Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Erməni nazir azərbaycanlıları niyə sıxışdırır?- SƏBƏB



Ukraynada yaşayan azərbaycanlılar Ukrayna Daxili İşlər Nazirliyi (DİN) qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları 2017-ci il dekabrın 11-də axşam saat 19:00 radələrində Azərbaycan diasporunun üzvü, iş adamı Hikmət Abdullayevin axşam işdən dönərkən yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanmasına və bu cinayətin üstünün açılmamasına etiraz ediblər. Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 4 ildə azərbaycanlı iş adamlarının və onların övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini, cinayətkarların həbs olunmasını tələb ediblər. 

Ukraynanın müxtəlif vilayət və şəhərlərindən yüzlərlə diaspor fəallarının qatıldığı etiraz aksiyasında “Cinayətkarlar cəzalandırılsın!”, “Azərbaycanlılara qarşı təqiblərə son qoyulsun!”, “Avakov azərbaycanlılara qarşı cinayətlərə göz yumma!” “Ukrayna kriminal ünsürlərdən təmizlənsin!” şüarları səsləndirilib. Aksiyada diaspor fəalları çıxış edərək son illər Ukraynada azərbaycanlı iş adamlarının, tələbələrin və Azərbaycan şirkətlərinə məxsus yük avtomobillərinin oğurlanma faktlarının kütləvi hal almasından və bu cinayətlərlə bağlı dəfələrlə Ukraynanın müvafiq güc strukturlarına, xüsusən də daxili işlər naziri Arsen Avakova müraciət olunmasına baxmayaraq, bu cinayət hadisələrinə biganə münasibət bəsləməsinin kökündə milli faktorun durduğunu bildiriblər.

Ukrayna DİN-ni fəaliyyətsizlikdə günahlandıran aksiya iştirakçıları yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən güc tətbiq edilərək oğurlanmış iş adamı Hikmət Abdullayevin hələ də girovluqda saxlanılması ilə bağlı Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən ölkə prezidentinə, daxili işlər nazirliyinə, baş prokurorluğa və milli təhlükəsizlik xidmətinə müraciət olunmasına baxmayaraq quldur dəstə haqqında heç bir ölçü götürülmədiyini bildiriblər.

Etiraz mitinqi iştirakçılar adından Ukrayna Daxili İşlər Nazirliyinə ünvanlanmış qətnamənin oxunması ilə başa çatıb. Qətnamədə bildirilib ki, Arsen Avakovun daxili işlər naziri təyin olunmasından ötən dövr ərzində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb, baş vermiş cinayət işlərinin heç birinin üstü açılmayıb.

İki saat davam edən etiraz aksiyasından sonra Ukrayna Milli Polisinin müavini Dimitro Kravçenko Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədovu, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevanı və oğurlanan iş adamı Hikmət Abdullayevin oğlunu qəbul edərək baş vermiş cinayət hadisəsinin ciddi nəzarətə götürüldüyünü, artıq cinayətkar qruplaşmanın izinə düşüldüyünü bildirib. Ukraynada yaşayan azərbaycanlılara qarşı oxşar hadisələr əvvəllər də baş vermişdi. Belə ki, 2016-cı ildə sentyabrın 27-də Kiyev şəhərində 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Məhəmməd Səfərəliyev Ukraynada ali təhsil alırmış.

Sözügedən aksiya son vaxtlar Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərin, qanunsuz əməllərin artdığını bir daha təsdiq edir. Bu əməllərin arxasında Ukraynanın daxili işlər naziri, milliyyətcə erməni olan Arsen Avakovun dayandığı iddia edilir. Ukraynada soydaşlarımızın oğurlanması, qətlə yetirilməsi ilə yanaşı, bu ölkəyə gedən Azərbaycan vətəndaşlarının gömrük-keçid məntəqələrində sıxışdırılması və digər bürokratik əngəllərlə üzləşməsi problemin kökündə daha dərin səbəblərin dayandığını göstərir.

REAL katibi Azər Qasımlı “Cümhuriyət” qəzetinə bildirilib ki, sözügedən ittihamlarla bağlı məhkəmə tərəfindən təsdiq olunmuş hər hansı fakt yoxdur: “Bu barədə müəyyən yazılar yazılır və daha çox ona istinad olunur ki, Avakov milliyyətcə ermənidir. Qənaətimcə, Avakov vaxtilə Azərbaycanda yaşamış ermənilərdəndir. Məlum hadisələrdən sonra o, ailəsi ilə birlikdə ölkədən köçüb. Amma bütün bu ittihamlara baxmayaraq ortada Arsen Avakovun cinayətinin üstünü açan bir məhkəmə faktı yoxdur. Sadəcə, insanlarda bununla bağlı şübhə var. Təbii ki, insanlar istər aksiyalar keçirməklə, istərsə də kütləvi mitinq keçirməklə öz haqlarını tələb etməlidirlər. Əgər həmyerlilərimizin əllərində hansısa faktlar varsa, mütləq məhkəməyə müraciət etməlidir. Məhkəmə qərarı olmadan kimisə günahlandırmaq düzgün deyil. Kimisə nədəsə ittiham etmək üçün əsaslı faktlar olmalıdır. Əgər Ukraynada yaşayan azərbaycanlılar Arsen Avakovu nədəsə günahlandırırsa və bu kütləvi şəkildə həyata keçirilirsə, deməli, ortada bir həqiqət var. Hər halda Ukraynadakı azərbaycanlılar boşuna nəyisə danışmazlar. Ukraynadakı azərbaycanlıların etirazlarına haqq qazandırıram. İnsanlarımız bu məsələni daha çox kütləvi informasiya vasitələrində qabardaraq problemin üzərinə getməlidir. Bundan əlavə, onların əlində konkret faktlar olmalıdır ki, məhkəməyə müraciət edə bilsinlər. Yeri gəlmişkən, onlar mətbuatın diqqətini həmin məhkəmənin icrasını cəlb etməklə ictimai rəyin bu yöndə dəyişməsinə nail ola bilərlər”.

Azər Qasımlının qənaətincə, Arsen Avakov Ukraynanın siyasi sisteminə ciddi şəkildə aid olan bir məsələ deyil: “Yaxın vaxtlarda Arsen Avakovla bağlı bir insident oldu. Belə ki, onun otağında oğlu ilə birgə səs yazısı yayılmışdı. Orada dövlət tərəfindən verilmiş tenderlərdə Avakovun oğlunun şirkətinin dəfələrlə qalib olması və böyük pulların yuyulmasından danışılır. 

Media bu mövzuda çox danışsa da, bu məsələ heç məhkəməyə də çıxarılmadı. Görünən odur ki, Ukrayna sistemində də problemlər var. Yanukoviçdən sonra korrupsiya mexanizmi qalmaqdadır. Hələ də dövlət rəsmilərini, nazirlərin korrupsioner mexanizmlərindən istifadə etmək kimi xəstəliyinin qarşısını ala bilməyiblər. Bu, tək azərbaycanlılarla bağlı məsələdə deyil, həm də digər məsələlərdə də özünü büruzə verir. Halbuki azərbaycanlılar məsələsi korrupsiyadan daha çox cinayət xarakterlidir”.

Yeganə Oqtayqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений