Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ələsgər, Nəsimi, Xətai... indi də Füzuli: Dağıdılan məzarlara kim sahib çıxacaq?



Mövlanə Muhəmməd Süleyman oğlu Füzuli Azərbaycanın, Türk dünyasının, şərq aləminin böyük ensiklopedik alimi, filosofu və şairidir.

Bu gün Füzuliyə varislik əsasən Azərbaycanın üzərinə düşür.

Səddam hakimiyyəti zamanında natamam və bir az da qərəzli məlumatlara görə onun məzarı köçürülmüş, hətta, dağıdılmışdır. 1994-cü ildə yenidən bərpasına izn verilmişdir.

Son günlər İraqın Türkmən saytlarına istinadən ölkəmizdə yayılan məlumatlara görə Füzulinin məzarı təkrar dağıdılıb, məhv edilib və ya köçürülüb...

Aidiyyatı qurumların bilavasitə bu işlə məşğul olması, maraqlanması vacibdir.

Bir qədər əvvəl Nəsiminin məzarının aqibəti ilə bağlı həyəcan siqnallı yazı da yazdıq. Ancaq təəssüf ki, əhəmiyyət verib tədbir görən, maraqlanan olmadı. 

İndi də Füzuli...

Biz bir xalq olaraq, həmişə bu dahi şəxslərimizi tərənnüm etmişik, onların xatirəsini əbədi saxlamışıq, əsərlərini mütaliə etmişik və yaşatmışıq. Lakin təəssüf ki, bəzi xalqdan asılı olmayan məsələlər var ki, onun dövlət qurumları həyata keçirməlidirlər.

Gəzən şayiələr, narahat şairlər və yazarlar, yarı yalan-yarı gerçək yazan bəzi jurnalistlər daha da bu gərginliyi artırmaqdadır. Füzuli Azərbaycan xalqının ədəbiyyat babasıdır. Bunu hamı qəbul edir ki, Azərbaycan elə Nizamilərlə, Nəsimilərlə, Xətailərlə, Füzulilərlə Azərbaycandır. Bu simalar Azərbaycanın mənəvi tərəfidirlər. Bir parçasıdırlar.

Necə olur ki, Füzulinin məzarı dağıdılır, ancaq heç kəs bu məsələ ilə maraqlanmır. Bu haqda dünyanın müvafiq beynəlxalq mədəniyyət qurumlarına məlumat verib tədbir tələb etmək lazımdır.

Ələsgərin qəbri Ermənistanda dağıdılsın əlacsız baxaq, Nəsiminin məzarı Suriyada bombalansın, qulaqardına vuraq, Xətainin məzarı Ərdəbildə təmirsiz qalsın səbr edək, indi də Füzulinin qəbri uçurdulsun, susaq?! Bu, doğru addım deyil. Onların ruhları bizi bağışlamaz. 

Mütləq aidiyyatı dövlət və hökümət orqanları dərhal ciddi tədbir görməlidir. Öz babalarımıza, onların qəbirlərinə sahib çıxmalıyıq. 

Təcili müvafiq dövlət komissiyası yaradılmalıdır bu işlə əlaqədar. Əgər bu qədər hörmətsizlik edilirsə alimin cəsədini gətirib Azərbaycanda dəfn etməliyik.

İraqın "imam Hüseyn aşiqi" sayılan hökuməti İmam Hüseynin həqiqi aşiqinə, onun ayağı altında dəfn olunmağı vəsiyyət edib bu günki təhqiramiz vəziyyətə layiq görülən Mövlanə 

Füzuliyə bu qədər hörmətsiz davranırsa, onun nəzir pulu qazandırmadığına görə qəbrini dağıdırsa, o qəbri köçürmək lazımdır Ağcabədiyə...

Füzulinin məzarı da onun özü qədər, onun yaradıcılığı qədər hamımıza əzizdir. İraq dövlətinə nota verilməldir, əgər bu məlumat doğrudursa.

Bu necə İmam sevgisidir, necə müsəlmanlıqdır, necə şiəlikdir ki, İslam dünyasının fəxrləri sırasında olan, İmam Hüseyn aşiqlərindən olan, həqiqi alim-filosof Füzulinin qəbri dağıdılsın. Onda işidlə, Səddamla indikilərin nə fərqi var, siz deyin ?

Füzuli bu hörmətsizliyə və laqeydliyə layiq şəxsiyyət deyil. Füzulinin cəsədini lazım gələrsə Azərbaycan xalqı gedib çiyinlərində, piyada gətirər İraqdan Vətənimizə. Ancaq bu laqeydlik dözülməzdir və anlaşılan deyil. Heç bir bəhanə buna əsas ola bilməz.

Tural İrfan
İlahiyyatçı-yazar, AMEA-nın dissertantı, "Dünya Gənc Türk Yazarlar Birliyi"nin Məsləhət  Şurasının üzvü, AXCP sədrinin Dini İşlər üzrə Müşaviri








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений