Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elçibəyi də boykota bunlar vadar etdi 



Kökü 1990-lara dayanan Müsavat-Yurd savaşı bu gün də davam edir. Özlərini də, bizim ömrümüzü də məhv etdilər bu savaşla. Birlik olub prezident seçkilərini boykot edirlər bu dəfə. Seçkidə iştirak edəni şantaj edir, getməyəni öyürlər. Əslində Müsavat seçkiyə gedəcəkdi. Çünki ortada fakt var. Media əski başqanın rəhbərik etdiyi Milli Strateji Araşdırma Mərkəzinin ötən payıza aid sənədini yayıb. Sənəddə erkən seçkilərin zəruri olduğu vurğulanır. Təklif geri çəkilmədiyi halda Müsavatın Məclisi toplanır və boykot qərarı alır.

Bir zamanlar şəhərin mərkəzi küçəsindəki ofisindən Azərbaycan siyasətinə yön verən qos-qoca Müsavat, Mir Cəfərin kabinetindən yeni siyasi təşkilatlara, partiya sədrlərinə siyasi pasport verən qos-qoca başqan (müsavatçılar hələ də başqan İsa Qəmbərə deyirlər-müəl.) həbibmüntəzirlərin, natiqədilovların, orduxantemirxanların, kimliyi bilinməyən uğursuz diplomatların şantajı qarşısında geri çəkilir, mövqeyini dəyişir. Bu gün siyasi prosesləri müşahidə edən əksəriyyətin fikri budur ki, Müsavat Milli Şuranın şantajları qarşısında geri çəkilməməliydi və seçkilərdə iştirak etməli idi. Boykot Azərbaycana, demokratiyaya xidmət deyil. Örnək aldığınız Türkiyə, Ukrayna, Gürcüstan demokratları seçkidən heç zaman qorxmadılar. Hər zaman seçkidən yana oldular, xalqla təmas imkanından faydalandılar. Prezident seçkilərində iştirak bir-birini didib daxildən zəiflətmiş ənənəvi müxalifət üçün böyük imkanlar açacaqdı. Hər bir seçki siyasi partiya üçün məşqdi, formada qalmaq imkanıdır. Sabah parlament seçkilərinin də erkən keçirilməyəcəyini hardan bildiz? Bəlkə 3-5 ay sonra daha bir erkən seçki yaxaladı sizi. Onu da boykot edəcəksiz? “Yurd”u, Milli Şuranı anladıq. Adamlar siyasi dalana dirənib. Xalqdan dəstək ala bilmirlər, qarşıda işini bilən, inamla öz hakimiyyətini sürdürən iqtidar var. Milli Şura mühasirəyə alınmış, tapançasında qalan bir güllə ilə sonunu gözləyən ümidsiz mafiyaya bənzəyir. Harda qırıla-qırıla. Bəs Müsavata nə olub? Bu partiyanın rəhbərliyində 90-cı illərin siyasi proseslərinə yön vermiş adamlar var. Onlar boykotun nə kimi nəticələr verəcəyini (əslində verməyəcəyini-müəll) anlamırlarmı?

1998-ci il. Bir il sonra prezident seçkisi olacaq. Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy Kələkidən Bakıya yenicə qayıdıb. Aradan neçə il keçib, Bakı da dəyişib, qoyub getdiyi adamlar da. Siyasi dəhlizlərdə nə olub bitdiyi, kimin əyilə-əyilə kimin qapısından çıxdığı hələ tam olaraq bizə aydın deyilsə də, Elçibəyə məlumdur. Amma ortada ümid var. 1993-cü ildə Surət Hüseynovun cəngindən qurtardığı bu adamlar prosesləri düzgün qavrayacaq və yenidən prezidentliyə namizəd olacaq, seçkidə qalib gələcək. Belə bir vaxtda özündən sonra lider nişan verdiyi adam yoluna daş yumalayaraq  planları pozdu. “Perspektivli gənc” deyib qabağa çəkdiyi, gənc yaşında dövlət katibi postuna gətirdiyi şəxs başqa bir partiya ilə siyasi mazaqlaşmaya başladı. Kəsəsi, Müsavat-Yurd savaşı Elçibəyə imkan vermədi. Mətbuata 90-cı illərin əvvəllərində gəlmiş çox bilgili bir həmkarım bu günlərdə özü də bilmədən bir sirri açdı. Dedi ki, Bəy xəstə olduğunu, ömrünün uzun olmadığını hələ Kələkidə olanda bilirdi. Onun “mənə 2 il möhlət verin, cəmi 2 ilk prezident olacam, görəcək işlərim var, sonra yenə siz olarsız” səslənişi də boşuna deyilmiş demək. Ancaq güvəndikləri ona yol vermədilər.

NƏTİCƏ: Böyük siyasət adamı, müxalif düşərgədən prezident seçilməyə tək şansı olan Elçibəyi seçkidən kənarda qoydular, qondarma partiyaların (indi o partiyaların çoxu buxarlanıb-müəll.) özündən razı sədrləri ilə boykot masasına oturtdular.

SONUC: Elçibəy 2 il sonra dünyasını dəyişdi, onun yanında YEKƏ görünən pariyaların, liderlərin ƏZƏMƏTİNDƏN əsər-əlamət qalmadı. Bu seçki də keçiriləcək, nəticələri də tanınacaq. Çünki seçkidə cəmiyyətdə kifayət qədər tanınmış, alternativ, müxalif fikir daşıyıcısı olan qüvvələr iştirak edir. Onlar gələcəyin partiyalarıdır. Demokratiyanın növbəti inkişaf mərhələsində boykotdan başqa silahı qalmamış yıpranmış partiyalar deyil, onlar qalacaq. Bu sətirləri oxuyan oxucunu bu suallar hökmən düşündürəcək: Boykotu peşə etmiş bu adamlar Azərbaycan siyasətində niyə qalırlar ki? 

Elman Cəfərli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений