Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əcnəbilər pullarını ölkədən aparır



Azərbaycanda qeyri-rezidentlər banklardakı əmanətlərini geri çəkməyə başlayıb.

Aprel ayı ərzində qeyri-rezidentlərin Azərbaycandakı kommersiya banklarındakı əmanətlərinin həcmi 24,7 milyon manat və ya 3,3 faiz azalaraq mayın 1-nə 726,2 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının(AMB) aylıq hesabatına əsasən, illik müqayisədə əmanətlərin həcmində 140,7 milyon manat və ya 16 faiz azalma qeydə alınıb. Mayın 1-nə əsasən qeyri-rezidentlərin banklardakı əmanətlərinin 652,3 milyon manat və ya 89,8 faizi xarici, 73,9 milyon manat və ya 10,2 faizi milli valyutada yerləşdirilib.

Məlumata görə 2018-ci il aprelin sonuna əsasən fiziki şəxslərin banklardakı cəmi əmanətlərinin 7 155,1 milyon manat və ya 90,8 faizi rezidentlər, 726,2 milyon manat və ya 9,2 faizi qeyri-rezidentlər tərəfindən yerləşdirilib.

Xaricilərin əmanətlərini Azərbaycan banklarından geri çəkmələrinin səbəbini “Cümhuriyət” qəzetinə şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov sözügedən məsələnin bir neçə səbəbi olduğunu deyib: “Birincisi, xaricilər Azərbaycanda əmanətlərini ona görə saxlayırdılar ki, uzun müddət ölkədə xarici valyutada olan əmanətlər üzrə faiz dərəcələri çox yüksək idi. Məlumdur ki, Qərb ölkələrində, eləcə də Avropada əmanətlər üzrə bankların faiz dərəcələri yüksək deyil. Hazırda Azərbaycanda da vəziyyət belədir, yəni, dollar və avro əmanətləri üzrə faiz dərəcələri kəskin şəkildə aşağı enib. Buna görə də xarici vətəndaşlara Azərbaycanda əmanət saxlamaq maraqlı deyil. Hətta əvvəlki illərdə xaricilər tərəfindən Azərbaycan banklarına yüksək faizlə qoyulan əmanətləri başda Beynəlxalq Bank olmaqla qanunsuz şəkildə faiz dərəcəsini endirməyə başladılar. Ötən ilin sonunda Beynəlxalq Bank xarici valyutada olan əmanətlər üzrə faiz dərəcəsini 2 faiz endirdi.

Bu proses birtərəfli qaydada həyata keçirilir. Bununla bağlı mənə yerli vətəndaşlardan başqa, xaricilər də müraciət etməyə başladı. Rusiya vətəndaşı müraciətində bildirmişdi ki, Beynəlxalq Banka yüksək faizlə 500 min dollar əmanət qoyub. Əmanətçinin xəbəri olmadan bank əmanət üzrə faiz dərəcəsini aşağı salıb. Əmanətçilər də görür ki, Azərbaycanda qanun onları müdafiə etmir, hətta əvvəllər qoyduqları əmanəti belə geri çəkirlər”.

Hüquqşünas Azərbaycanın bank sisteminə etimadın azalmasını da diqqətə çatdırıb: “Müflis banklarda çoxsaylı xarici vətəndaşların əmanətləri əllərindən çıxdı. Elə Kreditorlar Komitəsinin sədri olduğum Bank Standartda da milyonlarla vəsait batıb. Bank Standartda 1 milyon dollar əmanəti olan bir xarici vətəndaşın hüquqlarını təmsil edirəm. Onlar görür ki, əmanətin batması öz yerində, bankların ləğvetmə prosesində şəffaflıq yoxdur. Xarici vətəndaşlar vəsaitlərini yerli banklara əmanət etsələr də, Azərbaycanda banka nəzarətin zəif olduğu faktını müşahidə edirlər. Azərbaycan banklarına nəzarəti dövlət qurumu olan Maliyyə Bazarlarına Nəzarət Palatası, ondan əvvəl Mərkəzi Bank həyata keçirsə də, faktiki heç bir nəzarətdən söhbət getmir. Deməli, bu vəsaitlər təhlükə altındadır”.

Əmanətlərin sığortalanması sistemindəki qeyri-müəyyənlik nədən doğur?

Əkrəm Həsənov qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondu bəzən sığortalanmış əmanəti belə qaytarmaqdan yayınır: “Məlumdur ki, 2016-cı ilin martın 2-dən 2019-cu il martın 1-dək banklarda yerləşdirilən bütün əmanətlər qorunur və tam sığortalanır. 2019-cu il martın 1-dən sonra Azərbaycandakı əmanətlərin tam sığortalanması bitir. Əgər əmanətçinin yerləşdirdiyi əmanətin məbləği 30 min manatdan artıqdırsa, bu zaman o, əmanətini dollarda 3 faizlə yerləşdirməlidir. Tutaq ki, xarici və ya yerli vətəndaşın Azərbaycan bankında 100 min dollar pulu var. Xarici valyutada əmanətlər üzrə faiz dərəcəsi 3 faizdən azdır.

Bu gün həmin məbləğ tam sığortalanır. Əgər sabah bank bağlansa, həmin vəsait əmanətçiyə veriləcək. Amma 2016-cı ilin mart ayından başlayaraq artıq bu sistem tətbiq edilməyəcək. Əgər vəsaitlərin qoyulduğu bank 2016-cı ilin martından sonra bağlanarsa, yenə də tam sığorta olmayacaq. Təəssüf ki, nə Milli Məclis, nə Maliyyə Bazarlarına Nəzarət Palatası, nə də Əmanətlərin Sığortalanması Fondu 2019-cu ilin martın 1-dən sonra Azərbaycanda əmanətlərin sığortalanması prosesi necə olacağı barədə məsləyə aydınlıq gətirmir. Qeyri-müəyyənlik nəinki xaricilərdə, elə öz vətəndaşlarımızda da etimadını sarsıdır”.

Ekspertin sözlərinə görə, bütövlükdə son aylarda banklarda əmanətlərin həcmi azalıb: “Təbii ki, bu, bankların ziyanına olan bir prosesdir. Problem odur ki, banklar vəziyyətdən çıxış yolu kimi heç bir addım atmır. Ümumiyyətlə, Maliyyə Bazarlarına Nəzarət Palatasının hansısa bir proqramla çıxış etməsinə şahid olmamışam. Bank sistemi etimada arxalanır. Bunu qazanmaq üçünsə, ilk növbədə şəffaf olmaq, qeyri-müəyyənlikləri aradan qaldırmaq, eyni zamanda dəqiq və dolğun məlumat vermək lazımdır. Bütün bunların olmadığı bir şəraitdə bank sisteminə etibar azala-azala gedəcək”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений