Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Əkrəm Fevzi: “Azərbaycandan humanitar yardım gözləyirdik...”- MÜSAHİBƏ

 



İraq türkmənlərinin paytaxtı sayılan Təlafərin İŞİD-dən azad edilməsi üçün gərgin döyüşlər başlayıb. Mosulun 50 kilometr qərbində yerləşən Təlafər İraqın İŞİD terrorçularının nəzarətində qalmış sonuncu böyük şəhərdir. 2014-cü ildə Təlafərin işğal olunmasından sonra minlərlə türkmən qaçqın düşüb və terrorçular tərəfindən qətlə yetirilib.

Hazırda Təlafər ətrafındakı durumu öyrənmək üçün türkmən siyasətçi, İraq parlamentinin sabiq millət vəkili və İraq Türkmən Yazıçılar Birlyinin sədri Əkrəm Fevzi ilə əlaqə saxladıq. 

- Əkrəm bəy, Təlafər ətrafında vəziyyət necədir? Şəhərin İŞİD terrorçularından azad edilməsi uğrunda başlanan hərbi əməliyyatlar nəticə verirmi? 
- Avqustun 20-si səhər saatlarından hörmətli baş nazir Heydər əl-Abadi Təlafərin bütün ordunu, ordu təşkilatlarına, “Haşti-Şaabi”yə Təlafərin azad edilməsi əmrini verdi. Eyni zamanda, 45 min nəfər türkmən döyüşçü Təlafəri xilas etmək üçün hazır vəziyyətə gətirilib. Təlafər coğrafiyasına və əhalisinin sayına görə, İraqın ikinci ən böyük vilayəti sayılır. Hazırda İŞİD-in Təlafərdəki mövqelərinə havadan təyyarələrlə zərbələr endirilir. İŞİD-in silahlı qrupları, mərkəzləri vurulur. Eyni zamanda, Təlafərə üç istiqamətdən-cənubdan, cənub qərbdən və quzeydən hücum əməliyyatı həyata keçirilir. Döyüşlər nəticəsində xeyli sayda İŞİD üzvü öldürülüb. Bu barədə televiziyada və facebookda məlumat yayınladıq. Döyüşçülərimiz arasında sanki toy-düyün havası var. Çünki İŞİD həqiqətən pis vəziyyətdədir, zəifləyib. İŞİD-in əvvəlki gücü, əvvəlki iradəsi qalmayıb. İnşallah yaxın zamanda, Təlafər terrorçulardan qurtulacaq. Ancaq şəhərdə xeyli sayda türkmən var. Terrorçular onları girov götürüb silahın qabağına verir. Silah qabağına verilən silahsız ailələr, uşaqlar, qocalar, qadınlardır. Onların həyatı təhlükədədir. İnsan haqları təşkilatları, dövlətimiz çalışır ki, qan tökülməsin, həmin insanlar ölmədən həyatını qurtara bilsin. İnanıram ki, yaxın günlərdə türkmən bayrağımız və İraqın zəfər bayrağı Təlafərdə asılacaq. 

- Hazırda Təlafərdə nə qədər mülki əhali var? 
- Onların sayını dəqiq demək çətindir. Çünki onların bir qismi qaçqın düşdü, bir hissəsi ətraf qəsəbələrə köçdü, müəyyən hissəsi Kərbəlaya, Nəcəfə gəldi, bəziləri Türkiyəyə qaçdı. Ona görə də dəqiq bir say demək çətindir. Amma 2014-cü ildən orada minlərlə insan İŞİD-in nəzarəti altındadır. Onlar çox zülmə məruz qaldılar. Təlafərdən Bədrəyə qədər uzanan çox böyük bir xəritə var. Kərkük, Tuzhurmantu, Altın Köprü, Təzə Turhunmantu, Amirli, 90 Boyat kəndləri çox ziyan çəkdilər. Onlar kürd silahlılarının, sonra isə İŞİD terrorçularının hücumuna məruz qaldılar. Xeyli insan həyatını itirdi. Artıq Təlafərin azad edilməsi zamanı gəlib. İgid türkmən oğullarından ibarət “Haşti-Şaabi” təşkil olunub. Onlar bütün canı-qanı ilə öz torpağı üçün döyüşür. Hər şey nəzarət altındadır. Sadəcə olaraq, itkilərin ox olmaması üçün əməliyyat tələsmədən həyata keçirilir və İraq ordusu yavaş-yavaş irəliləyir. 

- Mosulun İŞİD-dən azad edilməsi uğrunda döyüşlər 9 aya yaxın davam etdi. Təlafərin terrorçulardan təmizlənməsi prosesi belə uzun zaman çəkə bilərmi, yoxsa bu əməliyyatı qısa müddətdə yekunlaşdırmaq mümkün olacaq? 
- Mosul böyük şəhərdir. Mosulun küçələri çox idi. İŞİD dövlətini oradan elan etdi. Onların xeyli sayda partlayıcı yüklənmiş maşınları, tankları, özünü canlı bomba kimi partladan üzvləri var idi. Dünyanın hər yerindən ora terrorçular gəlmişdi. Amma Təlafər elə deyil. Təlafər İŞİD-in İraqdakı mövcudluğunun son səhifəsidir. İndi Təlafərin əvvəlcə ətraf qəsəbə və kəndlərinin qurtuluşuna başlanıldı. Sonra şəhərin özünün azad olunması əməliyyatına başlanılıb. Bizim cəmi bir əsgərimiz şəhid olub, on nəfər yaralımız var. Bu əməliyyat Mosuldakı kimi uzun çəkməz və inşaallah bütün türkmənlər bayram namazını Təlafərdə qılacaq. 

- Təlafərdəki terrorçuların sayı məlumdurmu? 
- Təxminən üç mindən artıqdır. 

- Bəs Təlafərdəki hərbi əməliyyatlarda Türkiyə hansı şəkildə dəstək verir? Türkiyənin bu prosesdə iştirak etmək imkanı nə qədərdir? 
- Türkiyə minlərlə qaçqın türkmənə sığınacaq verdi, onlara hər cür humanitar yardım göstərdi. Kaş özünü müsəlman sayan bütün ərəb dövlətləri öncədən bu qaçqınlara eyni münasibət göstərəydi. Türkiyə isə yurdundan didərgin düşmüş həmin insanlara İstanbulda, Ankarada, Konyada hər cür yardım göstərməkdədir. Mən buradan Azərbaycana da səslənmək istəyirəm. Çox istərdik ki, Azərbaycan xalqı və dövləti bizə yardım göstərsin. Biz Azərbaycandan humanitar yardım gözləyirdik. Amma bunlar olmadı. Azərbaycan bir yaralımızı belə müalicə etmədi. Halbuki, mən Azərbaycanı görmədən 1990-cı illərdə Azərbaycan haqqında kitab yazmışam. Bizim türk dünyasından umacağımız var. Çünki ölüm-qalım zamanımızdır. Bu coğrafiyada şanımız-şöhrətimiz, mədəni irsimiz yox olmaqdadır. Füzulinin Mesopatomiya məmləkəti yox olmaqdadır. 3 milyon İraq türkmənləri qətliama uğramaqdadır. Türk olduğumuza, müsəlman olduğumuza görə qanımız tökülür. Arzu edirəm ki, Türkiyə kimi Azərbaycan da bizim müdafiəmizə qalxsın, terrorçulardan xilas etsin, kömək əlini uzatsın. 
Mən Azərbaycan prezidenti cənab İlham Əliyevə müraciət edirəm. Cənab prezident, lütfən bizə kömək edin, bizə dəstək olun. Bizim varlığımız təhlükə altındadır. Bundan çətin günümüz yoxdur. Bizə arxa-dayaq olun. Biz hər zaman türk olaraq qalacağıq. Nəsrəddin Tusinin məzarı Kazmeyndə, Məhəmməd Füzulinin qəbri Kərbəlada yerləşir. Biz bir qanıq, bir canıq, bir yoluq. Hamımızın yolu Turan yoludur. 

- Sentyabrın 25-də Məsud Bərzaninin rəhbərlik etdiyi İraq kürd muxtariyyəti referendum keçirmək və öz müstəqilliyini elan etmək istəyir. Bu məsələyə türkmənlərin baxışı necədir? 
- Bunu istərdim bütün türk dünyası eşitsin. Əgər yer üzündə bir türkmən qalsa belə, Kərkük kürdlərə verilməyəcək. Elə bir referendum da ola bilməz. 
O referendum tanınmayacaq. Kürdlər İraqın torpaq bütövlüyünü poza bilməyəcək. İraq bizim vətənimizdir. Burada müstəqil kürd dövləti qurmaq istəyənlər isə gəlib bizim vətənimizi, şanımızı, şöhrətimizi, sərvətimizi yox etmək istəyirlər. Bizim imanımız, əqidəmiz, iradəmiz var. Onlar Co Baydenin planına uyğun olaraq İraqı parçalamaq, İraqın neftini, qazını satıb-talamaq istəyirlər. Amma biz onlara bu fürsəti verməyəcəyik. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений