Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ənənəvi müxalifətin Facebook-da keçən ili 



2017-ci il Azərbaycanın ictimai-siyasi həyatı bir sıra məqamlarla yadda qaldı. İslam Həmrəyliyi Oyunları və “Formula 1” yarışlarına ev sahibliyi edən Azərbaycan “Qarabağ” futbol klubu ilə ilk dəfə Avropanın ən yüksək turniri - Çempionlar Liqasında iştirak etmək hüququ qazandı. Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində qayıdış başladı. Kənd uzun müddət idi ki, erməni hərbi birləşmələrinin nəzarətində idi. Lakin kəndə nəzarəti həyata keçirən bir sıra strateji əhəmiyyətli postlar Azərbaycan ordusu tərəfindən azad edildiyi üçün kənddə həyat üçün bütün təhlükəsizlik tədbirləri görüldü və sakinlər geri qayıtdılar.

Başqa sözlə, 2017-ci il Azərbaycan üçün yeniliklərlə yadda qalsa da siyasi həyatda heç bir canlanma baş vermədi. Hakimiyyət ölkəni üzləşdiyi ağır sosial-iqtisadi vəziyyətdən çıxarmağa cəhd etmədiyi halda, ənənəvi müxalifət susqunluğunu qorudu. Milli Şura və “Yurd” ayrı-ayrı vaxtlarda keçirdiyi bir neçə imitasiya xarakterli mitinqi ilə özünü göstərməyə çalışsa da ənənəvi düşərgə yenə də diqqətdən kənarda qaldı.

Çiy, alaçiy, bişməyən....

Müsavat Partiyasındakı istefaları nəzərə almasaq, yenə də ilin aktiv oyunbazı  “Yurd” sədri Əli Kərimli idi. Kiçik futbol stadionunda (“Məhsul”) bir neçə mitinq təşkil edən Əli Kərimli dəfələrlə müxalifətçiliyə olan iddiasını gündəmə gətirdi. Hər mitinqdən əvvəl və sonra ənənəvi düşərgədəki əzəli rəqiblərinə söz atan “Yurd” sədri “ana müxalifət”in özü olduğunu iddia edərək, növbəti dəfə rəqibləri ilə arasındakı uçrumu dərinləşdirdi. İlin son günləri də növbəti “Yurd” - Müsavat qarşıdurması ilə yadda qaldı. Tərəflər qarşılıqlı şəkildə, yenə də ümumi maraqları kənara ataraq bir-birlərini hakimiyyətdə işləməkdə, satqınlıqda ittiham etdilər. Qeyd etdiyimiz kimi Əli Kərimli il ərzində özünü ön planda tutmağa çalışdı. Lakin bu cəhdləri bir-iki mitinq və sosial şəbəkələrdə saysız paylaşımlarla yekunlaşdı. 

Yenə də jurnalistlər qarşısında çıxmaqdan qaçan “Yurd” sədri ili cəmi bir müsahibə ilə başa vurdu. Jurnalist Əvəz Zeynallının “Qaynar Qazan”ında iştirak edən Əli Kərimli müsahibə ərzində Feysbukdakı paylaşımlarını təkrarladı. Jurnalist təşkilat sədrini nə qədər “bişirməyə” çalışsa da o, öz xəttindən çıxmadı və şablonu təkrarladı.

Keçmiş başqanın “kölgəsində”

2017-ci il digər ənənəvi müxalifət təmsilçisi Müsavat Partiyası və bu qurumun başqanı Arif Hacılı üçün düşərli olmadı. Yenə də köhnə başqan İsa Qəmbərin “kölgəsindən” çıxa bilməyən Arif Hacılı növbəti dəfə partiya daxilində qarşıdurma mühitini qızışdırdı. İlin sonlarına yaxın ən etibarlı adamlarını itirdi. 

Partiyada başlayan kütləvi istefalar Müsavatı parçalamaq təhlükəsi qarşısında qoymaqla yanaşı, onun özünü də seçkilərdən əvvəl pas vəziyyətinə saldı. Başqanın sosial şəbəkələr üzərindəki aktivliyi də işə yaramadı. İl ərzində Arif Hacılını media qarşısına keçən görmədik. Üstəgəl, müsavatçılar gələn il keçiriləcək seçkilərə İsa Qəmbərlə qatılmaq istəklərini elan edərək, Arif Hacılının Müsavatda formal başqan olduğunu növbəti dəfə gündəmə gətirdilər.

Azərbaycana növbəti qayıdış

Uzun illərdir ənənəvi müxalifət təmsilçisi kimi çıxış edən keçmiş spiker Rəsul Quliyev 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqladı. Hətta, Amerikada yaşayan keçmiş spiker növbəti dəfə Azərbaycana qayıdacağının anonsunu verdi. 

Lakin bu planını reallaşdırmaq istəyən Rəsul Quliyevin ənənəvi düşərgənin təmsilçilərini tərəfinə çəkmək cəhdləri nəticə vermədi. Hələlik Bakıdakı bir qrup tərəfdarının əhatəsində qalan R.Quliyevin Azərbaycana qayıdacağı da sual altındadır. Bir müddət bu məsələ ilə gündəmdə olsa da yenidən səssizliyə çəkilərək, Əli Kərimli kimi Feysbukda “status” paylaşmaqla məşğuldur. 

Bu statuslarla xalqı gah təhqir edən, gah ondan imdad diləyən, gah “əbədi müxalifət” statusunu qorumaq üçün  xalqa da, müxalifətə də müxalif olub səfirlik dəyişən biri üçün ili beləcə yola salmaq da bir uğurdur. 

Nə qədər ki, sosial şəbəkələr və bu sosial şəbəkələrdə başqalarının adına açılıb “like” etməklə məşğul olan saxta profillər var, onlar da var. Ara-sıra cürətlənib “Məhsul”a toplaşmağa da cəhd edirlər, bir-iki təkandan sonra “olana bərəkət” deyib yenə kompyuter qarşısına çəkilən bu oyunbaz “müxaliflər” 2018-ci ildə yəqin ki, daha da fəallaşacaq. Saxta profillərin də sayı artacaq, “səhifəmi ələ keçiriblər” bəyanatları da, hələ bəlkə uğursuz mitinq şoularının sayını 5-6-ya çatdırdılar. 

Sonunda qazancları nə olacaq? Bunu bir özləri biləcək, bir də o qazancı onlara verən...

Mənsur

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений