Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Erməniləri bölən Qarabağ planı



Mərhələli həll planı yenidən gündəmdə

Dağlıq Qarabağ separatçılarının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair danışıqlar prosesinə qatılması ilə bağlı son günlər İrəvanda siyasi bəyanatların sayının artması müşahidə olunur. Hətta bu məsələ Ermənistanın aparıcı siyasi dairələrində ciddi mübahisə predmetinə çevrilib. Xatırladaq ki, ilk dəfə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 10-da Xankəndinə və Şuşaya səfəri zamanı danışıqların Dağlıq Qarabağla Azərbaycan arasında aparılmalı olduğunu bildirmişdi. Bunun ardınca isə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sabiq dövlət başçısı Robert Koçaryanı Dağlıq Qarabağın erməni icmasını danışıqlar prosesindən kənarda saxlamaqda ittiham edib. Levon Ter-Petrosyan bəyan edib ki, Dağlıq Qarabağın müzakirələrdən kənarda qalmasına görə birbaşa Robert Koçaryan günahkardır. 

Buna cavab olaraq, Robert Koçaryanın ofisi Ter-Petrosyana bəyanatla cavab verib: “Bu gün eks-prezident Levon Ter-Petrosyan növbəti dəfə həqiqətə uyğun olmayan bəyanatla çıxış edərək ikinci prezidenti Dağlıq Qarabağı münaqişənin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesindən sıxışdırıb çıxartmaqda ittiham edib. İkinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bu məsələyə dəfələrlə müraciət edərək faktlarla sübut edib ki, Dağlıq Qarabağın danışıqlar prosesindən kənarda qalmasına görə məhz Levon Ter-Petrosyan və onun siyasi komandası günahkardır. Tarixi faktlar təsdiq edir ki, ”DQR”-in nümayəndələri Robert Koçaryanın prezident seşilməsinə ən azı bir il qalana qədər danışıqlarda iştirak edib. Ermənistan və Azərbaycan prezidentlərinin danışıqları isə 1990-cı illlərdən başlayaraq Minsk prosesi ilə paralel şəkildə dövri olaraq keçirilib. Levon Ter-Petrosyan Ayaz Mütəllibovla, Əbülfəz Elçibəylə və Heydər Əliyevlə danışıqlar aparıb. Bundan başqa, hər iki prezidentin nümayəndələri Jirayr Liparidyan və Vəfa Quluzadə arasında eyni vaxtda intensiv görüşlər keçirilib. (1995-1996-cı illərdə 11 belə görüş baş tutub). 

Buna sübut olaraq, ofis Jirayr Liparidyanın "Hayk" qəzetinin 25 yanvar 1997-ci il tarixdə nəşr olunmuş "Zaqafqaziyanın perspektivləri" adlı London konfransındakı bəyanatına istinad edir. (“Hayk” Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Ümummilli Hərəkatının rəsmi orqanı olub)” 

“Ermənistan artıq Dağlıq Qarabağın iştirakı olmadan Azərbaycanla danışıqlar aparmayacaq”. Liparitian həmçinin bildirib ki, Ermənistan bu qərarı ATƏT-in Lissabon sammitində göstərdiyi kimi, Azərbaycanın Dağlıq Qarabağı danışıqlar prosesindən tədricən uzaqlaşdırmaqla ikitərəfli görüşlərdən istifadə etməyə çalışdığı üçün qəbul edib. Onun sözlərinə görə, vaxtilə Ermənistan güzəştə getdi və ikitərəfli danışıqların keçirilməsi ilə bağlı prosesi sadələşdirmək üçün Azərbaycanın təklifini qəbul etdi. 

Ter-Petrosyanın həyasızlığı səngimir: o, özü günahkar olduğu halda yenidən ikinci prezidenti ittiham edir” - bəyanatda belə deyilir. 

Levon Ter-Petrosyanı Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan da tənqid edib. O, özünün facebook səhifəsində qeyd edib ki, L.Ter-Petrosyanın Qarabağ məsələsindəki gedişləri onun istefasının və rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyasının 2017-ci ildə keçirilmiş parlament seçkilərində tam iflasa uğramasının əsas səbəbi olub. Viqen Sarkisyan yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada Ter-Petrosyanın mövqeyini bölüşməyəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, erməni diplomatiyası Dağlıq Qarabağda təhlükəsizlik məsələlərinə diqqət yetirməli və danışıqlarda öz mövqeyini möhkəmləndirməlidir.

Ter-Petrosyanın “Bakı Ermənistanı münaqişənin bir tərəfi kimi təqdim etməyə çalışmır, müharibə aparan tərəf kimi göstərir” açıqlamasına sabiq müdafiə naziri belə münasibət bildirib: “Ermənistanı Qarabağ müharibəsində tərəf kimi təqdim etmək istəyindən əlavə Bakı münaqişəni Azərbaycanla Ermənistan arasında ərazi mübahisəsinə transformasiya etməyə çalışır. Bu məqsədlə o, “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi” terminindən istifadə edir. Halbuki, bu Dağlıq Qarabağla Azərbaycan arasında münaqişədir. Ermənistan danışıq aparan tərəflərdən biridir və Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təminatçısıdır”. 

Levon Ter-Petrosyanın isə Viqen Sarkisyanın həqiqəti əks etdirməyən şovinist bəyanatına cavabı özünü çox gözlətməyib. Birinci prezident bəyan edib ki, Viqen Sarkisyan Qarabağ münaqişəsinin detalları ilə ümumiyyətlə, tanış deyil. Çünki beynəlxalq sənədlərdə, o cümlədən, ATƏT-in Budapeşt sammitinin 1994-cü il yekun sənədində Ermənistan münaqişə tərəfi kimi tanınıb. 

"Əgər Ermənistanın müdafiə naziri Qarabağ münaqişəsinin mahiyyəti haqqında biliklərə malik deyilsə, o zaman erməni xalqı ondan xilas olduğuna yalnız sevinməlidir”-Ter-Petrosyan belə deyib. 

Xatırladaq ki, Viqen Sarksiyan “Aravot” qəzetinə açıqlamsında Nikol Paşinyanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak etməsi barədə fikirlərini təhlükəli hesab edib. Onun fikrincə, Paşinyanın bu fikirləri “uzağa gedən nəticələr” doğura bilər: Aydın deyil ki, baş nazir Ermənistanın danışıqlarda öz adından, Dağlıq Qarabağın öz adından çıxış etməli olduğunu deyərkən nəyi nəzərdə tuturdu. Belə çıxır ki, Ermənistan danışıqlarda Dağlıq Qarabağdan ayrı gündəliklə çıxış edir? Ən azından indiyə qədər belə deyildi” - Vigen Sərkisyan deyib.

Keçmiş müdafiə nazirinin sözlərinə görə növbəti yanlış məqam Dağlıq Qarabağı danışıqlarda tərəf kimi istifadə etməsi barədə idi. “Bu ön şərt kimi səslənir. Ola bilsin, baş nazir nəzərdə tutub ki, Dağlıq Qarabağın iştirakı olmadan münaqişənin yekun həlli mümkün deyil. Lakin indiki halda aydın deyil ki, onun yanaşmasında yeni olan nədir. Bu yanaşmanı dəfələrlə Serj Sarkisyan irəli sürüb. Bundan əlavə həmin yanaşmanı həmsədrlər də dəstəkləyir”-keçmiş nazir əlavə edib.

Viqen Sarkisyan habelə, baş nazir Paşinyanın Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına dair dediklərini “anlaşılmaz” adlandırıb. Onun sözlərinə görə, Ermənistan həmişə deyib ki, beynəlxalq tanınma nizamlama prosesinin ardınca baş verməlidir, nizamlamanın ruhuna və hərfinə uyğun olmalıdır.

“Biz həmişə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi hüququna dair bəyanatları, qətnamələri alqışlamışıq, amma özümüz heç vaxt tanınmanın təşəbbüskarı olmamışıq. Bu cür yanaşma danışıqlara mane ola bilər”-Sarkisyan qeyd edib.

Qeyd edilən bəyanatlar Ermənistanda Serj Sarkisyanın və Qarabağ klanının hakimiyyətdən getməsindən sonra Azərbaycanla münaqişənin həllinə yanaşmada yeni mövqeyin ortaya çıxmasından xəbər verir. Əslində, Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirak etməsinə dair fikirlər rəsmi İrəvan tərəfindən əvvəllər də səsləndirilib. Lakin rəsmi Bakı Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxdıqdan sonra Dağlıq Qarabağdakı separatçı hərbi rejimlə deyil, növbəti mərhələdə erməni və azərbaycanlı icmalarının nümayəndələrinin birgə iştirakı ilə müzakirələr aparılmasına razılıq verəcəyini elan edib. Nikol Paşinyanın ardınca Levon Ter-Petrosyanın Dağlıq Qarabağın erməni  icmasının danışıqlarda müstəqil tərəf kimi iştirakı məsələsini gündəmə gətirməsi, Robert Koçaryanın və ona yaxın olan Vuqen Sarkisyanın birinci prezidentə tənqidi münasibət bildirməsi Ermənistanda iki istiqamətdə yanaşmanın ortaya çıxdığından xəbər verir. 

Birincisi, baş nazir Paşinyan Ermənistanın münaqişə tərəfi olaraq işğal etdiyi ərazilərdən geri çəkilməsini, danışıqların isə ”Madrid prinsipləri”inə uyğun olaraq mərhələli həll variantı əsasında Dağlıq Qarabağın erməni icması ilə Azərbaycan arasında davam etdirilməsini təklif edir. Bu, hazırkı status-kvonun dəyişməsi deməkdir. Nikol Paşinyan sətiraltı siyasi mesajlar şəklində dilə gətirdiyi bu mövqeyini növbədənkənar seçkilər keçirilməyənə və öz hakimiyyətini tam formalaşdırmayana qədər açıq dilə gətirmək imkanına malik deyil. Əgər onun təklifi reallaşarsa, bu halda söhbət ətraf rayonların azad edilməsi müqabilində Dağlıq Qarabağın yekun statusuna dair erməni icması ilə rəsmi Bakı arasında müzakirələrin aparılmasından gedir. Təbii ki, rəsmi Bakı da danışıqlara Dağlıq Qarabağın azərbaycanlı icmasının qatılmasını əsas şərtlərdən biri kimi irəli sürə bilər. 

Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli planı üzrə həllinin tərəfdarı olan Levon Ter-Petrosyanın Dağlıq Qarabağın danışıqlarda təmsil olunması məsələsini gündəmə gətirməsi eks-prezidentin Paşinyana dəstək verməsi kimi şərh oluna bilər. Birinci, prezident Ermənistanın beynəlxalq hüquqda Azərbaycana qarşı müharibə aparan tərəf kimi tanındığını vurğulamaqla, Dağlıq Qarabağ erməniləri ilə birlikdə danışıqlarda iştirak etməyin mümkün olmadığına işarə edir. Yəni Dağlıq Qarabağ probleminin həllinə münasibətdə Ermənistanda Levon Ter-Petrosyan xətti yenidən fəallaşmağa başlayıb. 

İkinci istiqamətdə isə mövcud status-kvonun saxlanılmasının tərəfdarları çıxış edir. İstər Robert Koçaryanın, istərsə də Viqen Sarkisyanın sərt bəyanatları köhnə hakimiyyətin, yəni Qarabağ klanının status-kvonun qalmasında maraqlı olduğunu göstərir. Bu mövqedən çıxış edənlər danışıqlar prosesində Dağlıq Qarabağla Ermənistanın fərqli subyekt kimi iştirakını geosiyasi situasiyanın dəyişilməsi baxımından yolverilməz hesab edir.  Yəni danışıqlarda Dağlıq Qarabağın ayrıca təmsil olunması vacib sayılmır. Status-kvonun davam etdirilməsi və münaqişənin paket həll variantı əsasında həlli daha vacib məqsəd kimi qarşıya qoyulur. 

Ona görə də seçkilər öncəsi bu iki xətt tərəfdarları arasında siyasi rəqabətin artacağı istisna olunmur. 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarından çəkilməsi nəticəsində Dağlıq Qarabağın danışıqlarda iştirak etməsi məsələsi barədə danışmaq hələ tezdir:

“Ermənistanda növbədənkənar seçkilərin olub-olmayacağını hələ bilmək olmaz. Hələ məlum deyil ki, Paşinyan və onun tərəfdarları seçkilərdə qalib gələ biləcəkmi? Qalib gələrsə, hökumət qura biləcəkmi. Ermənistanda inqilabi dəyişikliklər baş verir və bu proses ilkin mərhələdədir. İnqilab hələ başa çatmayıb. Ona görə də Azərbaycan tərəfi bu prosesi təmkinlə izləməli və hər varianta da hazır olmalıdır. Baş verən müzakirələr də yanaşmalardakı müxtəlifliklə bağlıdır. Hər bir siyasi qüvvə məsələyə fərqli yanaşa bilər. Dağlıq Qarabağıın danışıqlarda iştirak etməsi ilə bağlı təklif də variantlardan biridir. Azərbaycan tərəfi buna da hazır olmalıdır. Burada məqsəd bir tərəfdən Ermənistanı münaqişə tərəfi olmaqdan çıxartmaqdır. Çünki bu beynəlxalq münasibətlər sistemində Ermənistana daha çevik hərəkət etmək imkanı verəcək. Azərbaycan Ermənistanı beynəlxalq miqyasda işğalçı tərəf kimi tanıtmağa çalışır.

BMT-nin məlum dörd qətnaməsi var ki, orada Ermənistanın işğalçı kimi tanınması vurğulanır. Ona görə də Nikol Paşinyan istəyir ki, Ermənistanı işğalçı tərəf olmaqdan qurtarsın və beynəlxalq aləmdə daha çevik, sərbəst, demokratiya yoluna çıxmış bir dövlət kimi tanıtsın. Digər tərəfdən də Dağlıq Qarabağdakı separatçı rejimi beynəlxalq hüququn subyekti kimi tanıtdırsın və onları münaqişə tərəfi kimi Azərbaycana qəbul etdirsinlər”.

Politloq bildirdi ki, Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən çıxartması və danışıqların növbəti mərhələdə Dağlıq Qarabağın erməni icması ilə davam etdirilməsi rəsmi Bakının maraqlarına cavab verir. Amma bu qeyri-mümkündür:

“Çünki Ermənistan da Dağlıq Qarabağ Respublikası adlandırılan qondarma qurum da Rusiyanın nəzarətindədir. Rusiyanın istəyi olmadan Ermənistan belə bir addım ata bilməz. Əks halda, Ermənistan istəsə belə, bu qərarı qəbul edə bilməz. Unutmaq olmaz ki, Azərbaycan Rusiya ilə vəkalət müharibəsi aparır. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim Rusiyaya vəkillik edir. Əgər müharibə zamanı onlar Azərbaycan silahlı qüvvələrinə məğlub olsalar, biz qarşımızda Rusiya ordusunu görəcəyik. Biz bunun Gürcüstanda, Ukraynada, Moldovada şahidi olmuşuq. Hazırkı siyasi reallıqlar çərçivəsində Nikol Paşinyanın və ya başqasının müdafiə və təhlükəsizlik sahəsində müstəqil siyasət aparması qeyri-mümkündür. Bunun baş verməsi üçün ilk növbədə, Rusiyanın silahlı qüvvələri  Ermənistandan çıxarılmalı, o cümlədən, bu ölkədəki hərbi bazaları ləğv edilməlidir”. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений