Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərdoğana qarşı “Gül kartı"



Abdulla Gül müxalifətin namizədi ola bilər

Fərrux Məmmədov:“Gülün komandasında Əhməd Davudoğlu və Bülənt Arınc da olacaq”

Türkiyədə 2019-cu ildə keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi başlayıb. Bu səbəbdən son günlər Türkiyənin siyasi həyatında fəallığın artması müşahidə olunur. Artıq Milliyyətçi Hərəkat Partiyası seçkilərdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləmək qərarına gəlib. MHP sədri Dövlət Baxçalı ilə prezident Ərdoğan arasında yanvarın 10-da “Çümhurbaşqanlığı sarayı”nda keçirilmiş yarım saatlıq görüşdə tərəflər vahid namizəd məsələsini razılaşdırıblar. Dövlət Baxçalı “Respublika ittifaqı” adını verdiyi bu modelin beş il davamlı olacağını və ölkədə prezidentli respublika idarəetmə sisteminin möhkəmlənməsinə xidmət edəcəyini bəyan edib. Böyük Birlik Partiyası da MHP ilə yanaşı, AKP liderini dəstəkləyəcəyini bildirib.

MHP-nin qərarını sərt tənqidlə qarşılayan Cümhuriyyət Xalq Partiyası isə seçkilərdə Ərdoğana qalib gəlmək əzmində olan daha güclü bir siyasətçini irəli sürmək niyyətindədir. Hələlik bu şəxsin kimliyi açıqlanmasa da artıq mediada və siyasi kuluarlarda müxalifətin vahid namizədinin adı çəkilməyə başlayıb. Söhbət eks-prezident Abdulla Güldən gedir. Abdulla Gül sözügedən məsələyə münasibət bildirərərkən əvvəllər “Mən siyasətə qarışmıram” deməklə kifayətlənib. Hətta cənab Gül AKP-nin bir sıra rəsmi tədbirlərinə gəlməməsini  siyasətdən uzaq olmaq istəyi ilə izah edib. Lakin Türkiyə mediası bildirir ki, Abdulla Gülün bu mövqeyi əslində prezident Ərdoğanla münasibətlərdə müşahidə edilən soyuqluğun nəticəsidir. Artıq seçkilərlə bağlı “Gül kartı” açılmış hesab edilir və onun Rəcəb Tayyib Ərdoğana müxalifətin rəqib namizədi  olacağı istisna edilmir. Son günlər dövlət başçısının ad çəkmədən A.Gülün ünvanına tənqidi fikirlər səsləndirməsi, eləcə də Dövlət Baxçalının sabiq AKP liderini açıq şəkildə ittiham etməsi deyilənlərin real olduğunu göstərir.

Xatırladaq ki, prezident Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxış edərkən Gülü AKP daxilində birliyi pozmaqda ittiham edib: “Bu birliyi, bərabərliyi zədələyənlər bilsinlər ki, artıq karvanın səmimi sərnişinləri deyillər. Biz bu yola sədaqətin əsas anlayış olduğunu bilərək çıxdıq. Qüsura baxmayın. Amma, bu qatardan düşənlər, düşdükləri yerdə qalarlar" - deyə Ərdoğan vurğulayıb.

“Xəbərdar edirəm ki, Yeni Hökumət Sistemi üzərində əməliyyat aparmaq, FETÖ-nun göstərişi ilə geriyə dönüş planları qurmaq bir-birinin qayığına minib səfərə çıxan, ora-bura gül və gülcüklər dağıdanların həddi deyil. Bu, prezident idarəetmə sisteminin prinsip və əsaslarını rəhbər tutaraq həyatımıza möhür vuran 696 saylı Qanun Hökmlü Qərarnamənin 121-ci maddəsini anlamayan və beləliklə, öz niyyətini ifşa edən nə cənab Gülün, nə də Qəndilə doğru uzanan cənab Kılıçdaroğlunun bacaracağı işdir”, -deyə MHP sədri hər iki siyasətçini tənqid edib.

Türkiyə mətbuatı isə Abdulla Gülün fevral ayında siyasi səhnəyə qayıdacağını xəbər verir. Bu hadisənin Türkiyənin siyasi həyatında böyük dəyişikliklərə səbəb olacağı da iddia edilir. Hətta eks-prezidentin bu prosesə çox ciddi hazırlaşdığı bildirilir.

Bəzi siyasi ekspertlərin rəyinə görə, CHP, İYİ  Partiya və Səadət Partiyası artıq Abdulla Gülün namizədliyini dəstəkləməyə hazırdır. Əgər eks-prezident həmin təklifə razılıq verərsə, AKP daxilində Ərdoğandan narazı qüvvələr də Gülü dəstəkləyə bilər. Bu isə hakim partiya daxilində seçkiqabağaı siyasi parçalanmanın baş verməsi deməkdir. Hadisələrin belə bir ssenari üzrə inkişafı hazırda ölkə daxilində nüfuzu zəifləyən R.T.Ərdoğanın seçkilərdən məğlubuiyyətlə çıxmasına səbəb ola bilər. Abdulla Gül isə mövcud situasiya üçün Türkiyənin hakim elitasını və ana müxalifəti öz ətrafında birləşdirəcək keçici fiqur hesab olunur. Əgər müxalifətin qeyd edilən planı baş tutarsa, Ərdoğanın hakimiyyətdən getməsində maraqlı olan Qərb də A.Gülü demokratik yolla seçilmiş prezident kimi dəstəkləyəcək. Lakin sabiq dövlət başçısı siyasətə dönüşü və seçiklərdə namizəd kimi iştirakı ilə bağlı təkliflərə dair son sözünü deməyib.  Ərdoğanın və hakimiyyətin dili ilə MHP-nin Abdulla Gülə qarşı sərt mesajlar səsləndirməsini səbəbsiz hesab etmək olmaz. Böyük ehtimalla, cənab Gül yaxın vaxtlarda bu ittihamlara konkret cavab verəcək.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, MHP-nin Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləməsi dövlətin milli təhlükəsizliyi ilə bağlıdır. Politoloq bildirdi ki, Türkiyə hazırda ağır geosiyasi proseslərdən keçir. Bu da ölkə daxilində milli və siyasi həmrəyliyin olmasını zəruri edir: “MHP-nin ülkücü ocaqları ikinci bir ordu halındadır. Həmin mülki ordunun da dövlətə dəstək verməsi normal haldır. MHP-nin Ədalət və İnkişaf Partiyası ilə yaxınlaşması normal haldır. Çünki məsələ dövlətçiliklə bağlıdır. Abdulla Gülün siyasətə dönüşünün ölkə rəhbərliyi tərəfindən narazılıqla qarşılanacağı gözləniləndir. Abdulla Gülün AKP-yə və onun ideologiyasına qarşı çıxması bu ideyanın daşıyıcısı olan insanlarda müəyyən şübhələr oyadır. Əslində, bu da təbiidir. Abdulla Gül Ədalət və İnkişaf Partiyasını yaradan üç nəfərdən biridir. Onlar Türkiyənin yenidən güclü ideoloji xətt üzrə ayağa qaldırılması və dirçəldilməsi məqsədilə yola çıxmışdılar. Lakin bu gün Abdulla Gülün əks siyasi qütbdə prezidentliyə iddiasını ortaya qoyması bir növ özünün qurduğu təşkilata qarşı çıxması deməkdir. 

Gül partiya yaradılan zaman ideologiyanın sərt olduğunu bilirdi. Hazırda Türkiyənin milli təhlükəsizliyi böyük təhdid altındadır. Suriyada gedən müharibə, ABŞ-ın PYD və YPG terror təşkilatına dəstək verməsi, İraqda və İranda gedən proseslər Türkiyəyə qarşı qısqanc münasibətin nəticəsidir. Xaricdən baxdıqda Türkiyədəki olaylar anti-demokratik görünsə də dövlətçilik baxımından yanaşdıqda baş verənlər milli təhlükəsizliyinin qorunmasına hesablanıb. Bununla üçün Ədalət və İnkişaf Partiyasının prezident və parlament seçkilərində 50+1 faizlik barajı keçərək qalib gəlməsi vacibdir. Türkiyə artıq beş və ya on il əvvəlki ölkə deyil. Vəziyyət olduqca qarışıqdır. Şübhə etmirəm ki, Abdulla Gülün komandasında sabiq baş nazir Əhməd Davudoğlunu və baş nazirin keçmiş müavini Bülənt Arıncı da görəcəyik. Partiyanı quran üç şəxsdən biri olan Bülənt Arıncın Abdulla Gülə dəstək verəcəyini gözləyirəm. Köhnə komanda üzvləri yeni koalisiya quraraq hökumətə qarşı çıxmaq niyyətindədir. Lakin onların seçkilrədə qalib gəlmək şanslarını hesablasaq, Ərdoğana alternativ hələ ki, yoxdur”.

Fərrux Məmmədov bildirdi ki, Türkiyənin siyasi sistemində AKP, CHP və MHP-dən ibarət üç əsas partiya oturuşmuş şəkildə mövqe tutub. Lakin onların arasında indiki şəraitdə ən nüfuzlu lider kimi Ərdoğan öndədir: “Kılıçdaroğlu partiya sədri olsa da lider deyil. Yaxud Əhməd Davudoğlu partiya rəhbəri olsa da lider ola bilmədi. Abdulla Gül də həmçinin. Ərdoğan isə liderlik xüsusiyyətlərinə malikdir. Lakin onun qələbə çalması üçün faiz nisbəti lazımdır. Türkiyədə müzakirə olunan məsələ də bu faizin nə qədər olacağı ilə bağlıdır. Ərdoğan və AKP yenidən 53 faiz səs toplamaq niyyətindədir. Bu məqsədlə Ərdoğan özünün liderlik keyfiyyətlərindən istifadə edəcək. Abdulla Gülün liderlik keyfiyyətlərini müqayisə etsək, partiyadan qopmalar hələ ki, gözlənilmir. Əgər belə bölünmə olarsa, həmin şəxslərin ofsaytda qalması və ya cəzalandırılması ehtimalı var. Abdulla Gülıün AKP-dən getməsi onun nüfuzuna ciddi zərbə vura bilər. Abdulla Gül seçkilərə getməsə, daha yaxşı olar. Seçkilərə getməmək Abdulla Gülə daha çox hörmət gətirər, nəinki, namizədliyini irəli sürməsi”.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений