Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxır?



Avropa  Birliyinin  baş  nazir Karapetyana  artan dəstəyinin  pərdəarxası 

Ermənistan Avropa Birliyi ilə əməkdaşlığın yeni  mərhələsinə dair  məsələni  müzakirə  edir.  Şərq Tərəfdaşlığı  Proqramı Çərçivəsində həyata keçiriləcək islahatlar paketi  baş  nazir  Karen Karapetyanla  AB-nin Ermənistandakı  səfiri  Pyotr Svitalski arasında aparılan danışıqların predmeti olub.  Ermənistan hökumətinin başçısı bildirib ki, bu  görüş ənənəvi  əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi etməyə, proqram və fəaliyyət  haqqında  açıq danışmağa imkan verir.  

“Avropa Birliyinin bütün strukturlarının  Ermənistanın xarici siyasət tərəfdaşı olduğunu bir daha təsdiq etmək istəyirəm” - baş nazir belə deyib.

Əməkdaşlığın hazırkı  səviyyəsindən söz açan  Pyotr Svitalski isə Ermənistanla Avropa Birliyi arasında strateji tərəfdaşlıq sazişinin imzalanması ilə çox ciddi hadəsələrin gözlənildiyini bildirib. Səfir  qeyd edib ki,  sözügedən müqavilə  Ermənistanla AB arasında əməkdaşlıqda   yeni mərhələnin əsasını qoyacaq.  Svitalski bəyan edib ki, çərçivə sazişi bir çox vədləri  və yeni elementləri özündə əks etdirir: “Biz sizin islahatlarınızın gündəliyini maksimum dəstəkləyirik.  Xarici ekspertlərin köməyi ilə sizin islahatlar proqramınızın detallarını təhlil etmişik”-deyən diplomat  həmin təkliflərin səmərəli olacağına inandığını söyləyib.

Öz növbəsində, K. Karapetyan  qeyd edib ki,  Avropa Birliyinin islahatlar proqramını  dəstəkləməsi onun ardıcıl və möhkəm olmasına impuls yaradır: “Sizin ekspertlərin hökumətin proqramını təhlil etməsi  bizim düzgün yolda olduğumuza razılıq kimi dəyərləndirlməlidir.  Mən  əmin etmək istəyirəm ki, biz ölkəmizin, həmçinin problemlərin və çatışmazlıqların kursunu  dəyişməyi  bilirik və verdiyimiz təkliflər bununla bağlıdır” - deyə baş nazir bəyan edib.

Qeyd edək ki, K.Karapetyanın  AB təmsilçisi ilə müzakirələr apardığı  eyni gündə Ermənistanın parlamentdəki “Yelk” (Çıxış) fraksiyasının  deputatları  Avrasiya İqtisadi Birlyindən çıxmaq haqqında  hazırladıqları  qanun layihəsini ictimaiyyətə açıqlayıb. Sənəd Ermənistan Milli Məclisinin  sentyabrın 11-də başlanacaq  payız sessiyasında  müzakirəyə   təqdim ediləcək.  Təklifin müəllifləri bu mövqeyini bir  sıra arqumentlərlə  əsaslandırıb. Qeyd edilir ki, Avrasiya İqtisadi Birliyinə üzv olduğu son üç ildə Ermənistanın ümumi daxili məhsulu dollar ifadəsi ilə 8 faiz azalıb. Məşğulluq  səviyyəsi  13 faiz aşağı düşüb, beynəlxalq ehtiyatların həcmi 40 faiz aşağı düşüb. Ermənistanın dövlət borcları isə 10 faiz artıb. Eyni zamanda, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcminin azalması qeydə alınıb. Əgər 2014-cü ildə Ermənistan iqtisadiyyatına qoyulan sərmayələrin həcmi 167 milyard dram və ya 350 milyon dollar təşkil edirdisə, bu göstərici 2016-cı ildə 81 milyard drama düşüb.

“Yelk” Bloku hesab edir ki, Ermənistanın  bu inteqrasiya birliyində iştirakı üçüncü  ölkə ilə, o cümlədən Gürcüstanla və İranla  ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını məhdudlaşdırır.  AİB haqqında sazişin şərtlərinə baxmayaraq, kapitalın,  məhsulların, xidmətlərin və işçi qüvvəsinin  sərbəst hərəkəti  təmin olunmur.

Layihədə o da bilridlir ki, AİB-ə daxil olan bir sıra ölkələr  Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir.  Çox güman ki, bu zaman  Belarus, Qazaxıstan və Qırğızıstan nəzərdə tutulur.

Xatırladaq ki, noyabr ayında Avropa Birlyi ilə Ermənistan arasında “Strateji  Trəfdaşlığa  dair Hərtərəfli Saziş” imzalanacaq.  Artıq saziş layihəsi hazırdır və belə bir vaxtda  Ermənistanda  Qərblə yaxınlaşmağa  yönəlik  çağırışlar diqqəti cəlb edir.  “Yelk” Blokunun müxalifəti  təmsil etdiyini nəzərə alsaq,  AİB-dən çıxmaq təklifi  real səslənməyə bilər.  Çünki “Yelk” Bloku yarandığı gündən Ermənistanın  AİB-nə daxil olmasının əleyhinə olub  və Avrointeqrasiya tərədarı kimi çıxış edir.  Ancaq  baş nazir Karapetyanın   AB-nin səfiri ilə görüşdə  Ermənistanın  kursunu  dəyişmək niyyətini xüsusi vurğulaması  rəsmi İrəvanın xarici siyasətində  yeni  elementlərin üzə çıxması kimi qiymətləndirilə bilər. Yəni söhbət  Ermənistanın Rusiyanın siyasi orbitindən çıxaraq Qərbə meylli və nisbətən sürüşkən,  balanslaşdırılmış xarici siyasət kursuna  keçməsindən gedir.  Bu ilin aprel ayında  Ermənistanın palamentar sistemə keçməsi  sözügedən dəyişikliyə nail olmağa imkan verir. Ancaq bu məsələdə  baş nazir Karapetyanla  prezident  Sakisyanın mövqelərinin   fərqləndiyi  müşahidə edilir.  İslahatlar paketinin Avropa Birliyi tərəfindən dəstəklənməsinə çalışan  K.Karapetyandan  fərqli olaraq,  Serj Sarkisyan Qərblə münasibətlərdə ehtiyatlı mövqe nümayiş etdirir.   2018-ci ilin aprel ayında  prezidentlik  müddəti başa çatan S.Sarkisyan baş nazir postuna iddialıdır.  Hakimiyyəti yenidən ələ almaq  üçün  ona Kremlin siyasi dəstəyi lazımdır.  Hətta  Ermənistan Respublika  Partiyası parlamentin payız sessiyasında  Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması barədə təklifi qəbul  etməyəcəyini bildirib.  Hakim partiyanın sözügedən bəyanatı  prezident  Sarkisyanın məsələyə  reaksiyası kimi  başa düşülə bilər.

Lakin  Ermənistan mediasının  yaydığı informasiyalar Sarkisyanın baş nazir vəzifəsini  Karapetyandan almaq  şansının demək olar ki, olmadığndını deməyə əsas verir.  Ona görə də K. Karapetyan özünə  kifayət qədər arxayın görünür.  Baş nazir post-Sarkisyan dövrünə hazırlaşır. Növbəti  mərhələdə ali icra hakimiyyətinin rəhbəri  seçiləcək  Karapetyanın  xarici siyasətdə  daha müstəqil  addımlar atacağı  gözləniləndir.   Çünki o, artıq 2016-cı ilin senyabr ayından fərqli olaraq, Moskvanın sifarişi ilə təyin olunmayıb və seçki yolu ilə müəyyən edilmiş legitim hakimiyyətə malik  hökumət başçısı kimi davarana bilər.  “Qazprom”un  səhmdarlarından olan Karapetyan  Avropa Birliyi ilə yaxınlaşmaqla daha  geniş siyasi manevr imkanları əldə etməyə çalışır.

“İrater” qəzetinin yazdığına görə, 2018-ci ilin aprel ayından sonra  Karen Karapetyan baş nazir olaraq qalmaqda davam edəcək.  “Hökumətin  sükanı”  isə Gürcüstanda  Bdzina İvanişvilinin  etdiyi kimi, yenə  hakim partiyanın sədri  Serj Sarkisyanın əlində qalacaq.

“Past” qəzeti yazır ki,  K.Karapetyan  yenə baş nazir vəzifəsini daşıyacaq və əsasən iqtisadiyyatın idarə edilməsi ilə məşğul olacaq.  Milli Təhlükəsizlik Şurası və güc nazirlikləri-Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirlyi  Serj Sarkisyanın idarəçiliyndə qalacaq.  Müharibə başlayarsa, ali baş komandan  səlahiyyəti  S.Sarkisyana keçəcək.  Polis isə baş  nazirin tabeliyinə veriləcək.  Amma Serj Sarkisyanın bu səlahiyyətləri  hansı statusla əldə edəcəyi  göstərilmir.  Ona görə də bu qeyd edilənlər inandırıcı görünmür. Çünki  Ermənistan konstitusiyasına görə, icra hakimiyyəti, hüquq-mühafizə  və təhlükəsizlik orqanlarına nəzarət baş nazirə və prezidentə məxsusdur. Serj Sarkisyanın prezidentlik müddəti  sona çatır.  Əgər o,  baş nazir seçilməsə,  hakim partiyanın sədri olmaq Sarkisyana  Milli Təhlükəsilik Şurasına və güc strukturlarına nəzarət etmək səlahiyyəti vermir.  

Moskvanın  Cənubi Qafqazda  əsas dayağı sayılan  Sarkisyan rejiminin siyasi ömrünün bitdiyini görən  Qərb isə hakimiyyətin yeni varisi Karen Karapetyanla anlaşmaya nail olmağa çalışır.  Noyabr ayında imzalanacaq saziş artıq tərəflərin  liberal islahatlarla bağlı razılaşmaya gəldiyini  göstərir.  ABŞ səfirinin məxsusi xahişinə baxmayaraq,  Rusiyanın  maraqlarına toxunmamaq üçün  NATO-nun  təlimlərində iştirakdan imtina edən Serj Sarkisyandan fərqli olaraq, K. Karapetyan Qərblə yaxınlaşmaqda daha  risqli addımlar atmaqdan çəkinmir.  Bu səbəbdən  Svitalskinin açıqlaması  AB-nin Karapetyanla işləmək üçün ona dəstək verməyə hazır olduğunu təsdiq edir.  Karapetyan isə görünür, bölgədə Qərblə-Rusiya arasında  artan geosiyasi  proseslərə daha  praqmatik  yanaşır  və Ermənistan sərhədlərinə çatmış  AB-nin  dəstəyinə ehtiyac  duyur.  Bu, baş nazirə yalnız hakimiyyəti əlində saxlamaq məqsədilə  deyil, həm də sanksiyalar  altında  əzilən  Rusiyanın iqtisadi  asılığından xilas olmaq  üçün  də lazımdır.

Təbii ki, Qərbin Ermənistanda artan siyasi və iqtisadi fəallığı paralel olaraq, Avrasiya İqtisadi Birlyindən çıxmaq barədə çağırışların meydana çıxmasınə səbəb olur.

Müşfiq Abdulla   

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений