Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ərdoğan-Gül qarşıdurması açıq MÜSTƏVİDƏ



Hakim elita parçalanır

Türkiyə müxalifəti 2019-cu ildə keçiriləcək prezident seçkilərində hakim siyasi elitanı parçalamaq planı üzərində düşünür. Bu barədə artıq Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Dəniz Baykal konkret açıqlama da verib. O, Türkiyənin eks-prezidenti Abdulla Gülün yenidən dövlət başçısı postuna namizədliyini dəstəkləməyi təklif edib. Hətta D.Baykal prosesə mane olmamaq üçün CXP sədri Kamal Kılıcdaroğlunu güzəştə getməyə çağırıb:

“Kamal Kılıcdaroğlu mən prezidentliyə namizədəm deyərsə, biz də “tamam” deyib, onu dəstəkləyərik, arxasında dayanarıq, o da namizədimiz olar. Əgər Kılıcdaroğlu namizəd olmasa, daxildə partiya sədrliyi uğrunda bir rəqabət dövrü başlayar” - deyən D.Baykal partiyanın yeni sədri vəzifəsinə və prezidentliyə namizəd kimi Abdulla Gülün namizədliyini irəli sürməyi təklif edib: “Abdulla Gül ən azı yüzdə 49 faizin namizədi olarsa biz bunu dəyərləndirməliyik”.

Dəniz Baykalın təklifinə Abdulla Gül hələ münasibət bildirməyib. Ancaq qeyd edilən açıqlama CXP daxilində gərgin müzakirələrə səbəb olub. Kamal Kılıcdaroğlu CXP qrup toplantısının yığıncağında partiya daxilində fikir ayrılığının yaranmasına yol verməyəcəyini, əgər belə hal baş verərsə, həmin şəxsləri “qapının önünə qoyacağı”nı bəyan edib. Növbəti prezident seçkiləri ilə bağlı CXP üzvləri arasında iki tərəf formalaşıb. Kamal Kılıçdaroğlunun pezidentliyə namizəd olmasını təklif edənlər 2014-cü ilin seçkilərində üzləşdikləri Ekmələddin Ehsanoğlu problemini təkrar yaşamaq istəmədiklərini deyir.

Lakin 2019-cu ildə Kamal Kılıçdaroğlunun Rəcəb Tayyib Ərdoğana qalib gələcəyi barədə qəti fikir yürütmək də mümkün deyil. Çünki Kılıçdaroğlunun rəhbərliyi dövründə CXP bütün seçkilərdə məğlub olub. İkincisi, aprelin 16-da konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən sonra prezident Ərdoğanın siyasi mövqeyinin daha da güclənəcəyi gözlənilir. Bu baxımdan, 2019-cu ildə Ərdoğanla yarışacaq müxalifət namizədi ona qalib gəlmək imkanına malik bir siyasətçi olmalıdır. Abdulla Gülün CXP-yə üzv olacağı real görünmür. Ancaq siyasi baxışlarına görə, dini cameəyə daha yaxın sayılan A.Gülün eyni zamanda, mərkəzçi mövqeyə sahib olması onu müxalifətin prezidentliyə vahid namizədi kimi irəli sürməyə imkan verir. Abdulla Gül həm də hakimiyyət düşərgəsində elitadaxili müxalifətin lideri hesab olunur. O, prezident seçkilərində iştirak etməyə qərar verəcəyi təqdirdə R.T.Ərdoğan üçün ciddi maneəyə çevrilə bilər. Hakim elitanın böyük kəsimini və müxalifəti ətrafında birləşdirmək gücü onun seçkilərdə qalib gəlmək şansını qaçılmaz edəcək. Artıq D.Baykalın təklifi prezident Ərdoğanı tərəfindən narahatlıqla qarşılanıb. Dövlət başçısı sabiq CXP liderini hədələməklə cavab verib:

“Bu tamamilə bir virus, fitnə hərəkətdir. Cənab Baykal belə oyun oynamağı buraxıb öz başına çarə qılsın” - deyə Ərdoğan sərt açıqlama verib. Abdulla Gül razılıq verəcəyi təqdirdə, ana müxalifət partiyasının prezidentliyə A.Gülün namizədliyini irəli sürəcəyi istisna olunmur. Belə ki, Kamal Kılıçdaroğlu son qərarını referendumda “yox” deyən digər partiyalarla görüşdükdən sonra elan edəcəyini bildirib. CXP sədrinin yaxın günlərdə Səadət Partiyası ilə danışıqlar aparacağı gözlənilir. Abdulla Gülün namizəd olması təklifi ilki olaraq Səadət Partiyasından gəlib. Hər iki partiya sabiq prezidenti yenidən bu posta vahid namizəd kimi irəli sürməyi razılaşdıra bilsə, o zaman A.Gül dini və dünyəvi elitanın lideri kimi Ərdoğanın alternativinə çevrilə bilər.

CXP sədri məsələ ilə bağlı mövqeyini NTV-yə verdiyi müsahibədə açıqlayıb. O, məsələyə dair razılığını bildirməsə də etiraz da etməyib. Kılıçdaroğlu bu təklifi zamanın öhdəsinə buraxmağın, yəni seçkilər ərəfsində nəzərdən keçirilməsinin tərəfdarıdır: “Bu prosesdə adların çəkilməsini doğru heab etmirəm. İnsanları çətin duruma salmağa haqqımız yoxdur. Proses öz-özünə yetişir. Cənab Gül istəyərmi, ya istəməzmi bilmirəm”.   

Bu arada A.Güllə R.T.Ərdoğan arasında mövcud olan ənənəvi fikir ayrılığının daha da dərinləşməsi müşahidə olunur. Türkiyə prezidenti may ayının 2-də yeni konstitusiyanın tələblərinə uyğun olaraq yenidən partiya üzvlüyünə qəbul olunub. AKP-nin mayın 21-də keçiriləcək qurultayında isə R.T.Ərdoğanın qurucusu olduğu AKP sədri postuna yenidən seçiləcəyi gözlənilir. Ancaq partiya daxilində Ərdoğanın konstitusiya islahatı həyata keçirməklə həddindən artıq səlahiyyətlər əldə etməsi görünür, A. Gülü qane etmir. Prezident Ərdoğanın AKP-yə üzv olması ilə bağlı mərasimə A.Gül və sabiq baş nazir Əhməd Davudoğlu da dəvət edilmişdi. Lakin Davudoğlu dəvəti qəbul edib, partiyanın qərargahına gəlsə də, sabiq prezident Abdulla Gül yığıncağa qatılmayıb. Türkiyəli siyasi müşahidəçilər bu hadisəni Ərdoğan-Gül qarşıdurması kimi şərh edib. Lakin CXP daxilində də siyasi narazılıq artmaqda davam edir. Dəniz Baykal siyasi varisinin fikir ayrılığı yaradanları partiyadan çıxarmaqla hədələməsinə “CXP zopa ilə, şallaqla idarə olunmaz” - deyə sərt reaksiya verib. Bu isə D. Baykala yaxın qrupun CXP-nin referendumdan sonra yeni siyasi şəraitə uyğunlaşdırılması üzərində düşündüyünü göstərir.  Bu mərhələnin əsas şərtlərindən biri prezident seçkilərində qalib gələ biləcək bir liderin bütün partiya üzvlərini öz ətrafında birləşdirməsidir. Dəniz Baykalın son açıqlamaları onun K.Kılıçdaroğlunu bu potensiala malik hesab etmədiyini və dolayısı ilə sədrlik postunu təhfil verməyə çağırması kimi başa düşülə bilər.  

Müşfiq Abdulla








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений