Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ərdoğanı Ağ Evdən əliboş qaytaran səbəblər - TƏHLİL



Türkiyənin yaxın perspektivdə xarici siyasətinin necə müəyyənləşməsi prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a rəsmi səfərinin nəticələrindən asılıdır. Prezident Ərdoğan amerikalı həmkarı Donald Trampla apardığı danışıqların yekununu pozitiv qiymətləndirib. Rəsmi Ankara Ağ Evdə keçirilən ikitərəfli danışıqların Türkiyənin ABŞ-la münasibətlərindəki narazılığı aradan qaldıracağına ümid edir. Ancaq dövlət başçılarının görüşündə prinsipial məsələlərdə razılığa gəlinməsi barədə xüsusi açıqlama verilmədi. Ona görə də Türkiyə prezidentinin vurğuladığı “pozitiv” məqamların nədən ibarət olması hələ qeyri-müəyyən olaraq qalır. 

ABŞ-la Türkiyənin münasibətlərində müsbət dönüşün yaranması iki əsas məsələyə dair razılaşmanın əldə edilməsindən asılıdır. Rəcəb Tayyib Ərdoğan Donald Trampdan Amerikanın Suriyadakı PYD/YPG terrorçularına silah verilməsinin dayandırılmasını istəyib. Lakin bu məsələyə dair prezidentlər ortaq mövqeyə gəlinməsi barədə heç bir açıqlama vermədi. Prezident Tramp ABŞ-ın terrorizmə yəni, İŞİD, “Əl-Qaida”, PKK-ya qarşı mübarizədə Türkiyəyə dəstək verəcəyini bəyan edib. Ağ Ev ikitərəfli anlaşmadan söz açarkən böyük ehtimalla terrora qarşı mübarizədə Türkiyəyə kəşfiyyat-informasiya məlumatlarının artırılacağına dair verilən vədi nəzərdə tutur. Ancaq bu məsələnin özü də mübahisəli olaraq qalır. İlk növbədə, Tramp administrasiyasının PKK ilə bağlı verdiyi sözə nə qədər əməl edəcəyi məlum deyil. Xatırladaq ki, ABŞ-ın 43-cü prezidenti Corc Buş da 2005-ci ildə PKK-nı terrorçu təşkilat kimi tanıdıqlarını bildirmişdi. Buna baxmayaraq, ABŞ sonrakı illərdə PKK təhlükəsinin aradan qaldırılmasında Türkiyəyə heç bir dəstək vermədi. İkincisi, Donald Tramp bir tərəfdən, Birləşmiş Ştatların PKK-ya qarşı mübarizədə Türkiyənin yanında olduğunu söyləsə də eyni zamanda, YPG-yə silah verilməsi barədə R.T.Ərdoğanın təklifini qəbul etməyib. Bu isə belə deməyə əsas yaradır ki, prezident Tramp PKK-nı PYD-dən fərqləndirməyin tərəfdarıdır. Ağ Ev yalnız Türkiyənin öz daxilində və İraq ərazisindəki kürd terrorçularına qarşı mübarizədə informasiya dəstəyi verəcəyini bildirir. Lakin Türkiyə PKK-nın Suriya qolu olan PYD/YPG-nin ayrıca bir təşkilat kimi götürülməsinə qarşı çıxır. Son günlər Türkiyədə ortaya çıxan məxfi sənədlərdə PYD-nin 1986-cı ildə PKK lideri Abdulla Öcalanın göstərişi əsasında yaradıldığına dair faktlar öz əksini tapıb. Həmin sənədlərin ingilis dilində kitab şəklində nəşr edilməsi də PYD-nin PKK ilə eyni təşkilat olduğunu Qərb dairələrinə isbat etmək məqsədi daşıyır. Ona görə də siyasi ekspertlər ABŞ Türkiyə ilə PYD düyününü çözmədən Yaxın Şərq siyasətində, o cümlədən, Suriya böhranının həllində ciddi irəliləyiş əldə edəcəyini real hesab etmir. 

Görüşün nəticəsini Türkiyənin NTV telekanalına şərh edən ABŞ diplomatı, Birləşmiş Ştatların Azərbaycandakı sabiq səfiri Metyu Brayza prezident Trampın kürd məsələsində siyasətinin sələfi Barak Obamadan fərqlənmədiyini deyib. Bundan təəssüfləndiyini deyən M.Brayza bildirib ki, ABŞ və Türkiyə Suriya ərazisində təhlükəsizlik zonalarının yaradılmasına nail olarsa, iki ölkənin əməkdaşlığında müsbətə doğru yeni mərhələ aça bilər. Əks təqdirdə, ABŞ-Türkiyə münasibətlərində ciddi irəliləyişin baş verməsi ehtimalı azdır. 

Tramp-Ərdoğan görüşündə PYD probleminə dair mühüm irəliləyiş əldə edilməsə də bu, ABŞ-ın Türkiyənin geostrateji əhəmiyyətini nəzərə almaması kimi başa düşülə bilməz. Prezident Trampın Səudiyyə Ərəbistanına səfəri ərəfəsində türkiyəli həmkarını qəbul etrməsi təsadüfi sayılmır və ABŞ üçün strateji əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirlir. Amerika prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri H. Makmasterin dediyinə görə, Tramp sünni ölkələrin liderlərilə görüşündə bəşəriyyətə qarşı cinayətlərə bəraət üçün istifadə edilən radikal islama qarşı ciddi mesajını çatdıracaq.

“Tramp ərəb və müsəlman tərəfdaşlarını sülhün təbliği və İŞİD, İran, Əl-Qaidə və Əsəd rejiminə qarşı ciddi addımlar atmağa çağıracaq”. 

Bu baxımdan, Türkiyənin müsəlman dünyasında və Yaxın Şərqdə aparıcı rolu ABŞ-ın diqqətindən yayınmır. Ağ Ev Türkiyəni müttəfiqi olduğu ərəb dövlətlərinin yanında görmək istəyir və çox güman ki, Tramp-Ərdoğan görüşündə bu məsələ müzakirə olunub. İŞİD, “Əl-Qaida” terror probleminə və Əsəd rejiminə qarşı mübarizədə ABŞ-la Türkiyənin mövqeyi əsasən üst-üstə düşdüyündən prezidentlərin görüşündə PYD problemi istisna olunmaqla bir çox məsələlərdə razılığa gəldiyini söyləmək olar. Eyni zamanda, Türkiyənin müsəlman dövləti olmaqla yanaşı, NATO-nun üzvü olması Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasında ABŞ üçün vacib əhəməiyyətə malikdir. Lakin İŞİD-ə qarşı mübarizədə ABŞ-ın PYD/YPG -yə silah verməsi Türkiyənin milli təhlükəsizliyi üçün təhdid yaradır. Ankara ilə Vaşinqton arasında fikir ayrılığının davam etməsi öz növbəsində NATO daxilində ziddiyətlərin dərinləşməsi deməkdir ki, bu da Rusiyanın və İranın regiondakı geosiyasi mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər. 

Siyasi müşahidəçilərin rəyinə görə ABŞ-Türkiyə münasibətlərinin gələcəyi Fətullah Gülən məsələsinə dair Vaşinqtonun qərarından da çox asılı olacaq. Prezident Ərdoğan Amerika rəhbərliyinin qarşısında ikinci əsas şərt kimi FETÖ lideri F.Gülənin təhvil verilməsini qaldırıb. Ancaq Fətullah Gülənin saxlanılaraq siyasi qərar əsasında Türkiyəyə ekstradisiya ediləcəyi inandırıcı hesab edilmir. Bu, hüquqi məsələ olduğundan ABŞ problemin həllini məhkəmənin öhdəsinə buraxacaq. Bununla yanaşı, Metyu Brayza bildirib ki, Ərdoğanın səfərində F.Gülən məsələsini təkidlə qaldırmasından sonra rəsmi Vaşlinqtonun bu problemlə daha yaxından məşğul olacağı gözlənilir. Söhbət F.Gülənə təzyiqlərin artmasından deyil, hüquqi prosesin sürətlənməsindən gedir. 

Siyasi analitiklər, Ərdoğanın Ağ Evə səfərinin yalnız geosiyasi problemlərin müzakirəsi ilə bağlı olmadığına diqqət çəkir. Belə ki, son illər, xüsusilə də 16 aprel referendumu ərəfəsindən başlayaraq Avropa ilə münasibətləri pisləşən Ərdoğan iqtidarı Qərbdəki bütün dəstəyini itirib və ciddi təzyiqlərlə üzləşib. Bu baxımdan, Tramp administrasiyası ilə siyasi barışığa nail olunması Türkiyə hakimiyyətinin Qərbdəki mövqeyini gücləndirə bilər. Barak Obama dönəmində insan haqları və demokratiya problemləri ikitərəfli münasibətlərin müəyyənləşməsinə mühüm təsir göstərdiyindən prezidentli respublikaya keçidi təmin etmiş və ölüm hökmü bərpa etmək niyyətində olan Ərdoğanın belə bir dəstəyi əldə etməsi qeyri-mümkün ola bilərdi. Ancaq başqa dövlətlərin daxili işlərinə qarışmamağa üstünlük verən milli maraqların müdafiəsindən çıxış edən prezident Trampla anlaşmaq Ərdoğan üçün daha asandır.

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений