Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ərdoğanın yolu açıldı: Prezidentli respublika Türkiyəyə nə vəd edir?



Türkiyədə konstitusiya islahatı ilə bağlı ümumxalq səsverməsi başa çatıb. Ancaq referendumun nəticələrinin Türkiyənin gələcək siyasi həyatına təsiri ilə bağlı təhlillər davam etdirilir. Mövcud dəyişikliklərin ölkənin həm daxili, həm da xarici siyasətinə ciddi təsir göstərəcəyi proqnozlaşdırılır. Bu isə Türkiyənin siyasi münasibətlər sistemində yeni prioritetlərin meydana çıxması deməkdir. Ancaq ümumxalq səsverməsində Türkiyənin 16 ən böyük şəhəri də daxil olmaqla xeyli bölgəsinin konstitusiyaya əlavə və dəyişikliklərə “yox” deməsi, Ərdoğan hakimiyyətinin cüzi fərqlə qələbə qazana bilməsi siyasi elita üçün bir sıra gözlənilməz reallıqları ortaya çıxartdı:

Məlum olduğu kimi, Türkiyə cəmiyyəti demokratiyanın təməl prinsipləri kimi hələ də parlamentar sistemə üstünlük verir.

İkincisi, dini-ideoloji əsaslara malik AKP-nin son 15 illik hakimiyyəti dövründə siyasi islam faktoru milli dövlətçiliyin strukturunu təşkil edən Atatürkçülük prinsiplərini siyasi səhnədən sıxışdıra bilməyib. Rusiyalı müşahidəçilərin rəyinə görə, Türkiyədə dini elektoratın sayı 15 faizdən artıq deyil. Seçicilərin əksər hissəsini Atatürkçü və millətçi kəsim təşkil edir. Bu referendumda da məlum olduğu kimi, Milliyyətçi Hərəkat Partiyası Ərdoğan iqtidarına gözlədiyi qədər səs verə bilmədi. MHP-nin səsləri faktiki olaraq iki yerə bölündü ki, bu da yaxın perspektivdə adışəkilən siyasi təşkilatda ciddi parçalanmalara yol aça bilər. 
Üçüncüsü, AKP-nin və prezident Rəcəb Tayyib Ərdoğanın indiyə qədər seçkilərdə yüksək səs fərqi ilə qələbə qazanması cəmiyyətdə təkpartiyalı sistemə tələbatın yaranmasından irəli gəlmir. Referendumun nəticələri hakim elitanın qənaətinin yanlış olduğunu təsdiqlədi. 

Dördüncüsü, Milliyyətçi Hərəkat Partiyasının dəstəyi olmadan referendumda AKP-nin qələbə qazanmaq şansının olmadığı isbat olundu.

Siyasi ekspertlərin fikrincə, referendumda “hə” cavabı idarəetmə quruluşunun dəyişdirilməsindən daha çox lider kimi prezident Ərdoğana dəstək məqsədilə verilib. Ərdoğanın hakimiyyətdə qalma məsələsi müzakirə mövzusu deyil və dövlət başçısının hakimiyyətini möhkəmlətmək üçün yeni imkanlar yaranıb. İndi müşahidəçiləri düşündürən əsas suallardan biri prezidentli respublika üsul-idarəsinin Türkiyənin gələcək siyasi həyatına gözlənilən təsirləri ilə bağlıdır. Türkiyə 67 ilə yaxındır ki, parlamentli respublika sisteminə keçib. Yəni Türkiyənin müasir dövlətçilik institutları məhz seçkili orqanlar vasitəsilə formalaşıb. 93 illik tarixə malik Türkiyə Cümhuriyyətinin 67 ilini xalq tərəfindən seçilmiş hökumət idarə edib. 

Bu müddətdə Türkiyədə həmçinin, güclü bələdiyyə və digər seçkili yerli idarəetmə orqanları inkişaf edib. Doğrudur, konstitusiyada və qanunvericilikdəki bir sıra hüquqi nöqsanlar parlamentar sistemin tam oturuşmasına əngəllər yaradıb. Xüsusilə də orduya siyasətə müdaxilə etmək və zərurət yaranacağı təqdirdə hökuməti devirmək səlahiyyətinin verilməsi Türkiyədə demokratik proseslərin qarşısının bir sıra hallarda hərbi xunta tərəfindən alınması ilə nəticələnib. AKP iqtidarı ölkənin prezidentli respublika üsul-idarəsinə keçməsini hərbi çevrilişlərin Türkiyədə siyasi və iqtisadi sabitlik üçün təhlükə yaratması ilə əsaslandırır. Ancaq Ərdoğan hakimiyyəti konstitusiya islahatını mövcud sistemi saxlamaqla da həyata keçirə bilərdi. Ordunun siyasətə müdaxiləsinin qarşısını almaq, prezidentin səlahiyyətlərinin artırılması seçkili orqanların beynəlxalq standartlara uyğunlaşdırlması üçün Türkiyə nəinki Avropa ölkələrinin, hətta qonşuluğundakı kiçik Gürcüstanın təcrübəsindən belə yararlana bilərdi. Digər tərəfdən, Türkiyədə vətəndaş cəmiyyəti çox zəif inkişaf etdiyindən prezidentli respublika sistemində icra hakimiyyətinin səlahiyyətlərinin parlamentin və məhkəmənin fəaliyyətinə müdaxilə edəcəyi şübhə doğurmur. Bunu digər ölkələrin təcrübəsi də təsdiq edir. Ərdoğan iqtidarı prezidentli respublika quruluşunu ABŞ modelinə uyğunlaşdıracağını vəd edir. Ancaq nəzərə almaq lazımdır ki, ABŞ-da icra hakimiyyəti üzərində vətəndaş cəmiyyətinin təsiri böyükdür. Eyni zamanda, ABŞ-ın dövlət siyasətinin strategiyasını məhz ictimai institutlar formalaşdırır. Prezident Ərdoğanın xanımı Əminə Ərdoğan isə bu yaxınlarda Türkiyədə QHT sektorunun çox zəif olduğunu etiraf etdi. Onun sözlərinə görə, Türkiyədə hər 826 nəfər vətəndaşa 1 qeyri-hökumət təşkilatı düşür. Avropa ölkələrində bu göstərici hər 40 nəfərə 1 ictimai təşkilat bölgüsü ilə müşahidə olunur. ABŞ-da isə hər 14 nəfərdən 1-i hansısa dərnəyin və ya QHT-nin üzvüdür. Ona görə də prezidentin hökumətə, orduya, hakim partiyaya rəhbərlik etmək, parlamenti və yerli seçkili orqanları buraxmaq səlahiyyətinə malik olduğu bir idarəetmə quruluşu yalnız avtoritarizmə yol aça bilər. 

Bəzi analitiklərin rəyinə görə, Türkiyədə seçicilərin 50 faizə qədərinin dəyişikliklərə “yox” deməsi gələcəkdə avtoritar rejimin böyük ictimai müqavimətlə qarşılaşmasına səbəb ola bilər. Bununla yanaşı, prezident Ərdoğan siyasi səhnədə özünün liderlik potensialını qoruyub saxlayır. Doğrudur, referendumun nəticələri Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun siyasi mövqeyini xeyli möhkəmlədə bilib. Hakim partiyanın “Evet” kampaniyasını məğlubiyyətdən çətinliklə xilas etməsi və MHP-nin daxilində fikir ayrılığının yaranması CHP üçün əlavə siyasi divident gətirib. Ötən parlament və prezident seçkiləri CHP-nin sabit elektoratının 25-27 faiz arasında olduğunu göstərir. Lakin bəzi politoloqlar 2019-cu ilin prezident seçkilərinə qədər Türkiyədə CHP, MHP və AKP-dən ayrılmış sağçı qüvvələr hesabına yeni siyasi partiyanın meydana çıxacağını proqnozlaşdırır. Yəni Ədalət və İnkişaf Partiyasına qalib gələ biləcək yeni siyasi təşkilatın və liderin yetişməsi ölkədəki situasiyanı kökündən dəyişə bilər. Hələlik isə AKP lideri Türkiyədəki siyasi proseslərin aparıcı aktoru olaraq qalır. 1987 və 1988-ci illərdə keçirilən referendumlarda Türkiyənin prezidentli respublikaya keçidi təklif edilsə də hər iki halda “xeyr” cavabı qalib gəlib. Prezident üsul-idarəsinin tərəfdarları 25-30 faizi keçməyib. İlk dəfə olaraq, prezident Ərdoğan səslərin 50 faizini ötərək bu məsələdə qələbə qazanıb. 

Onu da nəzərə almaq lazımdır ki, konstitusiyaya edilən əlavə və dəyişiklliklərə uyğun olaraq, prezidentli respublika sisteminə keçid 2019-cu ildəki müvafiq seçkilərdən sonra baş verəcək. Yəni qanunun geriyə tətbiqi mümkün olmadığından parlamentar sistem 2019-cu ilin noyabr ayında keçiriləcək prezident seçkilərinə qədər öz fəaliyyətini davam etdirəcək. Buna baxmayaraq, referendumun nəticələri təsdiqləndikdən dərhal sonra prezidentin bitərəfliyi aradan qalxır və Rəcəb Tayyib Ərdoğan hakim partiyanın sədri postuna gətiriləcək. Çox güman ki, belə bir addımın atılması növbəti prezident seçkilərində R.T.Ərdoğanın namizədliyini bəri başdan legitimləşdirməyə xidmət edir. Qarşıda prezidentli respublika sisteminə keçid üçün hələ iki ildən artıq vaxt qaldığından R.T. Ərdoğanın birbaşa hədəfə yetişdiyini demək çətindir. İlk növbədə ona görə ki, səsvermədən xeyli güclənmiş vəziyyətdə çıxan ana müxalifət yaranmış situasiyadan istifadə etməyə çalışacaq. Ərdoğan iqtidarının hakimiyyətdən getməsində maraqlı olan xarici dairələr isə müxalifətə dəsətyini artıra bilər. Digər tərəfdən, referendumdan sonra ölkədə yeni siyasi oyun qaydalarının müəyyənləşəcəyi gözlənilir. Bu da Türkiyənin həm daxili, həm də xarici siyasətindəki fəaliyyətinə təsir göstərəcək.

Müşfiq Abdulla
Cebhe.info

 







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений