Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistan azərbaycanlı məcburi köçkünlərə pul ödəyəcək – Avropa Məhkəməsi qərar verdi



Laçın rayonundan olan məcburi köçkünlər – Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub.

Avropa Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən Ermənistan hökuməti 3 ay ərzində şikayətçi olan məcburi köçkünlərin hər birinə maddi və mənəvi ziyana görə 5 min avro təzminat ödəməlidir. 

Bundan başqa, Ermənistan şikayət üzrə vəkil xərcləri kimi 28 min 642 funt sterlinq ödəməlidir.

Məhkəmənin Böyük Palatasının qərarına görə, əgər Ermənistan dövləti 3 ay müddətində məcburi köçkünlərin və onların vəkillərinin təzminatını ödəməsə həmin məbləğin üzərinə əlavə faizlər (il ərzində 3 faiz) gələcək. 

Qeyd edək ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər – Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.

Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı təsdiq etdiyi və Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduğu gündən, yəni göstərilən ərizə ilə bağlı icraat başlananadək həmin məhkəmədə məcburi köçkünlərin və qaçqınların hüquqlarının müdafiəsi məqsədilə Azərbaycan hökuməti zəruri tədbirlər görməyə başlayıb. Ermənistanın işğalçı siyasətini, Dağlıq Qarabağda cinayətkar rejiminə hərbi, iqtisadi, siyasi, inzibati və digər dəstəyi barədə kifayət qədər sübutlar toplanıb.

2015-ci ilin iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

Lakin maddi təzminatla bağlı hissə sonraya saxlanılmışdı. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений