça elan edildi. 34 il hakimiyyətdə qaldı. Dövründə Rusiyanın sərhədləri genişləndirildi, Azərbaycan əraziləri də bu dönəmdə işğal edilmişdi. Diderot və Volter kimi ziyalılarla məktublaşan II Yekaterina oğluna və özünə könüllü vərəm peyvəndi etdirən ilk hökmdar kimi tarixə düşüb. Həyat yoldaşı öləndən sonra evlənmədi. Başda komandirlərindən biri olan Potemkin olmaqla, çoxlu sayda özündən yaşca kiçik kişilərlə sevgi yaşadı. Sevgililərinə saraylar və xidmətçilər hədiyyə edirdi. O, “Rusiyanın Messalinası” kimi tanınır. 

Qeyd edək ki, Messalina qədim Romanın qadın hökmdarı olub. Seksə qarşı doyumsuz olan Messalina fahişələrlə seks yarışlarına girirdi və hər gün seks məclisləri təşkil edirdi.

Kraliça Viktoriya: Viktoriya 1837-ci ildə 18 yaşında əmisi IV Uilyamdan sonra taxta çıxdı və 64 il Böyük Britaniyanı idarə etdi. Həyat yoldaşı Albertin ölümündən sonra həyatının sonunadək qara rəngli paltarlar geyindi. O, hər kəsə, xüsusilə də övladlarına qarşı münasibətdə sərt idi. Hakimiyyəti illərində saysız insan edam edildi, azadlıqlar məhdudlaşdırıldı, yersiz saray xərcləri artırıldı və s.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений