Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərdoğanın Qüds çağırışı: Azərbaycan qoşulsunmu? - POLİTOLOQ RƏYİ 



İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə zirvə toplantısı keçirilir.  Azərbaycan prezidenti İlham Əliyev də həmin toplantıda iştirak edir. Konfransda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına sərt reaksiya verib.  O, islam ölkələrinə çağırış edərək Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanınmasını təklif edib. 

Siyasi məsələlər üzrə şərhçi Fərhad Mehdiyev Cebhe.info-ya açıqlamasında Ərdoğanın açıqlamasına diqqət çəkib: “Prezident bildirib ki, Fələstinin 1967-ci il  sərhədləri daxilində tanınması və Şərqi Qüdsün onun paytaxtı kimi tanınmasına çalışmalıyıq. Guya dövlətlər bunu belə tanıyıblar. Əslində bu cür yanaşma konstruktiv və şəraitə uyğun deyil. Əvvəla 1947-ci tarixli BMT Ümumi Assableyasının qətnaməsi var. Avropa ölkələrinin çoxu Fələstini 1947-ci sərhədləri daxilində tanıyır. O sərhədlər 67-ci il sərhədlərindən daha genişdir. Həmin o qətnamədə Qüdsün beynəlxalq statusu şəhər olaraq qəbul olunur. O illərdə də müsəlmanlar buna qarşı çıxmışdılar və bu planı qəbul etmədilər. İndi də sanki bunu qəbul eləmirlər. Baxın, nəticədə kim irəli düşür? Ümumiyyətlə, müsəlman ölkələri İsrail dövlətinin yaranmasını qəbul etmirdilər. Amma əgər o vaxt kompromisə getsəydilər, Fələstin dövləti də belə olardı.

Düzdür, Qüds o zaman Fələstinə aid olmayacaqdı, beynəlxalq statusu olmayan bir şəhər olacaqdı. İndi vəziyyət məgər daha yaxşıdır? İndi dövlətlər Şərqi Qüdsü Fələstinin paytaxtı qəbul etsələr, bunun mənası odur ki, Qərbi Qüds də İsrailin paytaxtı kimi qəbul oluna bilər. İndi baxın vəziyyət kimin – Fələstinin, yoxsa İsrailin xeyrinədir? Bütün Qüds onsuz da İsrailin nəzarəti altındadır. Yəni, İslam dövlətləri Qüdsün ən azı yarısının İsrailə aid olacağını qəbul ediblər. Təsəvvür edin ki, bütün Qüdsə nəzarət edən İsrail deyir ki, onsuz  islam dövlətləri Qüdsün yarısının ona aidliyini etiraf edirlər, mən isə deyirəm ki, hamısı mənə aiddir. Fələstin dövlətinin tanınması ilə bağlı beynəlxalq arenada riskli qərar yoxdur. Onu müstəqil dövlət kimi tanımayan ölkələr var. Ona görə də 1947-ci il tarixli BMT-nin planına uyğun davranmaq lazımdır. Demək lazımdır ki, Qüds heç birinin paytaxtı deyil və İsrailin paytaxtı olmayacaq. Bu məsələni 67-ci il planına görə deyil, elə 47-ci il planına görə qəbul etmək lazımdır”.

Politoloq Elxan Şahinoğlunun fikrincə isə artan emosiyalar fonunda Ərdoğanın bu addımı gözlənilən idi: “Ancaq “Ərəb dövlətləri dura-dura İslam Əməkdaşlıq Təşkilatının İstanbulda təcili toplantıya çağrılmasının Türkiyəyə nə xeyri var?” sualı da az aktual səslənmir. Səudiyyə Ərəbistanından səs çıxmır, bir neçə başqa ərəb ölkəsinin rəsmisi də İstanbuldakı toplantıya qatılmadı. Üstəlik, Kremldən açıqlama verildi ki, Qüds məsələsində Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarından fərqli düşünür.Buna baxmayaraq, Ərdoğan İslamın yaşıl bayrağını əlində möhkəm tutaraq ABŞ və İsrailə meydan oxumaq istəyir. Hər ikisi haqsızdır, ancaq siyasi hərarəti artırmağın, “Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram” ideyasının zorla dünya dövlətlərinə qəbul etdirilməsinin də yeri yoxdur.

Bir az keçəcək, Türkiyə meydanda tək qalacaq, Trampın Qüds qərarı arxa plana keçəcək, ancaq Ərdoğanın sərt ritorikası unudulmayacaq. Ərdoğan Azərbaycanın da təhlükəsizlik maraqları ilə hesablaşmalıdır. Biz oturduğumuz yerdə İsraillə düşmən ola bilmərik. Bəli, biz İsrail-Fələstin münaqişəsiylə bağlı BMTqətnamələrinin yerinə yetirilməsini tələb edirik, Trampın Qüds qərarını tənqid edirik, ancaq Bakı bəlli səbəblərdən (silah və neft alqı-satqısı) İsrailə qarşı ritorikasını sərtləşdirə də bilməz”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений